Azərbaycanda transfer qiymətləndirilməsinin hüquqi və praktik aspektləri
Mövzunu “vergiler.az”a hüquqşünas, “Allied Legal Partners hüquq şirkəti” MMC-nin partnyoru Elxan Əskərov şərh edir.
Transfer qiymətləndirilməsi (transfer pricing) beynəlxalq vergitutma sistemində mənfəətin ədalətli bölgüsünü təmin edən və vergitutma bazasının süni şəkildə azaldılmasının qarşısını alan əsas mexanizmlərdən biridir. Qlobal iqtisadiyyatın inteqrasiyası, transmilli şirkətlərin və çoxsəviyyəli korporativ qrupların artması transfer qiymətləndirilməsini vergi inzibatçılığının prioritet istiqamətlərindən birinə çevirib.
Azərbaycan Respublikasında transfer qiymətqoyması institutu 2017-ci ildən sistemli şəkildə tətbiq olunur və milli normativ baza beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırkı yanaşma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Transfer Qiymətləri üzrə Təlimatları, Birləşmiş Millətlər Təşkilatının inkişaf etməkdə olan ölkələr üçün praktiki təlimatı və BEPS təşəbbüsünün 13-cü fəaliyyət planı əsasında formalaşdırılıb.
Hüquqi tənzimləmə
Azərbaycan Respublikasında transfer qiymətinin anlayışı Vergi Məcəlləsinin 13.2.65-ci maddəsində müəyyən edilib. Həmin maddəyə əsasən, transfer qiyməti qarşılıqlı surətdə asılı şəxslər arasında aparılan əməliyyat zamanı tətbiq edilən qiymət olaraq qəbul edilir. Məcəllənin 14-1-ci maddəsi isə transfer qiymətlərinin tətbiqinə aid halları tənzimləyir, həmçinin vergi orqanına nəzarət olunan əməliyyatlarda qiymətlərin uyğunluğunu yoxlamaq və zəruri hallarda yenidən hesablama aparmaq hüququnu verir. Qarşılıqlı asılı şəxslərin dairəsi 18-ci maddədə, transfer qiymətləri ilə bağlı sənədləşmə və hesabat pozuntularına görə tətbiq olunan maliyyə sanksiyaları isə 57.4-cü maddədə göstərilib. Bununla yanaşı, 27 yanvar 2017-ci il tarixli “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları” Azərbaycan Respublikasında transfer qiymətlərinin metodoloji əsaslarını formalaşdırır və qiymətlərin müəyyən edilməsində vahid yanaşmanı təmin edir.
Əsas prinsiplər
Transfer qiymətləndirilməsinin əsasını “qol uzunluğu prinsipi” təşkil edir. Bu prinsipə görə, bağlı tərəflər arasında tətbiq edilən qiymətlər müstəqil tərəflər arasında eyni və ya oxşar iqtisadi şəraitdə formalaşan bazar qiymətlərinə uyğun olmalıdır.
Digər fundamental yanaşma isə məzmunun forma üzərində üstünlüyü prinsipidir. Yəni qiymətləndirmə zamanı müqavilənin formal şərtləri deyil, əməliyyatın real iqtisadi mahiyyəti, tərəflərin faktiki funksiyaları, istifadə etdikləri aktivlər və daşıdıqları risklər əsas götürülür. Müasir transfer qiymətləndirilməsində risk yalnız müqavilədə göstərildiyi üçün deyil, faktiki olaraq kim tərəfindən idarə edilirsə, həmin tərəfə aid edilir.
Qarşılıqlı asılılıq və nəzarət olunan əməliyyatlar
Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən, bir şəxsin digər şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı şəkildə ən azı 20 faiz iştirak payına malik olması qarşılıqlı asılılıq yaradır. Eyni zamanda, birbaşa və ya dolayı nəzarət münasibəti, üçüncü şəxsin hər iki tərəfə nəzarəti və ya birgə nəzarət halları da asılılıq kimi qiymətləndirilir. Bu münasibətlər bazar şərtlərindən kənar qiymətlərin tətbiqi riskini artırdığı üçün həmin əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir.
Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində göstərilib ki, transfer qiymətləndirilməsi Azərbaycan rezidenti ilə onun qarşılıqlı asılı olduğu qeyri-rezident arasında aparılan əməliyyatlara tətbiq edilir. Qeyri-rezidentin Azərbaycandakı daimi nümayəndəliyi ilə digər bağlı şəxslər arasındakı əməliyyatlar da bu rejimə daxildir. Bundan əlavə, güzəştli vergi rejimli ölkələrdə qeydiyyatlı subyektlərlə əməliyyatlar, beynəlxalq birja malları üzrə əməliyyatlar və illik gəliri 30 milyon manatdan artıq olan rezidentlərin müəyyən həddi aşan xarici əməliyyatları nəzarət olunan əməliyyatlar kimi qiymətləndirilir. Hər bir qeyri-rezidentlə aparılan əməliyyatların həcmi ümumi gəlir və ya xərclərin 30 faizindən artıq olduqda, transfer qiymətləndirilməsi qaydaları tətbiq edilir. Qiymətlər bazar səviyyəsindən kənara çıxarsa, vergi orqanı əlavə vergi hesablayaraq düzəliş aparmaq səlahiyyətinə malikdir.
Transfer qiymətinin müəyyən edilməsi metodları
Transfer qiymətlərinin müəyyən edilməsi üçün beş əsas metod tətbiq edilir.
- Müqayisə edilə bilən qiymət üsulu nəzarət olunan əməliyyat çərçivəsində təqdim edilən və ya alınan malın (işin, xidmətin) qiymətinin nəzarət olunmayan əməliyyat çərçivəsində olan qiymətlə müqayisə edilərək transfer qiymətinin müəyyən olunmasıdır.
- Sonrakı (təkrar) satış qiyməti üsulu nəzarət olunan əməliyyat çərçivəsində alınan və sonradan müstəqil şəxslərə satılan malın alış qiymətinin, yaxud müstəqil şəxslərdən alınan malın sonradan nəzarət olunan əməliyyat çərçivəsində satış qiymətinin müstəqil şəxslərin arasında satış qiyməti ilə müqayisə olunaraq transfer qiymətinin müəyyən edilməsidir.
- Dəyərin toplanması üsulunda nəzarət olunan əməliyyatlar üzrə təqdim edilən malların (işlərin, xidmətlərin) istehsalı ilə bağlı çəkilmiş faktiki xərclərin üzərinə əlavə edilən gəlir marjası nəzarət olunmayan əməliyyat üzrə tətbiq edilən eyni göstərici ilə müqayisə olunur.
- Rentabellilik üsulunda (TNMM) nəzarət olunan əməliyyatlar çərçivəsində əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin onun ümumi xərclərində, gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisi nəzarət olunmayan əməliyyatlar çərçivəsində müstəqil tərəfin eyni göstəricisi ilə müqayisə edilir.
- Mənfəətin bölgüsü üsulu isə müəssisələr qrupuna daxil olan müəssisələrdən birinin əldə etdiyi mənfəətinin qrupun məcmu mənfəətdəki xüsusi çəkisi müstəqil müəssisələr qrupunda olan xüsusi çəki ilə müqayısə edilərək, transfer qiymətinin müəyyən edilməsidir.
Metod seçimi funksional təhlilə əsaslanmalıdır və seçilmiş metod iqtisadi baxımdan əsaslandırılmalıdır.
Funksional təhlil və müqayisəli məlumat bazaları
Funksional təhlil (FAR analizi) transfer qiymətləndirilməsinin əsas mərhələsidir. Bu təhlildə tərəflərin icra etdiyi funksiyalar, istifadə etdikləri maddi və qeyri-maddi aktivlər, eləcə də daşıdıqları iqtisadi risklər sistemli şəkildə qiymətləndirilir. Qeyri-maddi aktivlərin – patentlərin, texnologiyaların, brendlərin gəlir formalaşdırmadakı rolu xüsusi diqqət mərkəzindədir. Müasir yanaşmada yalnız formal müqavilə deyil, real qərarvermə mexanizmi, riskin maliyyə resursları ilə təmin edilməsi və faktiki idarəetmə strukturu əsas götürülür.
