17 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zeytun yağı: istehsal və ixrac perspektivləri MƏQALƏ

Zeytun yağı süfrələrimizi bəzəyən təamların hazırlanmasında əvəzolunmaz qida vasitəsidir. Əsasən müalicəvi xüsusiyyətlərinə görə həkimlər və dietoloqlar bu bitkidən hazırlanan yağdan rasionumuzda daha geniş istifadə etməyi tövsiyə edirlər. Zeytun yağını unikal edən məqam onun digər yağlar kimi toxumdan deyil, meyvənin özünün sıxılması ilə əldə edilməsidir.

Ölkəmizin iqlimi, xüsusən Abşeron yarımadasında ilboyu müşahidə olunan münbit hava şəraiti zeytundan kifayət qədər məhsul əldə etməyə imkan verir. Digər bir yandan, Abşeron yarımadasında zeytunun yetişdirilməsi və xammalından yağ istehsalı gələcəkdə coğrafi mövqeyindən dolayı yeni investisiyaları da əlçatan edir. Bəs Azərbaycanın zeytun istehsalı və ixracı rəqəmlərdə necə əks olunur? Bu məhsulun ixracının artırılması üçün hansı addımlar atılmalıdır?

Zeytun bağlarının böyük əksəriyyəti Abşeron yarımadasında yerləşir

2023-cü ilin statistik göstəricilərinə əsaslansaq, Azərbaycandakı zeytun bağlarının ümumi sahəsi 7 min 17 hektar olub ki, bu da 2022-ci illə müqayisədə 4,5 faiz, 2019-cu illə müqayisədə isə 20,7 faiz artım deməkdir. Eyni zamanda, mövcud zeytun bağlarının 6300 hektarı, yəni 90 faizi bar verən yaşdadır. Yenə də 2023-cü ilin statistikasına üz tutsaq, zeytun bağlarının böyük əksəriyyətinin Abşeron rayonunda olduğunu görəcəyik – 50,4 faiz. Bakı şəhərində bu nisbət 29,9, Xızı rayonunda isə 10,3 faizdir. Zeytun bağlarının 3,6 faizi Şəki, 3,1 faizi isə Salyan rayonunda yerləşir.

Zeytun istehsalı artıb

2023-cü ildə Azərbaycanda zeytun istehsalı əvvəlki il ilə müqayisədə 1,8 dəfə artıb və 5,7 min tona yüksəlib. 2019-cu ilə nisbətən isə artımın daha çox, yəni 5 dəfəyə yaxın olduğunu görürük. İstehsalın 49,2 faizi Bakı şəhərinin, 39,1 faizi Abşeron rayonunun, qalan hissə isə Xızı, Salyan və Siyəzən rayonları daxil olmaqla digər bölgələrin payına düşüb. Başqa sözlə, 2023-cü ildə zeytunun məhsuldarlığı hektar başına 9 sentner təşkil edib.

Azərbaycan nə qədər zeytun yağı idxal edib?

Dövlət Gömrük Komitəsinin açıqladığı 2024-cü ilin 3 rübünün nəticələrinə görə, Azərbaycana 277 min kiloqramdan çox zeytundan hasil olunmuş yağlar və onların fraksiyaları idxal edilib. Nəticələri təhlil edəndə görünən mənzərə odur ki, daimi olaraq hər üç rübdə Almaniya, İspaniya, İtaliya əsas alış bazarı olaraq qalıb.İkinci rübdə Lüksemburqdan, üçüncü rübdə isə Yunanıstandan müəyyən qədər məhsul idxal edilib.

Zeytun ixracında 55-ci yerdəyik

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən, 2022-ci ildə dünya üzrə 21,4 milyon ton zeytun istehsal olunub. İxracda əsasən 10 ölkə diqqət çəkir. Siyahıya İspaniya başçılıq edir, sonrakı yerləri, müvafiq olaraq, İtaliya, Portuqaliya, Yunanıstan, Tunis, Türkiyə, Suriya, Argentina, Çili və Fransa bölüşür. 2022-ci ildə Azərbaycan zeytun ixracına görə dünya ölkələri arasında 55-ci yerdə qərarlaşıb.

