Milyardlıq bazarda Azərbaycan imzası: yerli oyun startapları beynəlxalq rəqabətə hazırdır MƏQALƏ
Bir vaxtlar sadəcə əyləncə vasitəsi hesab edilən oyunlar hazırda ölkələrin ixrac potensialına ciddi töhfə verən nəhəng bir sənayeyə çevrilir. 2025-ci ilin statistik göstəriciləri də bunu təsdiqləyir. Mütəxəssislər qlobal gəlirləri 189–197 milyard ABŞ dolları aralığında qiymətləndiriblər, 2026-cı ildə isə bu rəqəmin 210 milyard dolları ötəcəyi proqnozlaşdırılır.
Bazarın 55 faizini isə məhz mobil oyunlar təşkil edir və Çin, Yaponiya, Cənubi Koreya kimi ölkələr sənayedə liderliyi qoruyub saxlayır. Sevindirici haldır ki, son dövrlər Azərbaycanda da rəqabətədavamlı, iddialı oyunlar yaranmağa başlayıb. Ən vacib məqamlardan biri isə bu sahənin dövlət dəstəyindən kənarda qalmamasıdır. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) son iclasında vergi güzəşti nəzərdə tutan şəhadətnamə təqdim edilən 8 startapdan 4-ü yerli mühəndislərin hazırladığı oyunlardır. "vergiler.az" həmin layihələrin müəllifləri ilə görüşüb, oyunların ixracı istiqamətində görülən işlərlə maraqlanıb.
“The Last Station – Baku” dünya nəhəngləri ilə eyni sırada...
“Startap” şəhadətnaməsi təqdim edilən Sərxan Abbaszadənin təsisçisi olduğu “85 Games Studio” yerli və beynəlxalq bazarlara yüksək keyfiyyətli məhsullar çıxarmağı hədəfləyir. Peşəkar fəaliyyətinə dövlət və özəl sektorda proqramçı kimi başlayan S.Abbaszadə 2017-ci ildən etibarən fəaliyyətini tamamilə oyun sənayesinə yönəldib. O, Azərbaycan Universitetində “Kompüter mühəndisliyi” ixtisası üzrə bakalavr, Bakı Dövlət Universitetində isə “Kompüter elmləri” üzrə magistr təhsili alıb.
Studiyanın vizit kartı hesab olunan “The Last Station - Baku” layihəsi qısa hekayəli qorxu, tapmaca (puzzle) və detektiv janrlarını özündə birləşdirir. Bu oyun qlobal miqyasda elə bir uğur qazanıb ki, xarici media onu “GTA” və “Red Dead Redemption” (RDR) kimi dünya nəhəngləri ilə eyni siyahıda göstərib. Yerli mühəndisin yaratdığı oyun "İlin ən yüksək qrafikalı mobil oyunları" sırasında yer alıb. Layihə vizual keyfiyyətinə görə məşhur oyunların mobil versiyaları ilə ciddi rəqabət aparır.
Oyunun aktuallığını qorumaq və istifadəçi marağını daim canlı saxlamaq məqsədilə yaxın zamanda layihəyə multiplayer (çoxnəfərli) rejiminin inteqrasiyası planlaşdırılır. Bu yenilik oyunçulara real vaxt rejimində birgə mübarizə aparmaq və sosiallaşmaq imkanı verəcək. Məhsul hazırda “App Store” və “Google Play” platformalarında qlobal auditoriya üçün əlçatandır. Studiyanın daha öncə istehsal etdiyi “Hooligan - Car Modification” oyunu ümumilikdə 700 mindən çox yüklənmə ilə aylıq təxminən 100 min aktiv oyunçuya sahibdir. Yeni təqdim olunan premium (ödənişli) oyun modeli isə gəlir potensialını əhəmiyyətli dərəcədə artırıb.
Komanda “Startap” şəhadətnaməsinin verdiyi vergi güzəştləri hesabına qənaət edilən vəsaiti birbaşa oyunların qlobal marketinqinə və yeni layihələrin istehsalına yönəltməyi planlaşdırır. S.Abbaszadə vurğulayır ki, studiyanın strateji hədəfi təkcə kommersiya uğuru deyil, həm də oyunlar vasitəsilə Azərbaycan dilini, tarixini və mədəniyyətini beynəlxalq arenada təbliğ etməkdir.
