15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan startapçısının yaratdığı ağıllı sistem xarici ölkələrdə tətbiq edilir

Hazırda startaplar iqtisadiyyatda innovasiyanın inkişafını sürətləndirən layihələrin ən uğurlu nümunəsi sayıldığından Azərbaycan öz iqtisadiyyatını həm də bu istiqamətdə qurmağa, başqa sözlə, “startap iqtisadiyyatı” yaratmağa çalışır.

Startap sənayesinin inkişafı üçün ən vacib amillərdən biri dövlət tərəfindən innovativ sahibkarlığın inkişafı üçün güclü dəstək mexanizminin qurulmasıdır.

Azərbaycanda indiyədək 86 “startap şəhadətnaməsi” verilib

Bu gün Azərbaycan mikro və kiçik sahibkarlığın inkişafına yönəlmiş startap sənayesinin güclü dəstəkləyicisi rolunda çıxış edir. Bu dəstək sayəsində “startap şəhadətnaməsi” alan sahibkarlıq subyektləri Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. Dövlətin startap sənayesini dəstəkləməsi “startap şəhadətnaməsi” alanların sayının getdikcə artmasına təsir göstərir. İlk şəhadətnamələrin verildiyi tarixdən – 2021-ci ilin mayın ayından indiyədək 86 “startap şəhadətnaməsi” verilib.

Startaplar üçün “Bakı KOB evi”ndə Startap İnkişaf Mərkəzi fəaliyyət göstərir, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən innovativ biznesə dair müxtəlif təlimlər keçilir, startaplar üçün qrant müsabiqələri təşkil olunur. Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirmək məqsədi daşıyan qrant müsabiqələrini KOBİA keçirir.

KOB subyektlərinə aid istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müsabiqədə iştirak etmək hüququna malikdir. Hər bir layihə üzrə maliyyələşdirmə məbləğinin dəyəri 20 min manatadək müəyyən edilib və nağdsız qaydada ödənilir.

Agentlik tərəfindən verilən şəhadətnamələr və qrantlar rəqəmsal iqtisadiyyatın əsas komponentləri olan elektron ticarət, elektron idarəetmə, elektron ödəniş, nəqliyyat-loqistika, elektron kənd təsərrüfatı, biznes üçün rəqəmsal həllər və s. sahələri əhatə edir.

Ağıllı sistemdən istifadə edən şirkətlər loqistik xərclərinə 50%-ə qədər qənaət edirlər

“Wasco Lab” MMC və “WTEAM Inc” in təsisçisi və direktoru Tural Zəkəryazadə Azərbaycanda iki fərqli startap layihəsi əsasında biznes fəaliyyəti qurub. Onun startap layihələrindən biri tullantıların ağıllı yolla idarə olunması sisteminin qurulması üzrədir. “Wasco Lab” MMC işğaldan azad olunmuş ərazilərdə "Ağıllı Şəhər konsepsiyası" - İoT cihazlar vasitəsilə tullantıların ağıllı yolla toplanması, emalı və idarə olunması sisteminin hazırlanması imkanlarının araşdırılması üçün KOBİA-dan keçən il 19.345 manat qrant alıb.

“Wasco Lab”ın ağıllı sistemindən istifadə edən şirkətlər loqistik xərclərinə 50%-ə qədər qənaət edə, eyni zamanda zibil maşınlarından emissiya olunan CO2 miqdarını 45%-ə qədər azalda bilirlər. Tullantıların idarə olunması ilə bağlı Azərbaycan şirkətinin yaratdığı bu ağıllı sistem artıq bəzi xarici ölkələrdə tətbiq edilir.

T.Zəkəryazadə 2017-ci ildən müxtəlif yerli və qlobal startap layihələrinin müəllifi kimi fəaliyyət göstərir. 2019-cu ildə ixtira etdiyi cihaz vasitəsilə dünyanın ən yaxşı cihaz təminatı üzrə startap akselerasiya proqramı olan “Brinc” proqramına qəbul olunub. Bəhreyn Krallığında 6 həftəlik proqram müddətində “Made in Azerbaijan” brendi altında hazırladığı cihazın Azərbaycanda, eləcə də Yaxın və Orta Şərq bazarında tətbiqinə başlanıb.

