15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan startapçısının layihəsi xarici bazarda böyük maraq doğurub

  • Layihə, əsasən, 6-14 yaşlı uşaqların təhsili sahəsinə yönəlib;

  • Xarici bazarda, xüsusilə Çində bu layihəyə böyük maraq göstərilir;

  • Virtual dünyada nələrinsə inkişaf etdirilməsi oyun proqramlaşdırması ilə bağlıdır.

İntellektual fəaliyyətə əsaslanan innovasiya və kreativ düşüncə milli iqtisadiyyatın dayanıqlı inkişafında mühüm rola malikdir. Bu baxımdan, müasir Azərbaycan iqtisadiyyatının inkişafında startap layihələrinin hazırlanması və icrası böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə startap layihələrinin icrasına dövlət dəstəyi, əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət etməklə startap şəhadətnaməsi ala bilərlər. KOB subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunub.

Yaratdığı onlayn təhsil platformasına görə bu günlərdə startap şəhadətnaməsi alan gənc sahibkarlardan biri də "Metatesk" MMC-nin rəhbəri, innovasiya və sahibkarlıq üzrə Prezident mükafatçısı Günay İmanzadədir.

“Şəhadətnamənin verdiyi imtiyazlardan biri də gəlir vergisindən azadolmadır ki, bu da ilkin mərhələdə bizim üçün böyük dəstəkdir”, - deyən gənc sahibkar bildirib ki, rəhbəri olduğu layihə virtual dünyada təhsilin təşkili üzrədir. Layihə, əsasən, 6-14 yaşlı uşaqların təhsili sahəsinə yönəlib: “Məsələn, uşaqlar kosmos sahəsinə maraq göstərirlərsə, bunu artıq kitabdan deyil, 3D formatında olan virtual dünyadan öyrənə biləcək, müəllim və sinif yoldaşları ilə birlikdə “raketdə səyahət edərək əyani şəkildə” tanış olacaqlar”.

Layihənin bu istiqamət üzrə təşkil olunmasının səbəbini açıqlayan G.İmanzadə deyib ki, pandemiya dövründə şagirdlər, yeniyetmə və gənclər onlayn şəkildə təhsil almağa məcbur oldular. Onlar sanki “YouTube” üzərindən hansısa videoya baxıb dərs öyrənirdilər ki, bu da çox maraqsız idi: “O dövrdə “Metaverse” texnologiyası sürətlə geniş yayılmağa başlayırdı və düşündüm ki, uşaqların oyunlara olan marağından istifadə edərək təhsil məzmunları yaradım. Beləliklə, ilk dərsi yaratdım, çox maraqla qarşılandığı üçün komanda böyüdü və mövzularımızın sayı artmağa başladı”.

G.İmanzadə bildirib ki, hazırda daha çox xarici bazar üçün çalışsalar da, layihə iştirakçıları arasında yerli şagirdlər də var. Onlar şirkətin ofisinə gələrək, burada virtual eynəklərlə müxtəlif STEAM mövzuları üzrə elmi dərslərə baxa bilirlər: “Uşaqlar virtual olaraq, kosmos, təbiətdə suyun dövranı, atmosfer təbəqələri, Yer planeti kimi müxtəlif məzmunlu dərslərə böyük maraq göstərirlər. Hazırda şagirdlərə yalnız bizim yaratdığımız təhsil məzmunları təqdim edilir. Lakin gələcəkdə investisiya cəlb etdikdən sonra çalışacağıq ki, bu platforma istifadəçilər üçün daha əlçatan olsun, tədris müəssisələri, müəllimlər öz istəklərinə uyğun mövzuları yarada bilsinlər”. Müsahibimiz əlavə edib ki, hazırda şagirdlərə 2 ilə hesablanmış 60-a yaxın təhsil məzmunu təqdim edilir. Şagirdlər həftədə bir dəfə olmaqla 1 saat ərzində bu dərslərə qoşula bilirlər. Ödənişli əsaslarla həyata keçirilən dərslər hazırda yalnız ingilis dilində aparılır. Azərbaycanlı şagirdlər bir saat üçün 10-11 ABŞ dolları, xaricdən layihəyə qoşulanlar isə 50 dollar ödəyirlər. Qiymətlər müəyyən edilərkən dərsdənkənar fəaliyyət üçün formalaşmış orta qiymət nəzərə alınıb.

Startapçının sözlərinə görə, xarici bazarda, xüsusilə Çində bu layihəyə böyük maraq göstərilir. İştirakçıların sayı baxımından da xarici ölkələrdən layihəyə qoşulanların sayı çoxdur: “Bu tendensiyanın bir necə səbəbi var. Bunlardan biri insanların yeni texnologiyalara adaptasiya sürətidir. Bizim əsas gəlir mənbəyimiz Çin Xalq Respublikasıdır. Bu ölkədə insanlar texnoloji yeniliklərə daha açıqdırlar və daha asan şəkildə onu qəbul edə bilirlər. Təklif etdiyimiz qiymət də qaneedici olduğundan, çinli müştərilərimizin sayı artır”.

Layihənin inkişafına gəldikdə, startapçı əlavə edib ki, hazırda investisiya axtarışındadırlar: “Hər bir məktəb üçün fərqli təhsil məzmunu hazırlamaq böyük resurs və vaxt tələb edir. Ona görə də investisiya cəlb etməyə çalışırıq ki, insanlar vahid platformadan istifadə etməklə özlərinə uyğun məzmun hazırlaya bilsinlər. Hazırda əldə etdiyimiz gəliri yenidən layihəyə qoyaraq inkişaf etdirməyə çalışırıq. Amma ən böyük çətinliyimiz sürətlə bağlıdır. Virtual dünyada nələrinsə inkişaf etdirilməsi oyun proqramlaşdırması ilə bağlıdır. Bu da proqramlaşdırma sahəsində ən böyük büdcəli istiqamətlərdən biridir, çünki uyğun mütəxəssislərin sayı çox azdır və məzmunun hazırlanması kifayət qədər zaman aparır. Bu baxımdan, investisiya alacağımız təqdirdə, layihəyə yeni bacarıqlı əməkdaşları cəlb etməklə məzmunların yaradılması sürətini artıra və daha sürətlə inkişaf edə biləcəyik”.

Startapçı onu da vurğulayıb ki, gələcəkdə Azərbaycan dilində də təhsil məzmunları yaratmaq niyyətindədirlər. Bunun üçün KOBİA-nın müvafiq qrant layihəsində iştirak edirlər: “KOBİA bizə MMC-nin yaradılmasından başlamış bütün digər hüquqi məsələlərədək yardım etdi. Limitli resurslarla yenicə startap yaratmış və hələ komanda formalaşdırmamış bir sahibkar olaraq ciddi çətinliklərlə üzləşirdim. Bu sahə üzrə təcrübəsiz olduğumdan nədən başlayacağımı və nə edəcəyimi dəqiq bilmirdim. Bu səbəbdən, KOBİA-nın tövsiyəsi ilə müvafiq “KOB Evi”nə yaxınlaşaraq kömək etmələrini xahiş etdim. Onlar ödənişsiz olaraq həm MMC-nin açılmasına, həm startap şəhadətnaməsinin alınması üçün sənədlərin hazırlanmasına yardım etdilər, eləcə də vergi hesabatlarının düzgün tərtib olunmasına kömək göstərdilər. Limitli resurslarla inkişaf etməkdə olan startaplar üçün bu xidmətlərin göstərilməsi, əlbəttə, çox böyük dəstəkdir”.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?