Türkiyəyə indiyədək “Şahdəniz” yatağından 81,7 milyard kubmetr təbii qaz nəql olunub
İndiyə qədər qaz kəmərləri ilə Türkiyəyə “Şahdəniz” yatağından 81,7 milyard kubmetr təbii qaz nəql edilib.
Bu barədə energetika naziri Pərviz Şahbazov deyib.
Qeyd edək ki, bu il “Şahdəniz” öz 25 illiyini qeyd edir. “Şahdəniz” yatağı üzrə hasilatın pay bölgüsü haqqında saziş (HPBS) 25 il bundan əvvəl, 1996-cı il iyunun 4-də Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb və Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il oktyabrın 17-də qüvvəyə minib.
“Şahdəniz” üçün HPBS ilkin olaraq 30 il müddətinə imzalanıb, 2013-cü ilin dekabrında isə 2048-ci ilə qədər uzadılıb. “Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 28,8 faiz), TPAO (19 faiz), “Petronas” (15,5 faiz), AzŞD (10 faiz), “LUKoil” (10 faiz), “Nico” (10 faiz) və Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz).
Yataq 1999-cu ildə kəşf edilib.
“Şahdəniz”Bakıdan təqribən 70 kilometr cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir. Yatağın kollektor dərinliyi 1000 metrdən çoxdur, uzunluğu isə 22 kilometrdir. “Şahdəniz” 140 kvadrat kilometrdən çox sahəsi və ilkin hesablamalara görə təqribən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı ilə dünyanın ən böyük qaz yataqlarından biridir. 2006-cı ildə yataqdan kommersiya qaz hasilatı və Cənubi Qafqaz Boru Kəməri (CQBK) üzrə əməliyyatlar başladıqdan bəri “Şahdəniz” Azərbaycan, Gürcüstan və Türkiyəni təhlükəsiz və etibarlı şəkildə qazla təmin edir.
Yatağın işlənməsinin növbəti mərhələsi, yəni “Şahdəniz-2”, 2013-cü ildə təsdiqlənib. Dənizdə “Şahdəniz-2” layihəsi 26 sualtı quyu, 500 kilometr sualtı boru kəmərləri və axın xətləri və körpü vasitəsilə birləşdirilmiş yeni qoşa platformadan ibarətdir. Qaz 85 kilometr boru kəməri ilə quruya, yeni artan qaz hasilatına uyğun olaraq əhəmiyyətli dərəcədə genişləndirilmiş Səngəçal terminalına nəql olunur. Layihə çərçivəsində CQBK də genişləndirilmiş və Azərbaycanda 428 kilometr, Gürcüstanda isə 59 kilometr yeni boru kəməri, o cümlədən qazın Avropaya doğru 3500 kilometrlik məsafəni qət etməsi üçün 3 yeni kompressiya obyektləri inşa edilib.
Hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsində, “Şahdəniz-2” layihəsi çərçivəsində ildə 16 milyard kubmetr qaz hasil olunacaq. Yatağın işlənməsinin birinci mərhələsindən əldə olunan hasilat həcmi ilə birlikdə “Şahdəniz” yatağından ümumi hasilat ildə 26 milyard kubmetr qaz və gündə 100 min bareldən çox kondensat təşkil edəcək.
Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündə 58 milyon standart kubmetrdən və ya ildə 21 milyard kubmetrdən çoxdur. Hazırda layihə əsas diqqəti sualtı tikinti işlərinə və yeni cinahları işə salmaq üçün quyu proqramına yönəldərək hasilatı ən yüksək sabit səviyyəyə çatdırmaq istiqamətində irəliləyir. Ümumilikdə “Şahdəniz-2” çərçivəsində 26 quyudan 21 quyu artıq qazılıb, 18 quyu isə tamamlanıb. Bu quyulardan 8-i hazırda istismardadır və daha 5-i dərinsulu sahədə yerləşən şərq-cənub cinahının işə salınması da daxil olmaqla 2021-ci ildə istismara veriləcək. Qalan iki cinah, yəni qərb-cənub və şərq-şimal cinahları stabil hasilat səviyyəsini dəstəkləmək üçün qarşıdan gələn illərdə işə salınacaq.