Azərbaycanda transfer qiymətlərinin müqayisəli təhlili üçün Dövlət Vergi Xidməti (DVX) “Moody's”, “TP Catalyst”, “Orbis” və “Argus” kimi beynəlxalq məlumat bazalarından istifadə edir. Bu bazalar şirkət göstəriciləri, “benchmarking” və beynəlxalq əmtəə qiymətləri üzrə məlumat təmin edərək transfer qiymətlərinin düzgün müəyyən olunmasına kömək edir.
Hesabatlılıq və sənədləşmə
Hesabatlılıq tələbləri üçpilləli sistem əsasında qurulub. Nəzarət olunan əməliyyatlar barədə arayış əməliyyatın həcmi 500.000 manatdan artıq olduqda növbəti ilin 31 mart tarixinədək təqdim edilməlidir. Əsas Fayl qrupun qlobal strukturu, fəaliyyət modeli, qeyri-maddi aktivləri və risk bölgüsü barədə məlumatları əhatə edir. Lokal Fayl isə Azərbaycan rezidentinin konkret əməliyyatlarını, funksional təhlili, seçilmiş metodun əsaslandırılmasını və maliyyə göstəricilərini əks etdirir. Qrupun konsolidə olunmuş illik gəliri 750 milyon avrodan artıq olduqda Ölkələrarası Hesabat (Country-by-Country Report) təqdim edilir; bildiriş 30 iyun, hesabat isə 31 dekabr tarixinədək verilməlidir. Vergi orqanının tələbi ilə sənədlər 60 gün müddətində təqdim edilməlidir.
Sanksiyalar və hüquqi nəticələr
Vergi Məcəlləsinin 57.4-cü maddəsinə əsasən, sənədləşmə və hesabatlılıq tələblərinin pozulması maliyyə sanksiyalarına səbəb olur. Nəzarət olunan əməliyyatlar barədə arayışın təqdim edilməməsinə və ya yanlış məlumat verilməsinə görə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. “Master File” və “Local File” sənədlərinin 60 gün müddətində təqdim edilməməsi də 6.000 manat cərimə ilə nəticələnir. CbC hesabat və ya bildirişin təqdim edilməməsinə görə isə 10.000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulub. Bundan əlavə, bazar qiymətlərindən kənarlaşma aşkar edildikdə əlavə vergi, faiz və digər hüquqi nəticələr tətbiq oluna bilər.
Risklərin azaldılması: APA mexanizmi
Risklərin azaldılması üçün əvvəlcədən razılaşdırma mexanizmi (APA – Advance Pricing Agreement) mövcuddur. Bu mexanizm çərçivəsində vergi ödəyicisi əməliyyat başlanmazdan ən azı üç ay əvvəl müraciət edərək tətbiq olunacaq metod və göstəriciləri vergi orqanı ilə razılaşdıra bilər. Baxılma müddəti 30 gündür və müəyyən hallarda razılaşma əvvəlki dövrlərə də şamil edilə bilər. APA mexanizmi vergi mübahisələrinin qarşısının alınması və sabit vergi mühitinin təmin edilməsi baxımından effektiv alət hesab olunur.
Müasir yanaşmalar və əhəmiyyəti
Son illərdə transfer qiymətləndirilməsi üzrə yanaşma daha çox iqtisadi mahiyyətə əsaslanan təhlilə, dəyər zəncirinin qiymətləndirilməsinə və qeyri-maddi aktivlərin real töhfəsinin müəyyən edilməsinə yönəlib. Beynəlxalq məlumat mübadiləsinin genişlənməsi və qlobal nəzarət mexanizmlərinin güclənməsi şəraitində transfer qiymətləndirilməsi artıq yalnız texniki vergi aləti deyil, həm də korporativ idarəetmənin və reputasiya təhlükəsizliyinin mühüm elementi kimi qəbu edilir.
Nəticə etibarilə, transfer qiymətləndirilməsi Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun, sistemli və sanksiya mexanizmləri ilə gücləndirilmiş vergi institutudur. Şirkətlər üçün əsas prioritet düzgün sənədləşmə, əsaslandırılmış metod seçimi, funksional təhlilin keyfiyyətli aparılması və risklərin qabaqlayıcı şəkildə idarə edilməsidir. Proaktiv yanaşma və normativ tələblərə tam riayət olunması transfer qiymətləndirilməsi sahəsində hüquqi təhlükəsizliyin və vergi sabitliyinin təmin edilməsinin əsas şərtidir.
