1 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ölkə vətəndaşlarının sosial müdafiəsi gücləndirilir

Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergilər. Şəffaflıq. İnkişaf" mövzusunda keçirilmiş forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial istiqamətdə görülən işlər və layihələrlə bağlı bildirib ki, ölkə başçısının fərmanına uyğun olaraq məşğulluq alt sistemi yaradılır: “Bu sistem işsiz və işaxtaranların mobil platformada birləşdirilməsidir. Sahibkarlarımız yaxın günlərdə istifadəyə veriləcək məşğulluq alt sistemi vasitəsilə ölkə üzrə bütün vakansiyaları və işsizləri görə biləcəklər. Bu sistemin əmək müqavilələri bildirişi sistemi ilə inteqrasiyası nəticəsində gələcəkdə vahid məşğulluq reyestri meydana çıxacaqdır. Sizə işçi lazım olduğu təqdirdə, ölkənin istənilən regionunu, istənilən kvalifikasiyanı seçərək birbaşa həmin işçini işə cəlb edə biləcəksiniz. Bununla yanaşı, işçilər də sizə birbaşa müraciət edə biləcək, arada hansısa vasitəçi təmasına ehtiyac qalmayacaqdır. Digər tərəfdən, sığortaolunanlar kimi, sizin hər birinizin marağında olan pensiya təminatı məsələsi ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq "Pensiyaçının dostu" proqramı işə başlayıb".

S.Babayev Azərbaycanda pensiya sığorta təminatının ciddi şəkildə genişləndirildiyini qeyd etməklə yanaşı, elektronlaşma nəticəsində yanvarın 1-dən vətəndaşların ad günündə elektron yazılı bildirişlə onlara təbrik göndərilməsi, pensiya məbləği və pensiya kartının alına biləcəyi bank haqqında məlumat verildiyi barədə danışıb: "Belə bir şəffaf mexanizmdə vətəndaşın elektron müraciətini gözləmədən artıq 3.600 nəfərə pensiya təyin edilib. Bu, əlbəttə, vətəndaş məmnunluğunun ən vacib elementlərindən biridir.

Sahibkarlarımız yaxın günlərdə istifadəyə veriləcək məşğulluq alt sistemi vasitəsilə
ölkə üzrə bütün vakansiyaları və işsizləri görə biləcəklər

Minimum əməkhaqqının təqribən 40 faiz artırılması nəticəsində Azərbaycanda orta yaşayış minimumu 180 manata qaldırıldı. Bu qərar həm işçilərin, həm də qanunvericiliyə uyğun şəkildə şəffaf, düzgün işləyən bütün sahibkarların marağındadır. Çünki 180 manatdan, yəni orta yaşayış minimumundan aşağı əməkhaqqından, adətən, rəqabət mühitini pozan və "kölgə iqtisadiyyatı"nda çalışan müəssisələr istifadə edirdi. Düşünürəm ki, bu innovativ addım sahibkarlar üçün böyük əhəmiyyətə malikdir, əməkhaqqını az göstərən işəgötürənlər rəqabətdəki üstünlüklərindən məhrum olmağa başlayıblar. Bu qərar 600 min insanı əhatə edir. Dövlət sektorunda çalışan 450 min insanın maaşı 30 faizədək, özəl sektorda çalışan 150 min insanın maaşı isə təqribən 25 faiz artacaq. Martın 1-dən qüvvəyə minəcək bu yeni qayda əmək bazarının leqallaşması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir".

Nazir bildirib ki, dövlət başçısı öz qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək, digər bir inqilabi qərarla minimum pensiyaların 160 manata qaldırılmasına dair qanun dəyişikliyini Milli Məclisə təqdim edib və artıq Milli Məclisin müvafiq komissiyasında bu dəyişiklik plenar iclasın gündəliyinə daxil olunub: "Bu qərar da böyük əhəmiyyət kəsb edir. Minimum pensiyanın 160 manat müəyyən edilməsi imkan verir ki, biz pensiyaçıların yaşayış minimumundan bir az daha yuxarı aylıq gəlirə dövlət təyinatı verək. Bunun nəticəsində 233 min pensiyaçımızın müxtəlif kateqoriyalarda müxtəlif faizlər olmaqla aylıq gəlirləri artacaqdır. 233 min insanın 140 mini məhz əlilliyi olan şəxslərdir. Hər iki qərarın yalnız bu il ərzində maliyyə yükü 400 milyon manata yaxındır. Növbəti illərdə bu məbləğ daha da artacaqdır. Digər tərəfdən, hökumət pensiyaların indeksasiyası ilə bağlı da qərar verib. Artıq 3 faizlik indeksasiya artımının ödənilməsinə başlanılıb. Bunun da maliyyə yükü 90 milyon manatdır. Yəni Azərbaycan dövləti 500 milyonluq əlavə maliyyə yardımı ayırmaqla həm işçilərə, həm də pensiyaçılara ciddi dəstək verib".

Azərbaycan dövləti 500 milyonluq əlavə maliyyə yardımı ayırmaqla
həm işçilərə, həm də pensiyaçılara ciddi dəstək verib

Sahil Babayev sahibkarlara müraciətlə xüsusi olaraq vurğulayıb ki, qanunvericiliyə edilmiş digər dəyişikliklər - məşğulluq strategiyasının qəbul edilməsi, sosial sığorta, işsizlikdən sığorta, məşğulluq haqqında yeni qanunun qəbul edilməsi və digər bu kimi sənədlərin hər birində ana məqsəd ölkə vətəndaşına xidmətin daha da yaxşılaşdırılması və təminatın daha da gücləndirilməsidir: "Ötən il Vergilər Nazirliyi ilə birlikdə uzun müddət biznes assosiasiyaları, ictimai şuranın üzvləri, ictimai fəallarla müzakirələr apardıq və bu qanunvericilik dəyişikliklərini hazırladıq. Təqdim edilən islahatlar paketi gəlir vergisi baxımından sizə böyük güzəştlər verir, eyni zamanda sizin sosial müdafiənizi, təminatınızı gücləndirir, sosial sığorta çərçivəsində ödənişlərinizin birbaşa sizin gələcək təminatınıza çevrilməsi prosesini sürətləndirir".

Çıxışında diqqəti "İşsizin dostu" proqramına yönəldən nazir qeyd edib ki, ölkə başçısının ötən il irəli sürdüyü təşəbbüs çərçivəsində artıq fevral ayının 15-dək 26 min şəxs ödənişli ictimai işlərə cəlb olunub: "Bunlar aşağı ixtisaslı vətəndaşlardır ki, onlara dövlət tərəfindən ciddi dəstək göstərilir. Həmin şəxslərlə əmək müqaviləsi imzalanır, onlara sosial sığorta, işsizlikdən sığorta haqqı ödənilir və gələcəkdə pensiya ilə təmin olunacaqlar. Özüməşğulluq proqramına dövlət ciddi vəsait ayırıb, xüsusi diqqət göstərir. Ötən bir il ərzində özüməşğulluq proqramı 6,5 dəfə genişlənərək 5.800 ailəyə aktivlər verilməsi ilə nəticələnib. Əlbəttə, bu mikrobiznesin uğurunu zaman keçdikcə görəcəyik. Amma hər il bu miqyasda mikrobiznesin yaradılması bu sahəyə dövlət tərəfindən verilmiş ciddi dəstəkdir".

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