11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elçin Babayev: “Avropa, Rusiya, ərəb bazarı üçün hazır məhsul təchizatçısına çevrilə bilərik”

“Ən böyük arzumuz istehsal etdiyimiz məhsulları “Corabçı” və digər adlar altında markalaşdırmaq və həmin markaları beynəlxalq bazara çıxarmaq, məhsullarımızın 80 faizini xaricə ixrac etməkdir. “Corabçı” deyilən zaman söhbətin nədən getdiyi bilinməlidir. Hazırda markanın tanıdılması üzərində işləyirik”.

Bunu “vergilər.az”a Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Bakı Tekstil Fabriki” MMC-nin baş icraçı direktoru Elçin Babayev deyib.

O, bildirib ki, tanıtma prosesi bitdikdən və məhsullara tələbat artıqdan sonra xarici bazarlarda ya öz mağazalarını açmaq, ya da distribütor xətlərinin inkişafını təmin etmək barədə düşünürlər.

“Məktəbli geyimlərinin hazırlanması zamanı valideynlərin büdcəsini nəzərə alırıq”

Müxtəlif uniformalar, o cümlədən məktəbli formaları, corab, alt geyimləri və s. istehsal edən fabrikin baş icraçı direktorunun sözlərinə görə, hazırda, əsasən, Nazirlər Kabinetinin təsdiqlədiyi məktəbli geyimlərinin tikilməsi ilə məşğuldurlar. Bir məktəbli köynəyinin qiyməti təxminən 15 manat, yubka və şalvarın qiyməti 25 manat, jaketin qiyməti 25 manat olacaq: “Geyimlərin satışı üçün ciddi hazırlıq işləri aparılır. Sahibkarlar, yəqin ki, keçən ildən nəticə çıxaracaqlar, hazırlıqlarını bu il tezləşdirəcəklər. Ümid edirik ki, bu il məktəbli geyimlərinin satışı ilə bağlı hər hansı problem olmayacaq”.

E.Babayev qeyd edib ki, məktəbli geyimlərinin tikilməsi üçün həm yerli, həm də Türkiyə xammalından istifadə edilir. Geyimlər pambıq parçadan hazırlanır: “Məktəbli geyimlərinin hazırlanması zamanı valideynlərin büdcəsini, övladlarımızın sağlamlığını nəzərə alırıq. Geyimlər tam orqanikdir”.

Baş icraçı direktor hazırda məktəbli geyimləri ilə yanaşı, digər məhsullar da istehsal etdiklərini söyləyib: “Ölkəmizdə sifarişçilərin sayı çox olmadığından istehsalı bir və ya iki müştəri ilə qura bilmərik. Portfelimizi kifayət qədər böyük tutmalıyıq, bu səbəbdən də istehsal etdiyimiz məhsulların çeşidi müxtəlif olur”.

“Maska istehsalı, demək olar ki, dayandırılıb”

Bakı Tekstil Fabrikinin bütün sahələr üzrə sifarişlərinin olduğunu açıqlayan E.Məmmədov dövlət sifarişlərinin, korporativ müştərilərinin sayının kifayət qədər çox olduğunu bildirib. İllik istehsal həcmləri isə sifarişlərin sayından və onların əhatə etdiyi sahələrdən asılı olaraq dəyişir: “Biz böyük həcmdə tibbi maska istehsal edirdik. Maskaya tələbat olduğu zaman fabrik sosial tələbin ödənilməsi üçün səfərbər oldu. Bu işdə İqtisadiyyat Nazirliyi bizə çox dəstək oldu. Normal halda ay ərzində 9 milyon ədəd maska istehsal etmək gücümüz olsa da, indi bu sahədə istehsal, demək olar ki, dayandırılıb. Artıq maskaya tələb azalıb. Biz çox istəyərdik ki, satıcılar yerli məhsulun istehlakına yardım etsinlər”.

E.Babayev əlavə edib ki, istehsal etdikləri məhsullar Çin, Türkiyə məhsulları ilə rəqabətə girə biləcək keyfiyyətdədir.

“İpliyə yararlı 200 min ton xammalın hamısı hazır geyim istehsalına yönəldilsə…”

Bir ilə yaxındır ki, hazır geyimlərin ixracı ilə də məşğul olduqlarını deyən E.Babayev əsas ixrac istiqamətlərinin Türkiyə olduğunu açıqlayıb. Onun sözlərinə görə, hazırda Səudiyyə Ərəbistanına da uşaq geyimləri ixrac edirlər. Ötən il isə “U.S. Polo” markasının məhsullarını “Made in Azerbaijan” brendi altında istehsal edərək onları İspaniyaya ixrac ediblər: “Məhsul istehsalı üçün xammalla təminat məsələsi şirkətlərlə qarşılıqlı razılaşma əsasında həll edilir. Razılaşmaların əksəriyyəti xammalın istehsalçı tərəfindən təchiz edilməsi yönündə olur. Ona görə də istehsal zamanı xammalla təchizatı özümüz edirik”.

