5 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gənc startapçının yaratdığı onlayn platforma xarici bazara daxil olacaq

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da startap layihələrinin icrası üçün müxtəlif dəstək mexanizmləri tətbiq edilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) timsalında dövlət tərəfindən göstərilən dəstək startap layihələrinin innovativ iqtisadiyyatın qurulmasındakı rolunun artmasına, layihə təşəbbüskarlarının daha tez uğur qazanmasına imkan yaradır.

KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilir. Agentlik yerli startap layihələrinə dəstək məqsədilə qrantlar ayırır, onların qlobal bazarlara çıxması, layihələrinin yerli və xarici investorlara təqdim olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Təhsil sistemində innovativ layihənin icrasına – Azərbaycanda ilk dəfə videoformatlı onlayn yerli təhsil platforması yaratdığına görə “Startap” şəhadətnaməsi alan gənclərdən biri də “Safavy” MMC-nin həmtəsisçisi və icraçı direktoru Könül Quliyevadır.

K.Quliyevanın sözlərinə görə, safavy.org platforması yaradılan dövrdə Azərbaycanda onlayn təhsil platforması, demək olar ki, olmayıb: “Bu platformanı yaratmaq ideyasını pandemiya dövründə fikirləşdik, istədik ki, ölkəmizdə geniş resurslara malik əlçatan bir platforma olsun. Keçirdiyimiz sorğunun nəticələrinə görə, özünü, karyerasını inkişaf etdirmək istəyən gənclər internetdə Azərbaycan dilində resurslar tapa bilmirlər, bəzi resurslardan istifadənin qiymətləri həddindən artıq baha olduğundan maliyyə cəhətdən onlara sərf etmir. Bu platformanı qurduqdan sonra daha çox bazarın tələbatına uyğun təlimlərin keçirilməsinə fokuslanmağa başladıq. Öz sahəsində peşəkar olan təlimçiləri, müəllimləri platformamıza dəvət etdik. Bu zaman müşahidə etdik ki, nəinki gənclərin, müəllimlərin də dəstəyə ehtiyacı var. Onlar öz dərslərini yerləşdirmək üçün çəkiliş, dərsin hazırlanması kimi texniki yardımlara ehtiyac duyurlar. Biz hər iki istiqamətdən olan ehtiyacları qarşılayaraq fəaliyyətimizi genişləndirdik”.

Startapçı deyib ki, safavy.org platforması qlobal platformalardan fərqli olaraq, yerli bazar ehtiyaclarına uyğun kontent hazırlayır. Qlobal platformalarda olan kontentlər inkişaf etmiş ölkələr üçün müəyyən edilmiş beynəlxalq standartlara uyğun hazırlanır: “Amma hər bir ölkənin öz qaydaları, prosedurları var. Biz informasiya texnologiyaları sahəsində aktual olan dərslikləri, vəsaitləri yerli mütəxəssislərin dilindən təcrübəyə əsaslanmaqla təqdim edirik. Bu kursları dinləyən gənc istənilən sahədə özü üçün bir yol xəritəsi qura bilir”.

Platformanı genişləndirmək niyyətində olduqlarını deyən K.Quliyeva əlavə edib ki, hələlik yerli bazardakı mövcud sistemi təkmilləşdirmək istəyirlər. Amma növbəti hədəf Özbəkistan, Qazaxıstan və Türkiyənin B2B (Business to business) bazarıdır: “Sadaladığım ölkələrin öz dilində yerli bazarın ehtiyaclarına uyğun kontentlər yaratmaq istəyirik. Bazar araşdırmamıza görə, əlçatan materiallar daha çox rus və ingilis dillərindədir. Özbəkistan, Qazaxıstan kimi ölkələrdə bu sahə üzrə peşəkarların sayı azdır, insanlar öz dillərində olan onlayn kurslar, materiallar istəyirlər. Bizdə isə hazır model, platforma var. Bunu nəzərə alaraq, onlar üçün belə bir platforma yaratmaq istəyirik”.

Gənc sahibkarın sözlərinə görə, yaxın iki il ərzində qeyd edilən hədəf bazarlarda iş qurmaq istəyirlər: “safavy.org platforması artıq 2 ildir ki, bazara öz məhsullarını təqdim edir, ancaq biz bunu çox məhdud resurslarla etmişik. Artıq platformamız satışlardan müəyyən vəsait əldə etməyə başlayıb və gəlirlərimizi yenidən investisiyaya yönəldirik. Əgər kifayət qədər investisiya yatıra bilsək, həmin bazarlara təkmilləşdirmiş platformamızı daha qısa zaman ərzində təqdim edə biləcəyik. Yeni dəyərləndirməyə görə, layihəmizin reallaşması üçün 170 min dollar investisiya lazımdır. Qeyd edim ki, layihə ilə maraqlanan investorlar da var”.

İlhamə İSABALAYEVA

VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır? VergiXarici ölkədə gəlir əldə edən şəxs VÖEN almalıdırmı? VergiXaricdə əldə edilən gəlirlərin vergiyə cəlb olunması VergiYerli investisiyalı MMC-nin dövlət qeydiyyatı necə aparılır? VergiMənzil alarkən ƏDV-nin bir hissəsi hansı qaydada geri qaytarılır? VergiGəlir vergisi ödəyicisi olan fiziki şəxs mükəlləfiyyətini dəyişə bilərmi? VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək