14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmlakın icarəyə verilməsindən gəlir əldə edənlərin vergi öhdəlikləri

Vergi Məcəlləsinin 221.7-ci maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda, həmin Məcəllənin 218.1-ci, 218.2-ci və 218.3-cü maddələri nəzərə alınmaqla, digər fəaliyyətdən əldə etdikləri gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda əmlakın icarəyə verilməsi, royalti və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Bu maddənin tətbiqinin əsas məqsədi sadələşdirilmiş verginin ödəyicisi olan şəxsin əmlakın icarəyə verilməsindən də gəliri olduqda, hansı verginin ödəyicisi olduğunu müəyyənləşdirməkdir. Çünki Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ yoxdur. Bu maddədə isə göstərilir ki, gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparan vergi ödəyiciləri icarə gəlirləri üzrə gəlir (mənfəət) vergisini, digər fəaliyyətdən əldə etdikləri gəlirlərə görə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

Onu da qeyd edək ki, hüquqi şəxsin icarə gəlirləri sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından, ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olsa, müəssisə illik mənfəət vergisi ilə yanaşı, aylıq icarə gəlirlərinə həm də ƏDV hesablayacaq.

Misal:
Tutaq ki, müəssisənin ardıcıl 12 ay ərzində icarə gəlirləri 215.000 manat olub. Bu halda, müəssisənin icarə gəlirləri 200.000 manatdan artıq olduğundan, müəssisə ƏDV qeydiyyatına duracaq və pərakəndə ticarətdən əldə edilən gəlirləri ilə icarə gəlirlərini toplayaraq aylıq ƏDV-yə cəlb etməklə yanaşı, illik mənfəət vergisini də hesablayacaqdır.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdə isə icarə gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından, dövriyyəsindən (200.000 manatdan artıq olsa belə) asılı olmayaraq, onların icarə gəlirlərinə ƏDV tətbiq edilmir. İcarə gəlirlərinə görə yalnız illik gəlir vergisi hesablanır.

Misal:
Sadələşdirilmiş vergi ödəyicisi olan müəssisə Bakı şəhərində həm pərakəndə ticarətlə məşğul olur, həm də mülkiyyətində olan anbarları icarəyə verir. Müəssisə pərakəndə ticarətdən aylıq 10.000 manat, icarədən isə 2.000 manat gəlir əldə edir. Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edənlərin sadələşdirilmiş vergitutma sistemini tətbiq etmək hüququ olmadığı üçün müəssisə pərakəndə ticarətdən dövriyyə üzrə aylıq 200 manat (10.000 x 2%) sadələşdirilmiş vergi hesablayacaq. İcarə gəlirlərinə görə isə illik 4.800 manat (2.000 x 12) x 20%) mənfəət vergisi hesablayacaqdır.

Bu halda, müəssisə pərakəndə ticarətdən əldə olunan gəlirlər üzrə sadələşdirilmiş verginin ödəyicisi, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər üzrə isə mənfəət vergisi ödəyicisi olacaqdır. Müəssisə əmlakın icarəyə verilməsi ilə əlaqədar gəlir və xərclərinin uçotunu ayrı apararaq, bu fəaliyyət üzrə mənfəəti (zərəri) sadələşdirilmiş vergi üzrə mənfəətə (zərərə) aid etməməlidir. Qeyd edək ki, müəssisənin icarə gəlirləri ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olsa idi, müəssisə aylıq icarədən gəlirlərinə həm də ƏDV hesablamalıydı.

Misal:
Müəssisə, pərakəndə ticarətdən aylıq gəliri 15.000 manat və icarədən aylıq gəliri isə 17.000 manat olmaqla, ardıcıl 12 ay ərzində ümumilikdə 204.000 manat gəlir əldə edib. Bu halda icarə gəlirləri 200.000 manatdan artıq olduğundan, müəssisə ƏDV qeydiyyatına duracaq və aylıq pərakəndə ticarətdən olan gəlirləri ilə icarə gəlirlərini toplayaraq 32.000 manata (17.000 + 15.000) ƏDV hesablayacaqdır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?