E.Babayev qeyd edib ki, tekstil sənayesi doğru formalaşdırılsa və xammaldan düzgün istifadə edilsə, Avropa, Rusiya, ərəb bazarı üçün yalnız xammal deyil, həm də ciddi hazır məhsul təchizatçısına çevrilə bilərlər: “Hazırda Azərbaycan xammalı ixrac edir. İpliyə yararlı olan 200 min ton xammalın hamısı hazır geyim istehsalına yönəldilsə və hazır geyim ixrac edilsə, bunun sənaye dəyəri 2-3 milyard dollara çata bilər. Bu isə çoxlu iş yeri, dövlət büdcəsinə böyük həcmdə vergi ödənilməsi deməkdir. Düşünürük ki, bunu etmək mümkündür”.

“Azərbaycan pambığını dünyaya daha yüksək dəyərlərlə ixrac edə bilərik”

Artıq yalnız daxili bazarda deyil, xarici bazarda da müştəri tapdıqlarını deyən E.Məmmədov onların kifayət qədər imici olan müştərilər olduğunu söyləyib. Keyfiyyətə kifayət qədər önəm verən dünya markaları ilə əməkdaşlıq etmək istədiklərini açıqlayan müəssisə rəhbəri hesab edir ki, hazırda tanınmış brendlərin məhsullarının ixracı üçün təcrübələri azdır. Bunun üçün çox işləmək lazımdır. Azərbaycanın gələcəkdə bu brendlərin istehsalçısına çevrilə bilməsi üçün kifayət qədər potensiallarının olduğunu düşünən şirkət rəsmisinin fikrincə, Türkiyə, Çin, Hindistan kimi ölkələrin “know-how” bilgilərini Azərbaycana çox rahatlıqla uyğunlaşdıra və bu bilgilərdən istifadə edərək Azərbaycan pambığını dünyaya daha yüksək qiymətlərlə ixrac edə bilərlər: “Dünyanın tanınmış markalarının geyimləri Çində, Banqladeşdə və s. ölkələrdə istehsal edilir. Düşünürük ki, Azərbaycanın tekstil şirkəti olaraq, Avropanın təchizat böhranına ciddi töhfə verə bilərik. Çünki qonşu ölkələr, məsələn, Gürcüstan ildə 222 milyon dollar dəyərində hazır geyim ixrac edir. Azərbaycanda isə bu göstərici aşağıdır. Buna görə də, düşünürəm ki, ixrac bazarımızın genişləndirilməsi üçün mövcud imkanlardan istifadə etməyin tam zamanıdır. Qonşuluğumuzda Rusiya kimi böyük bazar var. Avropa, xüsusilə İtaliya Azərbaycanın neft-qaz və qeyri-neft sektoruna aid olan məhsullarının alıcısıdır. Azərbaycanda ildə 200 min tona qədər pambıq yetişdirilir. Biz bu pambığı xammal formasında deyil, hazır məhsul formasında Avropaya rahatlıqla ixrac edə bilərik”.

2020-ci ildən Sumqayıt Sənaye Parkının rezidenti olmağı şirkətin inkişafı üçün ciddi bir yatırım sayan E.Babayev qeyd edib ki, bu kimi təşviqlər onları xarici şirkətlərlə birgə işləməyə sövq edir. Şirkət artıq bir marka olaraq alt geyimləri və corab istehsalı sahəsində bazarda yer tutmağa başlayıb: “Öz markalarımızın inkişafı ilə məşğuluq. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycan bazarında bir marka kimi tanınacağıq. Ondan sonra bu markanı xarici bazarlarda, xüsusilə ən yaxın bazarımız olan Rusiya bazarında populyarlaşdıracağıq. İkinci hədəfimiz isə ərəb bazarıdır. Artıq istehsal etdiyimiz bütün məhsullarla Rusiya bazarına daxil olmuşuq.

Son 3 ildə istehsala təxminən 5 milyon manat investisiya yatırılıb. Şirkət yeni yatırımlara, yeni iş yerlərinin açılmasına hər zaman açıqdır. Artıq 250 iş yeri yaradılıb. Hazırda satış hədəflərimizin maksimuma çatdırılması üzərində işləyir, marka dəyərimizin artırılması üçün marketinq strategiyamıza yeniliklər edirik”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?