14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elman Sadıqov: “Özəl sektora işçi seçimi ilə bağlı qadağaların qoyulması bazar iqtisadiyyatının tələblərinə uyğun deyil” MÜSAHİBƏ

Ölkənin iqtisadi inkişafını şərtləndirən əsas amillərdən biri də əmək bazarının düzgün təhlil edilməsi, məşğulluğun təmin edilməsi üçün səmərəli tədbirlərin həyata keçirilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov ölkənin əmək bazarındakı vəziyyətlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:

- Elman müəllim, Azərbaycanda işsizliyin hazırkı səviyyəsi beynəlxalq normalara nə dərəcədə uyğundur?

- Ölkədə işsizliyin ölçülməsi zamanı Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsas götürülür. “Məşğulluq haqqında” Qanunda da bu metodologiyaya əsaslanaraq qeyd edilir ki, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub məşğulluq orqanında işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Hazırda Azərbaycanda işsizlik 5,8 faiz səviyyəsindədir ki, bu da iqtisadiyyat üçün məqbul hesab edilən normadır.

- Əmək bazarının həssas təbəqəsinə kimlər aid edilir və onların məşğulluğunu təmin etmək üçün hansı işlər görülür?

- Hər hansı əlilliyi olan şəxs, şəhid ailəsi üzvü ali təhsilli, peşəkar mütəxəssisdirsə, təbii ki, onun iş tapmaq imkanları qat-qat yüksəkdir. Buna görə də belə şəxslər əmək bazarında həssas qrupdan olan şəxslər hesab edilmirlər. Əmək bazarında həssas qruplar məhz heç bir bilik, bacarıq və ixtisası olmayan şəxslərdir. Dünya təcrübəsində olduğu kimi, Azərbaycanda da məhz bu kateqoriyadan olan şəxsləri əmək bazarına qaytarmaq üçün xüsusi proqramlar tətbiq olunur. Dövlət Məşğulluq Agentliyi əmək bazarının həssas qrupu hesab edilən bu şəxslərin məşğulluğuna dəstək məqsədilə peşə hazırlığı kursları, müxtəlif özünüməşğulluq proqramları və digər tədbirlər həyata keçirir.

Hazırda Azərbaycanda işsizlik 5,8 faiz səviyyəsindədir ki,
bu da iqtisadiyyat üçün məqbul hesab edilən normadır.

Əmək bazarı proqramlarının əhatə dairəsi ildən-ilə genişləndirilir, yeni proqram və layihələr reallaşdırılır. Agentliyin bu istiqamətdə 24 fəaliyyət istiqaməti mövcuddur. Təkcə cari ilin 6 ayı ərzində 38 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 15.895 şəxs münasib işlərlə təmin edilib, 5028 nəfər kiçik biznes yaratmaq məqsədilə özünüməşğulluq proqramına qoşulub. Bu müddət ərzində peşə hazırlığına cəlb edilən 1875 işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil olunub və məşğulluqlarının təmin edilməsi istiqamətində müvafiq işlər aparılıb, 14.846 şəxs peşəyönümlü tədbirlərə qatılıb.

- Vətən müharibəsi iştirakçılarının, şəhid ailəsi üzvlərinin məşğulluğunun təminatı üçün hansı işlər görülür?

- Tarixi qələbə qazandığımız 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələrinə və müharibə iştirakçılarına genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Ötən müddət ərzində 19 min şəhid ailəsi üzvü və müharibə iştirakçısı ilə məşğulluq sahəsi üzrə əyani görüşlər keçirilib, onların aktiv məşğulluq imkanları qiymətləndirilib. Bu görüşlərin nəticəsi olaraq, 8000-dək şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramlarına cəlb edilib, onlar üçün kiçik ailə təsərrüfatları qurulub. Bu sahədə müvafiq qurumlarla əməkdaşlıq və aktiv məşğulluq proqramları çərçivəsində 5400 şəxsin daimi işlə təminatına nail olunub. “Məşğulluq marafonu”na 600-dan çox şirkət vakansiya təqdim edib və 2500 şəxsin şirkətlər tərəfindən işlə təminatı həyata keçirilib.

- Əvvəllər müəssisələr vakant iş yerlərinin məşğulluq orqanlarına təqdim edilməsinə o qədər də maraq göstərmirdilər və həmin vakant yerləri gizlədirdilər. Bu gün müəssisələr öz vakant yerlərini sizə təqdim edirlərmi?

- Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nın təsdiq olunması haqqında qərarına əsasən, işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci beş iş günü ərzində, əməkhaqqı göstərilməklə, bu barədə məlumatı “Elektron hökumət” və ya nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə formalaşdırılmış vakansiya bankına daxil edirlər. Göstərilən müddətdə məlumatlar vakansiya bankına daxil edilmədiyi təqdirdə, həmin iş yeri nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemi tərəfindən vakansiya bankına daxil edilir. Təqdirəlayiq haldır ki, işəgötürənlərimiz vakansiya bankından çox səmərəli istifadə edirlər və bu istiqamətdə qanunvericiliyin pozulması halları müşahidə olunmur. Bu prosesi daha da təkmilləşdirmək məqsədilə yaradılmış “Əmək və Məşğulluq” altsistemi bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platformasını və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmini formalaşdıraraq ştat cədvəllərinin tərtib olunması, vakansiyaların və vakansiya tələblərinin təqdim edilməsi, müxtəlif növ əmrlər, o cümlədən əmək müqavilələrinin elektron qaydada bağlanması, müqavilələr üzərində əməliyyatların aparılması, müqavilələrin elektron imzalanması imkanlarını təmin edir. Sözügedən altsistemin imkanları çərçivəsində təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra elektron məlumat bazası fəaliyyət göstərəcək, ştat və ya boş iş yeri yarandığı təqdirdə, vakansiya bankına avtomatlaşdırılmış qaydada əlavə ediləcək.

