8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əmək kitabçalarının işçilərə qaytarılması ilə bağlı vacib məqamlar

Əmək Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı Qanunun keçid müddəasında qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilir. Mövzu ilə bağlı “vergiler.az”ın suallarını cavablandıran iqtisadçı-ekspert Anar Bayramov qeyd olunan maddədə bəzi diqqətçəkən məqamlara aydınlıq gətirir: 

Birinci məqam işəgötürən tərəfindən hansı tarixdən etibarən əmək kitabçalarının qaytarılması ilə bağlıdır. Keçid müddəasında bildirilib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən əmək kitabçaları geri qaytarılmalıdır. Əmək Məcəlləsində dəyişikliklər haqqında Qanunun parlamentdə qəbul tarixi 29 iyun 2024-cü il, dərc edildiyi tarix isə 12 avqust 2024-cü ildir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1-ci maddəsində qeyd edilir ki, qanunlar, fərmanlar və Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Bu səbəbdən də Əmək Məcəlləsində edilmiş dəyişikliklər barədə Qanunun qüvvəyə minmə tarixi 12 avqust 2024cü il tarix hesab edildiyindən, işəgötürənlər həmin tarixdən etibarən əmək kitabçalarını işçilərə təhvil verə bilərlər.

İkinci məqam işəgötürən tərəfindən hansı müddətə qədər əmək kitabçalarının təhvil verilməsidir. Keçid müddəasında əmək kitabçalarının təhvil verilməsi ilə bağlı son müddət müəyyən edilməyib. O səbəbdən də əmək kitabçalarının hansı müddətdə işçilərə təhvil verilməsi işəgötürənlər tərəfindən müəyyən edilir.

Üçüncü məqam təhvil verilən əmək kitabçalarında işəgötürənin hər hansı qeydlər aparıb-aparmaması ilə bağlıdır. Dəyişikliyədək əmək kitabçası işəgötürənlər tərəfindən əmək müqaviləsinə xitam halında təhvil verildiyi üçün xitam haqqında qeydlər imza və möhürlə təsdiq edilirdi. İndiki halda isə işəgötürənlər cari, yəni əmək müqaviləsinə xitam verilməyən işçilərin əmək kitabçalarını təhvil verdikləri üçün kitabçada hər hansı qeyd aparılmasına ehtiyac yoxdur.

Dördüncü məqam işəgötürən tərəfindən hansı işçilərin əmək kitabçalarının geri qaytarılması ilə bağlıdır. Qanunun keçid müddəasında qeyd edilir ki, elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işçilərə təhvil verilməlidir. Bu zaman sual yaranır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmalıdırmı?

Misal: Tutaq ki, işçinin əmək kitabçasında 1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri göstəriciləri qeyd edilib. Bu zaman işəgötürən həmin işçinin də əmək kitabçasını geri qaytarmalıdırmı?

Keçid müddəasından belə anlaşılır ki, elektron informasiya sistemində məlumatları mövcud olmayan əmək kitabçaları işçilərə geri qaytarılmamalıdır. Çünki keçid müddəasında qeyd edilməyib ki, bu Qanun qüvvəyə mindiyi tarixdən bütün əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilməlidir. Xüsusi olaraq vurğulanıb ki, "…elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları” işçilərə təhvil verilməlidir. Bu səbəbdən də düşünürük ki, işəgötürən yalnız elektron informasiya sistemində məlumatları mövcud olan işçilərə əmək kitabçalarını geri qaytarmalıdır.

Maraqlıdır ki, niyə keçid müddəasında "1 iyul 2014-cü il tarixədək xitam verilən əmək müqavilələri” anlayışından istifadə edilməyib? Cünki 2008-2010-ci illərdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən işəgötürənlərin bəzilərindən əmək kitabçası haqqında məlumatların tələb edilməsi həyata keçirildi. Həmin tələblərlə bağlı bütün işəgötürənlər üzrə prosesi həyata keçirmək mümkün olmasa da, bəzi işçilər üzrə məlumatlar elektron informasya sistemində əks olunub. Bu səbəbdən də həmin şəxslərin əmək stajları üzrə məlumatlar elektron sistemdə əksini taparsa, işəgötürənlər onların da əmək kitabçalarını qaytara bilərlər. Bir hal da mümkündür ki, işçinin əmək stajına başladığı dövrün müəyyən hissəsi kağız formada əmək müqaviləsi imzalanan vaxta təsadüf edib. Bu zaman həmin dövr də elektron informasiya sistemində əks olunmayacaq.

Bəs əmək müqaviləsinə xitam verilən işçinin əmək kitabçası necə təhvil verilməlidir?

Əmək Məcəlləsində son dəyişikliklə bağlı Qanun qüvvəyə mindikdən sonra işçi hər hansı səbəbdən işdən azad oluna bilər. İşəgötürən əmək müqaviləsinə xitamla bağlı prosesi həyata keçirdiyi zaman əmək kitabçasını həmin şəxsə təhvil verməyib. Bu zaman işəgötürən əmək müqaviləsinə xitam verilən işçinin əmək kitabçasına xitamla bağlı qeyd etdikdən sonra sənədi işçiyə təhvil verə bilər.
Digər hal da mümkündür ki, işçinin əmək kitabçası təhvil verildikdən sonra əmək müqaviləsinə xitam verilsin. Bu zaman işəgötürən tərəfindən işçiyə təhvil verilən əmək kitabçası geri alınmaqla xitamla bağlı qeydin aparılması qanunvericilikdə nəzərdə tutulmayıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?