“Petkim” istehsal gücünü 92 faizə çatdırıb
Cari ilin birinci rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” neft-kimya holdinqi qlobal miqyasda ümumi təklifin azaldığı pandemiya dövründə fasiləsiz istehsalı davam etdirərək istehsal aktivliyini artırıb və bununla da holdinqin istehsal gücü 92 faizə çatıb.
SOCAR-dan bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Turkey”in törəmə müəssisəsi olan “Petkim” pandemiyanın mənfi təsirlərinə baxmayaraq, bu ilin ilk rübündə də maliyyə göstəricilərini yüksəltməyə nail olub.
Qlobal istehsalda və dünya tədarük zəncirində baş verən ləngimələrə baxmayaraq, istehsal prosesinə fasiləsiz davam edən “Petkim” Türkiyə daxili bazarını ehtiyac duyduğu məhsullarla təchiz edib. İlk üç ayda ümumi gəliri 5 milyard türk lirəsinə (TL) çatan şirkətin satışlarında daxili bazarın payı 66 faiz olub.
2021-ci ilin ilk rübünün maliyyə göstəricilərini açıqlayan “Petkim” pandemiya şəraitində davam etdirdiyi mənfəət artımı ilə yanaşı qlobal istehsalın azaldığı bir dövrdə istehsal tutumunun artırılması ilə də diqqətəlayiq bir nəticəyə imza atıb. Xammal məhdudiyyətləri səbəbindən bir çox neft-kimya şirkəti istehsalını azaltdığı və hətta dayandırdığı bir vaxtda “Petkim”in istehsal tutumunun aktivliyi 92 faizə çatıb. “Petkim”in bu uğurunda “Star” NEZ ilə birgə həyata keçirilən inteqrasiyalı istehsalın da böyük rolu olub. Rəqəmsal texnologiyaları istehsal proseslərinə uğurla tətbiq edərək xammal və əsas istehsal resurslarında yüksək məhsuldarlıq əldə edən “Star” NEZ bu dövrdə tam gücü ilə fəaliyyətinə davam edərək “Petkim”i yüksəkkeyfiyyətli nafta ilə nizamlı bir şəkildə təmin edib.
Planlaşdırılmış satış hədəflərini pandemiya müddətində reallaşdırmağa nail olan və effektiv dövriyyə kapitalı vasitəsilə büdcə hədəflərinə uyğun inkişafını davam etdirən “Petkim” ilin ilk üç ayında 892 milyon TL məbləğində xalis mənfəət əldə edib.
Cari ilin birinci rübünün nəticələrini dəyərləndirən “SOCAR Turkey” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov bildirib ki, tibbi ləvazimat və gigiyenik məhsulların istehsalında istifadə edilən xammalın istehsalına diqqəti artıraraq, ilk növbədə, daxili bazarın tələbatı qarşılanıb və Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya müəssisəsi olaraq yerli sənaye müəssisələrinin tələbləri fasiləsiz yerinə yetirilib. Dünya miqyasında tədarük zəncirində yaranan problemlərə baxmayaraq istehsalı fasiləsiz davam etdirdiklərini vurğulayan A.Məmmədov deyib: “Petkim” bu mürəkkəb dövrdə qlobal bazarda baş verən qiymət dalğalanmalarını effektiv bir şəkildə idarə edərək əldə etdiyi üstünlükləri əməliyyatlarında əks etdirib. Qlobal miqyasda xammal qiymətlərinin məhsul qiymətlərindəki artımdan geri qalması da bu müddətdə təsirli olub”.
İlin ilk rübündə uğurlu bir maliyyə göstəricisi nümayiş etdirdiklərini bildirən A.Məmmədov əlavə edib: “EBITDA” (əməliyyat qazancı) rəqəmlərimiz TL bazasında bundan əvvəlki rübə nisbətən 56 faiz artım göstərib. Mürəkkəb bir dövrdə əldə olunan bu göstəricilərdə innovativ həllər ilə əməliyyat məhsuldarlığının yüksəldilməsinin böyük təsiri olub. Zavodlarımızda məhsuldarlığın artması üçün həyata keçirdiyimiz əlavə investisiyaların həcmi 131 milyon TL-yə çatıb.
Maliyyə dayanıqlılığını dəstəkləmək məqsədilə borc ödənişlərinə əsas verərək bu dövrdə həyata keçirdiyimiz 478 milyon TL məbləğində xalis maliyyə ödənişi ilə güclü maliyyə strukturumuzun olduğunu göstərdik. Bu yaxınlarda dünyanın ən nüfuzlu iqtisadi mətbuat orqanlarından olan “International Finance” jurnalının açıqladığı Beynəlxalq Maliyyə Mükafatlarında “Ən yaxşı biznes sərmayəsi idarəçiliyi” mükafatına layiq görülmüşdük. Bu mühüm mükafatın ardınca açıqlanan birinci rüb nəticələrimizin də “Petkim” olaraq nümayiş etdirdiyimiz uğurlu fəaliyyətin bariz göstəricisi olduğunu düşünürük”.