24 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Marketlərin keçirdiyi kampaniyalar zamanı satışın hesablanması

Mövzunu “vergiler.az”a sərbəst auditor Altay Cəfərov şərh edir. 

Azərbaycanda sahibkarlıq inkişaf etdikcə, bütün ölkələrdə olduğu kimi, müxtəlif reklam, markerinq kampaniyaları reallaşdırılır. Belə güzəşt kampaniyalarının istehlakçılara təqdim edilməsi müsbət təcrübədir və sahibkarlıq subyektlərinin rəqabətə davamlı fəaliyyəti üçün önəmlidir.

Əgər hansısa sahibkar mallarını, məhsullarını ilkin təyin etdiyi satış qiymətindən və maya dəyərindən aşağı satırsa, burada konkret səbəblər vardır. Səbəblərə satış dövriyyəsinin aşağı düşməsi, müəyyən malların, məhsulların satışının azalması və ya satıla bilməməsi, malların uzun müddət anbarda (stokda) qalması, zədələnməsi və digər hallar aiddir. Ona görə də pərakəndə ticarətlə məşğul olan sahibkarlar satış harmoniyasının artırılması, satışın yüksəldilməsi, həmçinin anbarda qalan malların satılması məqsədilə müxtəlif kampaniyalar həyata keçirir. Yəni, bütün bunlar marketinq siyasətidir. Hətta iri şirkətlər illik və ya illər üzrə əvvəlcədən bazar siyasətini formalaşdırır, marketinq kampaniyalarını, strategiyalarını əvvəlcədən hazırlayırlar.

Məsələn, marketlərdə “3-nü al, biri hədiyyə olsun (3+1 kampaniyası)” və ya “2-sini al, biri 70% güzətlə”, yaxud “50 manatlıq bazarlıq et, bir məhsul 80% güzəştlə” kimi kampaniyalar keçirilir. Bu zaman malların, məhsulların təqdim edilməsini bir əməliyyat kimi qiymətləndirmək lazımdır. Yəni, fiziki şəxs malları bir-bir alsa, kampaniyalardan yararlana bilməyəcək. Belə tək satış isə hərəsi bir əməliyyat kimi qiymətləndirilir. Ancaq kampaniya üzrə mallar əldə edildikdə həmin satış vahid bir əməliyyat sayılır, həmin kampaniya da bir satış əməliyyatı kimi qiymətləndirilir.

Məsələn, bir market 30% marja ilə çalışan ticarət obyektidir. Orada həyata keçirilən bir kampaniya üzrə müqayisələrə baxaq. Anbarda maya dəyəri 10 manat olan bir məhsulun satış qiymətini hesablayaq. Həmçinin, nümunə kimi, satışın stimullaşdırılması üçün tədbiq olunan bir marketinq kampaniyasını nəzərdən keçirək. Tutaq ki, qeyd etdiyimiz məhsul üzrə “3-nü al 1-i hədiyyə olsun (3+1)” kampaniyası keçirilir.

Açıqlamalar:

1 ədədin maya dəyəri - 10 manat
Marja 30% - 4,29 manat
Satış qiyməti - 14,29 manat
4 ədədin satış qiyməti - 57,14 manat
3 ədədin satış qiyməti - 42,86 manat
Vergi Məcəlləsinin 14-cü maddəsinə uyğun pərakəndə ticarət marjası (30%) - 17,14 manat
4 ədədin satış qiyməti 30%-dən aşağı satıldıqda - 40 manat
3+1 kompaniyasında satış ilə 4 satışda 30% aşağı fərqi - 2,86 manat

Buradan görünür ki, “3+1” kampaniyası zamanı məhsulun satış qiyməti 42,86 manat təşkil edir. Adi qaydada isə Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən pərakəndə ticarət üçün maksimum tətbiq ediləcək 30% aşağı məbləğ ilə hesablasaq, 4 ədədin satış qiyməti 40 manat olacaq.

Göründüyü kimi, “3+1” kompaniyası üzrə (42,86-40) = 2,86 manat daha çox gəlir əldə edilmiş olur. Yəni, sahibkar bu kampaniyanı tətbiq etməsə mal sata bilməz və nəticə olaraq, daha çox vergilərin hesablanmasına və heç bir vergidən yayınma halına yol verilmədiyi görünür.

İndi isə Vergi Məcəlləsinin 159.4-cü maddəsini bir daha nəzərdən keçirək. Həmin maddəyə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, habelə barter əməliyyatı vergi tutulan əməliyyat sayılır.

Yuxarıdakı misalımızda da pərakəndə ticarət müəssisəsi heç vaxt məhsullarını əvəzsiz təqdim etməyib. Əgər əvəzsiz təqdimetmə olarsa, onda bu, fiziki şəxslərə hədiyyə verilmiş kimi qiymətləndirilir. Amma pərakəndə ticarət müəssisəsi qiymət siyasətinə uyğun olaraq müxtəlif güzəştlər verilməklə, satışı artırmaqla, bazarda dayanıqlığını saxlamaqla satışı stimullaşdırmağa çalışıb. Bu güzəştlər, kampaniyalar heç vaxt əvəzsiz olmayıb. Yəni, hər hansı bir güzəşt əldə etmək üçün müəyyən məbləğdə mal alınmalıdır ki, bundan sonra kompaniyaya düşsün və güzəşt əldə olunsun. Bütün bu əməliyyatlar əvəzli əməliyyatlar sayılır.

Vergi Məcəlləsinin 14.6.1-ci maddəsində göstərilib ki, malların (işlərin, xidmətlərin) bazar qiymətləri müəyyənləşdirilərkən qiymətlərə təsir edə bilən aşağıdakı amillər nəzərə alınır:

- mallara (işlərə, xidmətlərə) tələb və təklifin dəyişməsi, (o cümlədən istehlakçı tələbinin mövsümi olaraq artıb-azalması);

- marketinq siyasətinin aparılması ilə əlaqədar analoqu olmayan yeni malların (işlərin, xidmətlərin) bazara çıxarılması, yaxud malların (işlərin, xidmətlərin) yeni bazara çıxarılması, istehlakçıların tanış olması məqsədilə əmtəə nümunələrinin təqdim edilməsi;

Yuxarıdakı maddələrdən də aydın olur ki, bazar qiymətini müəyyənləşdirəndə ən vacib tələblərdən biri Vergi Məcəlləsinin 14.6.1-ci maddəsinin tələblərinin nəzərə alınmasıdır. Yəni topdansatış, pərakəndə, istehsal, xidmət və digər sahələrdə satışlarda faizləri müəyyənləşdirməzdən əvvəl qanunvericilikdə olan tələblər əsasında baza qiymətləri təyin edilməlidir. Xüsusilə bazar qiymətini təyin edəndə bu Məcəllənin 14.6.1.3-cü və 14.6.1.7-ci maddələrinin tələbləri vacibdir.

Beləliklə, aydın olur ki, normal fəaliyyət göstərən vergi ödəyiciləri marketinq siyasətini müxtəlif kampaniyalar formasında reallaşdıranda malları satış qiymətlərindən, eləcə də maya dəyərindən aşağı qiymətə təqdim edə bilər və bu, əlavə vergilərin hesablanmasına gətirib çıxarmayacaq. Əsas məqsəd həmin kampaniyaların düzgün, şəffaf formada və vergidən yayınmaq istəyi olmadan tətbiq edilməsidir.

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?