“Vergi Məcəlləsi - 2025” çap olunub
“MKS Academy” ənənəvi nəşrlərini davam etdirir. Bu dəfə Vergi Məcəlləsi də daxil olmaqla vergi qanunvericiliyini formalaşdıran normativ hüquqi aktlara il ərzində edilmiş dəyişiklik və əlavələr nəzərə alınmaqla hazırlanmış kitab oxuculara təqdim edilib.
“Vergi Məcəlləsi - 2025” adlanan yeni nəşrdə ötən ilin sonunda Vergi Məcəlləsinə, eyni zamanda Məcəllə ilə əlaqəli qanun və qaydalara edilən dəyişikliklər və onların şərhi yer alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 16 dekabr 2024-cü il tarixli, 98-VIIQD saylı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamaqla 1 yanvar 2025-ci il tarixdən Vergi Məcəlləsinə olunan əlavə və dəyişiklikləri təsdiq edib. Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununa, Nazirlər Kabinetinin qərarlarına - “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması qaydası və şərtləri”nə, “Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi qaydaları”na və “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və qaydası”namühüm dəyişikliklər edilib.
Adları qeyd olunan normativ hüquqi aktlarda ötən ilin sonunda edilən dəyişikliklər kitabda əvvəlki redaksiyalarla müqayisəli şəkildə və misalların köməyi ilə ayrı-ayrılıqda izah edilib, dəyişiklik və əlavələrin mahiyyəti və məqsədi ətraflı izah olunub, bu yeniliklərin vergi ödəyicilərinə gələcək təsirlərinin qiymətləndirilməsinə çalışılıb. 1 yanvar 2025-ci il tarixinə olan dəyişiklik və əlavələr nəzərə alınmaqla Vergi Məcəlləsinin tam mətni kitabda yerləşdirilib, həmçinin, Məcəllədə istifadə olunan müvafiq icra hakimiyyətlərinin açılışı verilib.
“MKS Academy” ənənəsinə sadiq qalaraq kitabı alanlara MKS portalından 1 ay ödənişsiz istifadə hədiyyə edəcək. MKS portalından istifadə etməklə vergi qanunvericiliyinə aid testləri həll etmək, qanunvericilik sənədləri və praktiki sənəd nümunələri ilə tanış olmaqla yanaşı, ən çox verilən suallarla tanış olmaq mümkündür.
Kitab vergi orqanlarında çalışanlar, mühasiblər, sahibkarlar, ali və orta ixtisas məktəblərinin maliyyə, vergi, uçot və statistika ixtisaslarında təhsil alanlar, Vergi Məcəlləsini müstəqil şəklidə öyrənənlər üçün faydalı vəsaitdir.
Kitabla bağlı rəy, təklif və iradlarınızı (050) 368 12 72 nömrəli telefonla və [email protected] e-mail ünvanı vasitəsilə bildirə bilərsiniz.