Kimlər 75%-lik vergi güzəştindən yararlana bilər?
2025-ci ilin oktyabr ayında əmək müqaviləmə xitam verib fərdi sahibkar kimi fəaliyyətə başlamışam. Banklara (əvvəlki iş yerimdən fərqli yerə) “6202202 - Optimal qərarların seçilməsi məsələləri üzrə məsləhətlər” koduna uyğun məsləhət xidməti göstərirəm. 2025-ci il oktyabr-dekabr dövrü üzrə sahibkarlıq fəaliyyətindən gəlirim 45.000 manatdan azdır. 2025-ci il üzrə gəlir vergisi ödəyərkən 75%-lik güzəştdən yararlana bilərəmmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manata qədər olduqda, həmin gəlirlərin 75 faizi gəlir vergisindən azaddır.
Qeyd olunan fəaliyyət növlərinə proqram təminatının işlənməsi sahəsində xidmətlər, layihə-dizayn və dekorasiya xidmətləri, tərcümə xidməti, reklam xidməti, araşdırma və tədqiqat sahəsində fəaliyyət, elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, jurnalistlərin fəaliyyəti, bazar konyukturunun öyrənilməsi, qiymətləndirmə fəaliyyəti, avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti, turizm bələdçiliyi və xidmətlərin ixracı aiddir.
Bildiririk ki, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə və Vergi Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən bir il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara nəzərdə tutulan güzəşt şamil edilmir.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.
Sorğuya cavab olaraq bildirik,ki optimal qərarların seçilməsi məsələləri üzrə məsləhət xidmətləri Vergi Məcəlləsinin 102.1.30-1 ci maddəsində qeyd edilmiş fəaliyyət növünə aid olunmadığından, nəzərdə tutulan güzəşt şamil edilməyəcək.
Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi
