9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

OPEC-in yaradılmasından 60 il ötür

Sentyabrın 14-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 60 illik yubileyini qeyd edir.

AZƏRTAC xəbər verir ki, bununla bağlı OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo təbrik mesajı ünvanlayıb, həmçinin OPEC tərəfindən hazırlanmış sənədli film təqdim edilib.

M.Barkindo deyib: “60 il bundan əvvəl, bu gün inkişafda olan ölkələrin kiçik bir qrupu bəşəriyyətin beşiyi olan İraqın Bağdadda Bab Əl-Muazzam bölgəsində Əl-Şaab zalında toplaşdı. İrandan doktor Fuad Ruhani, İraqdan doktor Tələt Əl-Şabani, Küveytdən Əhməd Səid Omar, Səudiyyə Ərəbistandan Abdullah Əl-Tariki və Venesueladan doktor Pablo Perez Alfonzo birlikdə tarixin gedişatını dəyişəcək yol xəritəsini müəyyən etdilər. Onlar Neft İxrac Edən Ölkələr Təşkilatının yaradılması barədə qərar qəbul etdilər. Bu cəsur və nümunəvi addım özündə bir çox şeyi birləşdirdi. Hər şeydən öncə, bu xalqlara və dövlətlərə resursları üzərində suverenlik hüququ verən qanuni bir təşkilat idi. İkincisi, bu qərar dövlətlər arasındakı əməkdaşlıq və dialoqun, ümumi sənaye sahələrinin üzləşdiyi bir çox çətinliklərin aradan qaldırılması üçün ən effektiv yol olduğuna olan inamımızı ifadə edir. OPEC ölkələr arasında hörmət, bərabərlik, ədalət, şəffaflıq prinsiplərinə sadiq qalmağa davam edir”.

Ötən 60 il ərzində kartelin inkişaf etməsi faktının OPEC ailəsi üçün böyük qürur mənbəyi olduğunu bildirən baş katib əlavə edib: “Bu illər bizim üçün enişli-yoxuşlu keçsə də, çətinliklərlə üzləşsək də, 60 il sonra biz 13 üzv dövlətdən ibarət vahid, hökumətlərarası təşkilata çevrilmişik. Bu təşkilat beynəlxalq enerji sənayesi üçün heç vaxt olmadığı qədər müvafiq, təqdirəlayiq və zəruridir. Son illərdə bizim köməyimiz sayəsində qeyri-OPEC ölkələri tarixi Əməkdaşlıq Bəyannaməsi imzaladı və növbəti mərhələdə ölkələr arasındakı əməkdaşlıq onu daha da gücləndirdi. Bu tarixi qərar 23 istehsalçı ölkə tərəfindən neft bazarının sabitliyini qorumaq üçün zəruri olan birgə tədbirlərin qəbul edilməsinə şərait yaratdı. COVID-19 pandemiyasının səbəb olduğu tənəzzülün təsirlərini azaltmaq üçün cari ilin aprel-iyun aylarında keçirilən görüşlərdə daha çox istehsalçı ölkə bizimlə həmrəyliklərini nümayiş etdirdi. Biz OPEC-in 60 illiyi ilə əlaqədar onun tarixinə həsr olunmuş sənədli film hazırlamışıq və ümid edirik ki, sizin hər biriniz onu izləməkdən zövq alacaqsınız. İraq hökuməti bütün OPEC ailəsini Bağdada bu tarixi hadisəni qeyd etməyə dəvət etdi. Lakin bu tədbir COVID-19 pandemiyası ilə əlaqədar olaraq təhlükəsizliyi təmin etmək məqsədilə İraqın Neft naziri İhsan Əbdul Cabbar İsmayıl və OPEC-in baş ofisi tərəfindən təxirə salındı. OPEC ailəsinin digər üzvləri bu qərarın insanların sağlamlıq və müdafiəsi üçün önəmli olduğunu başa düşürlər. Biz pandemiyadan sonra Bağdaddakı keçmiş məkanımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. Sentyabrın 14-də Katibliyin ofisi bağlı olacaq, bu xüsusi tarix OPEC üçün dövlət bayramıdır və bizim hər birimiz üçün təşkilatın irsini və əsas prinsiplərini əks etdirmək fürsətidir. Buna görə də sizin hər birinizi OPEC günü münasibətilə təbrik edirəm. COVID-19 pandemiyası bizə müəyyən çətinliklər yaratsa da, yalnız təsisçi üzvlərimizin başladığı işi qəti addımlarla davam etdirərək onları ehtiramla yad edə bilərik”.

Qeyd edək ki, OPEC neft ixrac edən ölkələr - İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə 1960-cı ildə Bağdadda yaradılıb. Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərinə köçürülüb. OPEC, həmçinin bu ay təşkilatın katibliyinin Avstriyanın paytaxtı Vyanaya köçməsinin 55-ci ilini qeyd edir.

Ölkəmiz OPEC-lə davamlı və səmərəli əməkdaşlıq qurub

Hazırda kartelə 13 ölkə üzvdür. Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır. OPEC-ə qeyri-üzv olan Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla “OPEC+” formatında sıx əməkdaşlıq edir. “OPEC+” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.

Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Ölkəmiz 2016-cı ildən “OPEC+” çərçivəsində təşkil olunmuş görüşlərdə iştirak edir və neft bazarının sabitliyi, neft qiymətlərinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş Əməkdaşlıq Bəyənnamələrinə qoşulur.

2019-cu il martın 17-18-də Bakıda OPEC (Əlcəzair, Konqo, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela) və qeyri-OPEC (Bəhreyn, Bruney, Qazaxıstan, Rusiya) ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. OPEC bülleteninin 2019-cu il mart sayında isə Azərbaycana xüsusi buraxılış həsr olunub. Bülletendə “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc edilib.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?