5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“İqtisadi Azadlıq İndeksi 2021” hesabatına görə Azərbaycan 6 pillə irəliləyib

Dünyanın ən böyük beyin mərkəzlərindən biri olan İrs Fondu tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycan 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Azərbaycan bu il dünya üzrə orta göstəricidən yuxarı və Avropa ölkələri səviyyəsində nəticə göstərib. İndeksin nəticələrinə əsasən ən yaxşı nəticə göstərən ölkələr Sinqapur, Yeni Zelandiya və Avstraliyadır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibov bildirib ki, Azərbaycan indeksin nəticələrinə əsasən, Avropa regionunda 45 ölkə arasında 23-cü yerdə qərarlaşıb. Bundan əlavə, sözügedən hesabatın nəticələrinə əsasən Azərbaycan Polşa, İspaniya, Sloveniya, Fransa, İtaliya və bu kimi inkişaf etmiş ölkələri qabaqlayıb. İqtisadi azadlığın inkişafı ilə insan kapitalının inkişafı arasında sıx əlaqə mövcuddur və Azərbaycan “İqtisadi Azadlıq İndeksi” üzrə ən çox irəliləyən ölkələr sırasındadır. Bu yüksəlişə isə əsas etibarı ilə bank, əmlak, monetar, vergi, fiskal və digər istiqamətlərdə qeydə alınan inkişaf trendləri ilə nail olunub.

Azərbaycan öz göstəricilərini 0,8 bənd artırmaqla 70,1 bal əldə etməyə nail olub ki, bu da ölkəyə “mülayim azad iqtisadiyyat ölkələri” qrupundan “əsasən azad iqtisadiyyat ölkələri” qrupuna keçməyə imkan verib. 2021-ci il hesabatında “Qanunun aliliyi” indikatoru üzrə əmlakın qeydiyyatı, kreditlərin əldə olunması, minoritarların hüquqlarının müdafiəsi, müqavilələrin icrası kimi sahələrdə inkişaf tendensiyaları qeydə alınıb. Hesabatda “Dövlətin ölçüsü” indikatorunun hər üç alt indikatoru - “Vergi yükü”, “Dövlət xərcləri”, “Fiskal sağlamlıq” üzrə, “İdarəetmənin səmərəliliyi” indikatorunun isə “Monetar azadlıq” alt indikatoru üzrə irəliləyişlər müşahidə olunub.

A.Müseyibov qeyd edib ki, indeksin metodologiyasına əsasən iqtisadi azadlıq siyasətini həyata keçirən ölkələr ticarət və sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradır və bu da öz növbəsində iqtisadi artıma və ictimai rifahın yüksəlməsinə töhfə verir. “İqtisadi Azadlıq İndeksi” “Qanunun aliliyi”, “İdarəetmənin səmərəliliyi”, “Dövlətin ölçüsü”, “Bazarın əlçatanlığı” kimi əsas indikatorlar və onların alt-indikatorları daxil olmaqla ümumilikdə 12 göstərici əsasında iqtisadi azadlığa təsir amillərini cəmləyərək vahid bal və reytinq ilə qiymətləndirir. Hər bir göstərici üzrə ölkələrə 0-100 arası bal verilir. Ölkə nə qədər çox bal alsa, deməli, iqtisadi azadlıq səviyyəsi də bir o qədər yüksəkdir. Beləliklə, "tamamilə sərbəst" iqtisadiyyat 100 bal ilə qiymətləndirilirsə, prinsip etibarilə fundamental azadlıqların olmaması, müvafiq olaraq 0 balla qiymətləndirilir. Yekun hesabatda təqdim olunan bütün dünya ölkələri reytinqlərinə uyğun olaraq 5 şərti qrupa bölünür:

— İqtisadiyyatı sərbəst olan ölkələr (80-100 bal);

— İqtisadiyyatı əsasən azad olan ölkələr (70-79,9 bala);

— İqtisadiyyatı orta dərəcədə azad olan ölkələr (60-69,9 bal);

— İqtisadiyyatı əsasən azad olmayan ölkələr (50-59,9 bal);

— İqtisadiyyatı azad olmayan olan ölkələr (0-49,9 baldan az).

İrs Fondunun açıqladığı “İqtisadi Azadlıq İndeksi” dünya ölkələrində baş verən dəyişikliklərin izlənilməsi məqsədilə strateji xəritə rolunu oynayan beynəlxalq hesabatlardan biridir. Bu indeksin nəticələri yalnız elmi araşdırma baxımından deyil, eyni zamanda, xüsusilə inkişaf etməkdə olan ölkələrə investorların maraqlarını nəzərə almaqla, onlar üçün ölkənin iqtisadi azadlıq faktoruna təsir edən amillər üzrə baş verən dəyişikliklər baxımından da əhəmiyyətli məlumat mənbəyidir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?