Azərbaycanın zeytun yağı hansı ölkələrə satılır?

Zeytundan hazırlanan yağın ixracına gəldikdə, məlumatları təhlil etmək üçün təkrarən Dövlət Gömrük Komitəsinin açıqladığı 2024-cü ilin üç rübünün göstəricilərinə nəzər yetirək. Həmin müddətdə Azərbaycandan 904 min kiloqramdan çox zeytun yağı və onun fraksiyaları ixrac edilib. Sevindirici məqam odur ki, bu sahədə ixrac idxalı üstələyib. Belarus, Rusiya, Qazaxıstan, Özbəkistan bazarı bu məhsulun daimi alıcıları olsa da, ikinci rübdə Malayziya, üçüncü rübdə isə Avropa İttifaqı ölkəsi Latviya ixrac bazarlarımız sırasına daxil olub. Azərbaycan zeytunu, həmçinin, ABŞ, BƏƏ, Gürcüstan, İraq, İsrail, Türkiyə bazarında da özünə alıcı tapır. İlin 3-cü rübündə bu ölkələrə daha çox miqdarda məhsul satılıb.

Ölkədə zeytun yağı istehsalını genişləndirmək üçün atılmalı addımlar

“Innoveta” MMC konsaltinq şirkətinin hesablamasına əsasən, Abşeron yarımadasında illik istehsal gücü 4 min ton olan zeytun yağı istehsal müəssisəsi yaratmaqla ilkin olaraq bir ildə satışdan 7 milyon manat gəlir əldə etmək olar. Uzunmüddətli perspektivdə isə gəlirləri 17,5 milyon manata çatdırmaq mümkündür. Şirkətin hesablamalarında ödəniləcək vergilərdə də nəzərəçarpacaq artım proqnozlaşdırılır. Zeytun yağı istehsalı müəssisəsinin qurulması ilə birinci il dövlətə 190 min 782 manat mənfəət vergisi ödəniləcəyi halda, 5 il sonra bu rəqəm ciddi şəkildə artımla 507 min 667 manata yüksələ bilər. Xalis mənfəət marjası isə birinci ildəki 24,5 faizlik göstəricidən 25,9 faizə qalxacaq. Abşeron yarımadasının iqlimi və torpağın məhsuldarlığını nəzərə alan konsaltinq şirkəti birinci il istehsal gücünü 1000 ton hesablayır və 5-ci ilin tamamında bu göstəricinin 2.074 tona yüksələcəyi proqnozlaşdırılır. Əgər 5 fazilik inflyasiyanı da hesaba almış olsaq, satış qiyməti birinci il 7 manat olan məhsul beşinci il 8,51-ə manata yüksələcək.

İnvestisiya təşviqi sənədi istehsalı sürətləndirə bilər

Məlumdur ki, investisiya təşviqi sənədini əldə edən hüquqi şəxslər və fərdi sahibkarlar mənfəət və gəlir vergisini 7 il müddətinə 50 faiz güzəştlə ödəyirlər, üstəlik, müvafiq əmlaka görə əmlak vergisindən, torpağa görə isə torpaq vergisindən 7 il müddətinə azaddırlar. Bununla yanaşı, ölkədə texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından da 7 il müddətinə azadolma tətbiq olunur. Bu sənədin alınması ilə zeytun yağı istehsal edən müəssisə müəyyən qədər vergi və gömrük rüsumlarından qənaət etməklə satışını böyüdə və xaricə daha çox məhsul çıxara bilər.

Yekun olaraq, Abşeron yarımadasında zeytun yağı istehsal edən belə bir müəssisə qurmaqla qısa müddətdə uğur qazanmaq mümkündür. Başqa sözlə, həm yerli, həm də dünya bazarlarında yüksək tələbatın olduğu zeytun yağı istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri yüksək mənfəət əldə etmək imkanı əldə edə bilərlər...

Faiq KƏRİMOĞLU

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?