Cari ilin 6 ayı ərzində 38 minədək şəxs aktiv məşğulluq tədbirlərinə cəlb
olunub. Onlardan 15.895 şəxs münasib işlərlə təmin edilib, 5028 nəfər kiçik
biznes yaratmaq məqsədilə özünüməşğulluq proqramına qoşulub.

- Azərbaycanda vakant yerlərlə bağlı elanlar verilərkən müəyyən yaş məhdudiyyəti qoyulur və əksər hallarda bu, 25-35 yaş aralığını əhatə edir. Bu isə yaşı daha çox olan işsiz və işaxtaranlar tərəfindən narazılıqla qarşılanır. Sizcə, işə qəbul zamanı yaş məhdudiyyətinin qoyulması nə dərəcədə düzgündür?

- Hazırda dövlət sektorunda vakansiya üzrə yaş tələbinin qoyulması hallarına az rast gəlinir, özəl sektorda isə bu, bir qədər fərqlidir. Özəl sektorda fəaliyyət göstərən işəgötürən işçi cəlb etməkdə və seçim aparmaqda müstəsna hüquqa malikdir. Onlara işçi seçimində yaş və digər tələblərlə bağlı qadağaların qoyulması bazar iqtisadiyyatının tələblərinə uyğun deyil.

- Bir necə il əvvəl məşğulluq sahəsi üzrə ən böyük problemlər işçilərlə əmək müqavilələrinin imzalanmaması, vakant iş yerlərinin gizlədilməsi və s. idi. Bu gün məşğulluq sahəsindəki əsas problemlər nələrdir?

- Azərbaycanda müvafiq peşə ixtisası olmayan və əmək bazarının tələblərinə cavab verməyən işaxtaranların sayı kifayət qədərdir. Bu gün daha çox müasir dövrün tələblərinə cavab verən mütəxəssislərə, yeni yanaşma ilə fərqli əmək bazarı tələblərinə uyğun olan peşəkarlara ehtiyac var. Aqrar sahəyə, xüsusən iri fermer təsərrüfatlarına ali təhsilli kadrlar - zootexnik, aqronom və s. lazımdır. Bu tələbatımızı əsasən xarici ölkələrdən, o cümlədən Türkiyədən dəvət olunmuş peşəkar kadrlarların hesabına ödəyirik. Turizm, yüksək texnologiyalar sahəsində də ciddi kadr çatışmazlığı müşahidə edilir. Bütün bunlara rəğmən, tərəfimizdən peşəyönümü, karyera planlaması istiqamətində köklü addımlar atılır ki, yeni nəsil müasir əmək bazarının tələblərinə uyğun yetişsin.

. “Məşğulluq marafonu”na 600-dan çox şirkət vakansiya təqdim
edib və 2500 şəxsin şirkətlər tərəfindən işlə təminatı həyata keçirilib.

- İşəgötürənlər sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün müəyyən edilmiş kvotanı nə dərəcədə tətbiq edirlər?

- Mülkiyyətindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün idarə, müəssisə və təşkilatlarda sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq olunur. Kvota müəssisələrdəki işçilərin orta siyahı sayının 5 faizindən çox olmamaq şərtilə müəyyən edilir. İşçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi, işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi, işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında kvota tətbiq edilir. Hər bir sahibkar öz işçi sayına uyğun olaraq, müəyyən edilmiş sayda əlilləri işə götürür. Dövlət tərəfindən bu məsələlər nəzarət altında saxlanılır.

Bu gün daha çox müasir dövrün tələblərinə cavab verən mütəxəssislərə, yeni
yanaşma ilə fərqli əmək bazarı tələblərinə uyğun olan peşəkarlara ehtiyac var.

- Əmək münasibətləri və məşğulluq altsisteminə uyğun olaraq, əmək kitabçalarının elektronlaşdırılması istiqaməti üzrə hansı işlər görülür? Elektronlaşdırmadan sonra kağız əmək kitabçalarından necə və hansı məqsədlərlə istifadə ediləcək?

- Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal məşğulluğa keçid istiqamətində icra edilən mühüm layihələrdən biri “Əmək və Məşğulluq” altsistemidir. Burada bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması və əmək bazarının bütün iştirakçılarına yeni ciddi dəstək mexanizmi formalaşdırılır. Bu altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotunun tətbiqi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. Əmək kitabçalarının dövriyyədən çıxarılması prosesi olduqca ağır proses olduğundan, bu, “Əmək və Məşğulluq” altsistemi üzərindən tədricən aparılacaq. Belə ki, hazırda fəaliyyət göstərən əmək bildirişləri altsistemində vətəndaşların əmək fəaliyyətini əks etdirən bütün məlumatlar olmadığından, həmin sistemdən miqrasiya edilmiş məlumatlar əsasında əmək kitabçalarının birdəfəlik dövriyyədən çıxarılması mümkün deyil. Vətəndaşın əvvəlki dövrlərdə olan əmək fəaliyyətləri “Əmək və Məşğulluq” altsistemi əks olunduqca əmək kitabçasının elektronlaşdırılması mümkün olacaq.

- Dövlət məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması ilə əlaqədar daha hansı yeniliklərin tətbiqi gözlənilir?

- Agentlik olaraq yeni, müasir və təkmil bir quruma çevrilmək məqsədilə rəqəmsal məşğulluğa keçid, xidmətlərin rəqəmsallaşdırılmasını əsas prioritet istiqamət kimi müəyyən etmişik. Hazırda ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası və yarmarkası, eləcə də ictimai işlər portalı (works.gov.az) və BACAR platforması üzrə işlər aparılır.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?