2 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

Əmlak vergisinə görə mənzilin hansı sahəsi hesablanmalıdır: yaşayış sahəsi, yoxsa ümumi sahəsi? Məlumdur ki, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır. Pensiyaçı olduğuma görə, qeyd edilən bəndə əsasən mənə güzəşt tətbiq olunmalıdırmı? Tətbiq edilən güzəşt mənə məxsus olan hər iki mənzilə aiddir, yoxsa ancaq qeydiyyatda olduğum mənzilə?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən, rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisi məqsədləri üçün vergitutma obyektidir. Xüsusi mülkiyyətdə olan belə tikili və binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə).

Yaşayış sahəsi – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir.
Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olunmaqla, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır. Qeyd olunan güzəşt hər bina üçün ayrılıqda tətbiq edilmir. Ümumi ödənilməli olan məbləğdən 30 manat azaldılır.

Pensiyaçılar dedikdə isə kimlərin nəzərdə tutulduğunu “Əmək pensiyaları haqqında” Qanuna əsaslanaraq müəyyən etmək olar. Həmin Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyaları yaşa, əlilliyə və ailə başçısını itirməyə görə bölünür. Vergi Məcəlləsinin 199.3-cü maddəsində pensiyaçılar dedikdə heç bir istisna nəzərdə tutulmadığından, 30 manat güzəşt hüququ əmək pensiyalarının bütün növlərinə şamil edilir.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 197-ci, 198-ci, 199-cu, 200-cü maddələri

VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?