14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İndiyədək aqroparklara 1 milyard manatdan çox özəl investisiya qoyulub

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin təşkilatçılığı ilə “Aqroparkların kənd təsərrüfatının inkişafındakı rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri İnam Kərimov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov, həmçinin aidiyyəti dövlət qurumlarının və aqrar sektorda aparıcı şirkətlərin rəhbərləri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, tədbirdə çıxış edən nazir Mikayıl Cabbarov aqroparkların kənd təsərrüfatında, ümumilikdə ölkə iqtisadiyyatında rolunu qeyd edib, onların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirləri - aqrar sektora vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verildiyini, lizinqə verilən texnika və avadanlıqlara görə güzəştlərin tətbiq edildiyini diqqətə çatdırıb. Bildirilib ki, hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması işləri davam etdirilir. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir. Belə ki, 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 milyon manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 milyon manat dəyərində güzəşt əldə ediblər. Bu günədək aqroparklara 1 milyard manatdan çox özəl investisiya qoyulub. Nazir qeyd edib ki, aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. İndiyədək aqroparklarda ümumi olaraq 5000-dək insan daimi, 4500-dən çox insan isə mövsümü işlə təmin olunub. Fəaliyyətdə olan və təşkil ediləcək aqroparklarda əlavə 4300-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Qeyd edilib ki, torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün aqroparklar innovativ və əlverişli mexanizmdir. Bu baxımdan aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu gücləndirilməli, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməlidir.

Kənd təsərrüfatı naziri İnam Kərimov əkin torpaqlarından səmərəli istifadə edilməsi və ekoloji təmiz məhsul istehsalının genişləndirilməsində aqroparkların əhəmiyyətini vurğulayıb, aqroparkların fəaliyyətində səmərəliliyin artırılmasının vacibliyini qeyd edib və bu istiqamətdə nəzərdə tutulan tədbirlərdən danışıb.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov istehsal və suvarma sistemlərində mütərəqqi texnologiyaların tətbiqi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev ölkədə fəaliyyət göstərən aqroparkların fəaliyyətinə dair təqdimatla çıxış edib.

Sonra aqropark təmsilçiləri ilə müzakirələr aparılıb, sualları cavablandırılıb. Sahibkarlar su çatışmazlığı, aqrar sığorta, torpaqların təyinatının dəyişdirilməsi, yol infrastrukturunun olmaması, mütəxəssis çatışmazlığı, qanunsuz balıq göllərinin fəaliyyəti nəticəsində torpaqların şoranlaşması, su nasoslarının yenilənməsi, yeni yarımstansiyaların tikintisi və sair məsələlərlə bağlı təkliflərini səsləndiriblər.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?