5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SOCAR-da “Neftçilər Günü”nə həsr olunmuş yığıncaq keçirilib

Sentyabrın 20-də “SOCAR TOWER”də neft-qaz və neft-kimya sənayesi işçilərinin peşə bayramı olan Neftçilər Günü münasibəti ilə təntənəli tədbir keçirilib.

SOCAR-dan bildirilib ki, tədbirdə iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, Şirkətin prezidenti Rövnəq Abdullayev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Müşahidə Şurasının üzvləri, eləcə də Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin rəhbər şəxsləri, qabaqcıl neftçilər iştirak ediblər.

Tədbir iştirakçıları vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş Vətən övladlarının, o cümlədən şəhid neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş nitqi ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib: “Hər il peşə bayramlarında “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümünü qeyd edən neftçilərimiz bu bayram ərəfəsində “Azəri-Çıraq-Günəşli” yataqlarından 4 milyardıncı barel neft hasil etməklə yeni əmək qələbəsinə imza atıblar. Bu böyük nailiyyət, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən qalibiyyətli enerji strategiyamızın möhtəşəm təntənəsini əks etdirir”.

SOCAR-ın prezidenti vurğulayıb ki, bu il həm də “Şahdəniz” yatağının işlənilməsinə dair müqavilənin 25-ci ildönümünün qeyd edilməsi ilə əlamətdardır: “Şahdəniz” yatağından təbii qazın Avropaya çatdırılması üçün Azərbaycan Prezidentinin təşəbbüsü və daimi nəzarəti ilə həyata keçirilən Cənub Qaz Dəhlizi ötən il istismara buraxılıb. Bu ilin əvvəlindən Dəhliz vasitəsilə Avropa bazarlarına təxminən 5 milyard kubmetr, Türkiyəyə isə 5,7 milyard kubmetr “Şahdəniz” qazı nəql edilib”.

Qeyd olunub ki, pandemiya şəraitində çalışmalarına baxmayaraq, SOCAR kollektivi istehsalat proqnozlarının öhdəsindən layiqincə gəlib. Cari ilin birinci yarısında şirkətin müstəqil işlədiyi yataqlardan 3,9 milyon ton neft hasil edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çoxdur. Şirkətin qaz hasilatı göstəricisi 3,9 milyard kubmetr təşkil edib, artım isə ötən ilə nisbətən 6,3 faiz olub. Ötən 6 ayda ölkə üzrə 8,9 milyard kubmetr qaz ixrac olunub və bu həcm keçən ilin müvafiq dövrü ilə müqayisədə 35,7 faiz çoxdur. Birinci yarımildə xarici bazarlara ötən ilkinə nisbətən 18,2 faiz daha artıq - 1,4 milyon ton neft və neft-kimya məhsulları göndərilib.

Pandemiya ilə əlaqədar çətinliklərə baxmayaraq ölkə daxilində və xaricdə planlaşdırılmış bütün layihələrin uğurla davam etdirildiyini vurğulayan SOCAR-ın prezidenti “Azərikimya” İstehsalat Birliyinin müəssisələrində aparılan yenidənqurma layihəsinin artıq başa çatmaq üzrə olduğunu, Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya layihəsində isə hazırki mərhələ üzrə işlərin 81,5 faiz tamamlandığını bildirib.

Tədbirdə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə çıxış edib, toplantı iştirakçılarını peşə bayramı münasibəti ilə təbriklərini çatdırıblar.

İqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov çıxışında neft gəlirlərinin ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafında mühüm rol oynadığını qeyd edib. Ölkəmizin zəngin neft-qaz ehtiyatlarının hasilatı artırmaq üçün geniş imkanlar yaratdığını nəzərə çatdıran M.Cabbarov dünya neft sənayesinin alternativ və bərpa olunan enerji, hidrogen istehsalı və rəqəmsal texnologiyalar kimi yeni çağırışlarla qarşılaşdığını bildirib, qlobal çağırışlara hazır olmağın artıq bir zərurətə çevrildiyini vurğulayıb. Nazirin fikrincə, SOCAR ölkənin elm və təhsil müəssisələri ilə əməkdaşlığını daha da genişləndirməklə növbəti sənaye inqilabına hazırlaşaraq, yeni nəsil istehlakçıların yeni davranış tərzinə cavab verməyə hazır olmalıdır.

Sonra SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov Azərbaycan neftçilərinin Prezident İlham Əliyevə “Azəri-Çıraq-Günəşli” yataqlarında 4 milyard barel həcmində neftin çıxarılması ilə bağlı müraciətini oxuyub.

Tədbirin sonunda 2021-ci il üzrə SOCAR-da keçirilmiş “İlin ən yaxşıları” müsabiqəsinin qalibləri, eləcə də “Fəxri neftçi” döş nişanı və “SOCAR-ın Fəxri Fərman”ı ilə təltif olunan neftçilərin bir qisminə mükafatlar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 16 avqust Sərəncamına əsasən hər il “Əsrin müqaviləsi”nin imzalandığı tarix - sentyabrın 20-si Azərbaycan Respublikasında “Neftçilər Günü” peşə bayramı kimi qeyd olunur.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?