“Jupiter”: yeni kooperativ “survival indie” oyunu
Azərbaycanın oyun sənayesinin maraqlı nümunələrindən biri də Yəhya İsmayılovun müəllifi olduğu “Jupiter” layihəsidir. “Indie” janrında ərsəyə gələn bu oyun klassik “arcade” ənənələrini müasir “gameplay” texnikaları ilə uğurla sintez edərək oyunçulara tamamilə fərqli təcrübə təqdim edir. Startapçı vurğulayır ki, “Jupiter” sadəcə əyləncə vasitəsi deyil, həmçinin sürətli reaksiya, strateji düşüncə və koordinasiya tələb edən interaktiv bir platformadır. Dostlarla komanda şəklində oynayarkən ünsiyyət və ortaq qərarvermə bacarıqlarını gücləndirən bu oyun qısa və dinamik sessiyalarla əyləncə bəxş etməklə bərabər, mürəkkəb mərhələləri ilə oyunçuları ciddi sınaq qarşısında qoyur.
“Jupiter”in ən cəlbedici tərəfi, şübhəsiz ki, onun şaquli dünya dizaynı və xaotik fizika qanunlarına əsaslanmasıdır. Hadisələr “Fault Line” adlanan riskli zonada cərəyan edir, burada oyunçuların əsas missiyası büdrəmədən daim zirvəyə can atmaqdır. Oyun maraqlı bir dilemma təqdim edir: siz komanda yoldaşınıza dəstək olub onu yuxarı qaldıra və ya təsadüfi bir həmlə ilə uçuruma yuvarlada bilərsiniz. Səsə həssas bitkilər, qəfil hücum edən flora nümunələri və “sleeping rock” kimi ətraf mühit maneələri oyuna unikal dinamika qatır. Kooperativ yanaşma ilə etibar sisteminin bu cür vəhdəti “Jupiter”i klassik “survival” (sağqalma) oyunlarından fərqləndirən əsas amildir.
Komandanın gələcək yol xəritəsi olduqca genişdir, buraya çoxnəfərli (multiplayer) sistemin miqyasının böyüdülməsi, yeni biomların və düşmən növlərinin əlavə edilməsi, ən əsası isə oyunun nüfuzlu “Steam” platformasında rəsmi buraxılışı daxildir. Layihənin qlobal vizyonu isə “Jupiter”i beynəlxalq “indie” bazarında “kooperativ survival” janrının tanınmış brendinə çevirməkdir.
Dövlət tərəfindən təqdim olunan “Startap” şəhadətnaməsi layihəni 3 il müddətinə gəlir vergisindən azad edir. Söhbət zamanı Y.İsmayılov bu güzəşti layihənin inkişafı üçün strateji əhəmiyyətli dəstək kimi qiymətləndirdi, qeyd etdi ki, qənaət edilən maliyyə resursları birbaşa texniki təkmilləşdirməyə, server infrastrukturunun qurulmasına və beynəlxalq marketinqə yönəldiləcək. Təsisçinin fikrincə, dövlət dəstəyi “Jupiter”in həm daxili bazarda möhkəmlənməsini, həm də beynəlxalq arenaya daha iddialı girişini təmin edəcək.
“The Zombie Slayers”: beynəlxalq bazara hədəflənən layihə
Beynəlxalq bazara yönəlmiş “The Zombie Slayers” miqyaslana bilən (scalable) model əsasında hazırlanmış innovativ oyun layihəsidir. Təsisçi Rəşad İbrahimli bildirir ki, əsas məqsəd yüksək keyfiyyətli və uzunömürlü oyun ekosistemi formalaşdırmaqdır. Artıq minlərlə nüsxəsi satılan oyun ilkin uğurlu göstəriciləri ilə qlobal bazarda müsbət dinamika nümayiş etdirir.
Layihə təkcə oyunçulara keyfiyyətli əyləncə vəd etmir, həm də yerli oyun sənayesində yeni iş yerləri və əməkdaşlıq imkanları yaradır. Oyunun texniki arxitekturası – xüsusilə “modular-game structure” (modul oyun strukturu) tətbiqi, müstəqil xəritələr və fərqli hekayə xətləri məzmunun genişləndirilməsini xeyli asanlaşdırır. Bu çevik sistem yeni modların, xəritələrin və personajların oyuna sürətli inteqrasiyasına şərait yaradır. Hazırda komanda multiplayer (çoxnəfərli) rejimin genişləndirilməsi və “seasonal” kontent (mövsümi məzmun) strategiyası üzərində intensiv işləyir. Əsas hədəf oyunu sadəcə bir məhsul kimi deyil, “Steam” platforması üzərindən daim yenilənən canlı xidmətə çevirməkdir. Optimallaşdırılmış performansı və balanslı oyun mexanikası ilə seçilən layihə beynəlxalq rəqabətə tam hazır vəziyyətə gətirilib.