T.Zəkəryazadə bildirir ki, hazırladıqları texnologiya bələdiyyələrə, tullantı yığımı ilə məşğul olan şirkətlərə tullantı yığımını və idarəetməni daha optimal şəkildə həyata keçirməyə imkan verir. Proqramlaşdırılmış xüsusi cihazlar tullantı qablarına yerləşdirilir. Bu cihazlarla tullantı qablarının nə zaman və hansı həcmdə dolduğu, içərisində hansı növ tullantıların olduğu, konteynerin daxilində temperaturun səviyyəsi, konteynerin yerləşdiyi ərazi və s. kimi məlumatlar toplanılır. Məlumatlar idarəetmə panelinə göndərildikdən sonra bələdiyyələr, tullantı toplayan şirkətlər tullantının harada daha çox, harada daha az olduğunu bilir və bundan asılı olaraq, maşınları konteynerlərin dolu olduğu əraziyə göndərə bilirlər: “Normal halda şəhər ətrafında 500 konteyner varsa, bələdiyyələr və ya icra hakimiyyətləri məcburdur ki, 500 konteynerin hamısına baş çəksin. Bizim texnologiya isə yalnız dolu olan konteynerin ərazisinə getməyi təklif edir. Bu halda yanacaq sərfiyyatına xeyli qənaət edilir”.

T.Zəkəryazadə əlavə edib ki, ağıllı sistem tullantıların çeşidlənməsi barədə də məlumat verməyə imkan yaradır. Sistem hansı ərazidə hansı növ tullantıların istehsal edildiyini və onların nə qədər təkrar emal edildiyini izləyə bilir. Amma bu məlumatların toplanılması üçün lazımı infrastrukturun olması lazımdır.

Startapçı konteynerlərə yerləşdirlən kameraların Azərbaycanda istehsal edildiyini vurğulayıb: “Sensorlar sifarişlə Çindən gətirilir, qalan bütün proseslər - cihazının korpusunun hazırlanması və proqram təminatı Azərbaycanda həyata keçirilir”.

Layihəyə 150.000 ABŞ dolları dəyərində xarici investisiya qoyulub

Layihə müəllifi deyib ki, hazırladıqları ağıllı sistem Azərbaycanda yalnız Milli Aviasiya Akademiyasının kampus ərazisində, eləcə də xaricdə - Bəhreyn, Nigeriya və Livanda tətbiq edilir. Layihə 2 milyon ABŞ dolları dəyərləndirmə ilə 150.000 ABŞ dolları dəyərində xarici investisiya cəlb edib. Şirkət hazırda bu layihənin Avropada da tətbiqinə çalışır: “ABŞ-da, Türkiyədə, Avropada çalışan şirkətlər də tullantıların ağıllı sistem vasitəsilə optimal idarə olunmasını həyata keçirirlər. Biz fərqli texnologiya hazırlamışıq. İstifadə etdiyimiz texnologiya, metodlar, proqram təminatına verdiyimiz data tamamilə fərqlidir. Rəqib şirkətlər tullantı qablarına kamera yerləşdirirlər, tullantı qablarının doluluğunu kamera vasitəsilə ölçə bilirlər. Biz daha uzunmüddətli, rahat ölçü aparmağa imkan verən sensorlardan istifadə edirik və platformada daha çox məlumatlar ötürə bilirik”.

T.Zəkəryazadənin digər startap layihəsi “WTEAM Inc” şirkəti tərəfindən məsafədən işləyən şirkətlərin daha rahat kommunikasiya yaratmasına imkan verən platformanın yaradılması ilə bağlıdır. “Zoom”a oxşayan bu platforma video və audiogörüşləri onlayn rejimdə keçirməyə imkan verir. Bu platformadan hazırda 20 ölkədə 1.000-dən çox şirkət istifadə edir.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?