Rüfət Bayramov: “Yeni sazişin icrası nəticəsində yükdaşımaların həcmində ən azı üçqat artım gözlənilir”
Avqustun 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb. Sənəd Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur.
Sazişə əsasən, yüklərin daşınması zamanı mallar haqqında ilkin məlumatın elektron mübadiləsi təşkil edilməklə gömrük prosedurları sadələşdiriləcək, sərhədkeçmə prosesləri sürətlənəcək. Eyni zamanda, qarşılıqlı razılaşdırılmış müasir gömrük nəzarəti metodları hesabına vaxta qənaət ediləcək ki, bu da yüklərin rahat keçidinə şərait yaradacaq. Nəqliyyat dəhlizinin cəlbediciliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyan saziş iqtisadi operatorlar, eləcə də limanlar üçün loqistika imkanlarının artmasına müsbət təsir göstərəcək, ölkəmizin və regionun tranzit potensialının daha da genişləndirilməsində mühüm rol oynayacaq.
TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov “vergiler.az”a aşıqlamasında yeni razılaşmanın Azərbaycanın logistika imkanlarının artırılmasında çox mühüm rol oynayacağına əminliyini ifadə edib.
R.Bayramovun sözlərinə görə, Avropa və Asiya qitələrində yükdaşımalar üçün mövcud olan ənənəvi zəncir pozulduğundan Avropa-Qafqaz-Asiya dəhlizinə tələbat çoxalıb. Bu dəhlizdən keçən həm avtomobil, həm də dəmir yolu nəqliyyatı ilə yükdaşımaların həcmi artıb.
Mövcud geosiyasi vəziyyət Çin-Avropa, Orta Asiya-Avropa istiqamətlərində yüklərin daşınması baxımından Avropa-Qafqaz-Asiya dəhlizinin əhəmiyyətini daha da aktuallaşdırıb. Dəhliz mövcud şəraitdə müəyyən dərəcədə alternativsiz marşruta çevrilib.
R.Bayramov hesab edir ki, yeni sazişin icrası nəticəsində yükdaşımaların həcmində daha çox artım gözlənilir: “Bizim marşrutla yükdaşımalarda ən azı üçqat artım olacağı proqnozlaşdırıla bilər. Nəqliyyat sistemində hər hansı nöqtədə ləngimələr olarsa, bu, tıxaclara səbəb ola və nəticədə iqtisadiyyat böyük gərginlik yaşaya bilər. Ona görə də sazişin imzalanması və gömrük prosedurlarının asanlaşdırılması vaxtında görülmüş kifayət qədər vacib tədbirdir”.
R.Bayramov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması sayəsində Azərbaycan üzərindən aparılan yükdaşımalara yeni ölkələrin cəlb oluna bilcəyini də istisna etmir: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regional layihə deyil, Şərq-Qərb dəhlizinin, eləcə də TRACECA marşrutunun ayrılmaz hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu inşa ediləndə bu layihənin təkcə Azərbaycan, Gürcüstan və Türkiyəyə deyil, həm də Cənubi və Orta Avropaya xidmət edəcəyi nəzərdə tutulurdu. Layihə Cənubi Avropa istiqamətində yükdaşımalara öz töhfəsini verəcək. Çünki Azərbaycanın həm Hindistan tərəfdən gələn yüklərin ötürülməsi, həm də Hindistan-İran-Avropa istiqamətində yüklərin daşınması ilə bağlı böyük potensialı var”.
Azərbaycan, Gürcüstan və Türkiyənin yükdaşımalarının həcminin artırılması üçün daha hansı tədbirlərin görməsinin vacibliyinə gəldikdə, R.Bayramovun fikrincə, əsas məsələ infrastrukturun dəqiq qurulmasıdır. Bu istiqamətdə Azərbaycanın müvafiq qurumları tərəfindən işlər görülür, sərhəd-keçid məntəqələrində və limanlarda prosedurların çevikləşdirilməsi üçün tədbirlər həyata keçirilir.
İlhamə İSABALAYEVA