5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya məbləği bu il vergiyə cəlb olunurmu? MƏQALƏ

Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Mahmud Abasquliyev şərh edir. 

Bildiyimiz kimi, 01.01.2019-cu ildən 01.01.2026-cı ilədək qeyri-neft və qeyri-dövlət sektorunda çalışan işçilərin əməkhaqları hesablanan zaman 8.000 manata qədər olan məbləğlər gəlir vergisindən azad idi. Artıq bu il yanvar ayının 1-dən özəl sektorda çalışan işçilərin əməkhaqlarına 3% gəlir vergisi tətbiq olunmağa başlayıb.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, əsas iş yerində çalışan əməkdaşların 2.500 manata qədər olan əməkhaqqı məbləğlərinin 200 manatlıq hissəsi vergidən azaddır.

Qanunvericiliyə yeniliyin daxil edilməsi digər gəlirlərin hesablanması və vergiyə cəlb olunub-olunmaması ilə bağlı müəyyən suallar doğurur. Əvvəlki illərdə çalışan və illik məzuniyyət hüququndan istifadə etməyən işçilərə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərsə, bu zaman həmin məbləğ gəlir vergisinə cəlb ediləcəkmi?

Bu suala birmənalı olaraq “bəli” deyə bilərik. Çünki işçi istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanı artıq 2026-cı ildə alacaq. Yəni həmin kompensasiya məbləği işçinin cari il üzrə gəliri olduğundan yeni qayda ilə gəlir vergisinə cəlb ediləcək. Əsas iş yerində çalışan işçiyə hesablanan kompensasiya məbləği 2.500 manatdan azdırsa, o zaman 200 manat azadolma məbləği də tətbiq ediləcək, qalan hissəsi 3% gəlir vergisinə cəlb olunacaq. Sosial sığorta ödənişləri mövcud qanunvericiliyin tələbinə uyğun qaydada tutulacaq.

Əvvəlki illər üzrə hesablanan məzuniyyətin kompensasiyası cari ilin həmin ayında verilərkən vahid rüblük hesabatda ayrıca göstərilərək əsas iş yeri üzrə güzəşt tədbiq ediləcək.

Əvvəlki illər üzrə hesablanan məzuniyyətin kompensasiyasının hesablanıb verilməsi Əmək Məcəlləsinin 111-ci və 135-ci maddələri ilə tənzimlənir.

Misal: İşçi özəl sektorda baş mühasib vəzifəsində çalışır və əməkhaqqı 1.500 manatdır. O, 2022-ci ildən işləsə də məzuniyyətə çıxmayıb. Baş mühasib 2026-cı ildə ötən illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya almaq istəyir. Tutaq ki, buna görə ona 2.000 manat kompensasiya məbləği hesablanıb. Bu zaman həmin məbləğ artıq gəlir vergisinə cəlb ediləcək.

Gəlir vergisinə cəlb olunacaq məbləğ: 2.000 - 200 = 1.800 manat;
Gəlir vergisi = 1.800 x 3% = 54 manat;
İşçidən tutulan MDSS məbləği: 200 x 3% + (2.000 - 200) x 10% = 186 manat;
İşçidən tutulan işsizlikdən sığorta haqqı: 2.000 x 0.5% = 10 manat;
İşçidən tutulan icbari tibbi sığorta haqqı: 2.000 x 2% = 40 manat;
Net kompensasiya məbləği: 2.000 – 54 – 186 – 10 – 40 = 1.710 manat.

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?