“The Zombie Slayers”in strateji hədəfi aydındır - yerli oyun sənayesini beynəlxalq səviyyəyə daşımaq və ölkəyə valyuta axını təmin edən, dayanıqlı bir qlobal brend formalaşdırmaq. Dövlət tərəfindən təqdim olunan vergi güzəştləri layihənin maliyyə dayanıqlığını əhəmiyyətli dərəcədə artırır. R.İbrahimli qənaət edilən vəsaitin birbaşa məhsulun inkişafına, qlobal marketinqə və komandanın genişləndirilməsinə yönəldiləcəyini, bununla da artım tempinin sürətlənəcəyini bildirir.
“Special Meat”: yerli simulyasiya oyunu qlobal rəqabət meydanında
Oyun sektorundakı növbəti uğur “Untitled Game Studio”ya məxsusdur. Studiyanın “Special Meat” layihəsi də innovativ yanaşmasına görə “Startap” şəhadətnaməsi ilə dəstəklənib.
Layihənin təsisçisi İlkin Əliyev “Special Meat”i post-apokaliptik dünyada cərəyan edən, tünd atmosferə malik və idarəetmə bacarıqlarını sınağa çəkən simulyasiya oyunu adlandırıb. Layihə artıq ilk uğurunu qazanıb. Belə ki, komanda ölkədə keçirilən ilk rəsmi oyun inkubasiya proqramında (Gamepons/IDDA) ilk üçlüyə daxil olaraq 10 min manatlıq mükafatı qazanıb. Yüksək ixrac potensialına malik rəqəmsal aktiv hesab olunan oyunun əsas hədəfi qlobal “Steam” bazarına çıxmaq və ölkəyə valyuta axını təmin etməkdir. Oyunçular üçün isə bu layihə gündəlik rutinlərdən uzaqlaşaraq, strateji qərarlar verə biləcəkləri alternativ və keyfiyyətli bir dünya vəd edir.
Studiya yaxın zamanda “Special Meat”in demo versiyasını beynəlxalq auditoriyaya təqdim etməyə hazırlaşır. Gələcək inkişaf planları da kifayət qədər iddialıdır. Buraya oyun dünyasını genişləndirən əlavə məzmunlar (DLC), unikal xarakterli müştəri tipləri və oyunçuları daha ciddi sınaqlar qarşısında qoyan yeni rejimlərin inteqrasiyası daxildir.
PC platforması üçün hazırlanmış oyunun ən böyük texniki üstünlüyü, şübhəsiz ki, dünyanın qabaqcıl mühərriki hesab edilən “Unreal Engine 5” texnologiyası üzərində qurulmasıdır. Bu seçim kiçik bir komandaya qlobal bazarın nəhəngləri ilə rəqabət apara biləcək səviyyədə vizual keyfiyyət və mükəmməl optimizasiya əldə etmək imkanı verir.
İ.Əliyev vurğulayır ki, bazardakı simulyasiya oyunlarının əksəriyyəti bəsit və təkrarlanan "klikləmə" prinsipinə əsaslansa da, onların layihəsi dərin idarəetmə və atmosferi ilə fərqlənir. Burada oyunçuya hazır nəticə təqdim olunmur, əksinə, o, xammalın tədarükündən tutmuş emal və vitrin satışına qədər bütün prosesi şəxsən idarə etməlidir. Bu yanaşma xüsusi yaradılmış "post-sovet" ab-havası ilə vəhdət təşkil edərək, oyunçuya bazarda bənzəri olmayan realistik təcrübə bəxş edir.
KOBİA tərəfindən verilmiş “Startap” şəhadətnaməsi “Untitled Game Studio”ya biznesə yenidən investisiya etmək imkanı qazandırır. İ.Əliyev vergidən azad olunan vəsaitin birbaşa texniki bazanın gücləndirilməsinə və qlobal marketinqə yönəldiləcəyini vurğulayır. Təsisçi əmindir ki, bu dövlət dəstəyi studiyanın inkişaf tempini artıracaq və beynəlxalq bazara çıxışını əhəmiyyətli dərəcədə sürətləndirəcək.
Faiq KƏRİMOĞLU
