21 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?

Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsəm. Hazırda başqa heç bir iş yerim yoxdur və yalnız “YouTube” platformasında özümə məxsus kanal vasitəsilə “Google AdSense”dən gəlir əldə edirəm. Sponsorlu reklam və ya üçüncü şəxslərlə müqaviləm yoxdur. Gəlirlərim xarici mənbədən (Google) əldə olunur və bank hesabıma köçürülür. Fiziki şəxs - sahibkar kimi VÖEN qeydiyyatım var. Bilmək istərdim ki, bu fəaliyyət Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi üzrə gəlir vergisi güzəşti tətbiq olunan fəaliyyət sahəsi hesab olunurmu? Əgər vergi güzəşti tətbiq edilirsə, illik gəlirin neçə faizi vergidən azaddır? Bu halda sosial sığorta üzrə hansı ödəniş öhdəliyim yaranır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Eyni zamanda bildiririk ki, 2025-ci ilin yanvarın 1-dən etibarən Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlər (xərclər nəzərə alınmadan) 45.000 manata qədər olduqda həmin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Fəaliyyətiniz Vergi Məcəlləsinin 102.1.30-1 -ci maddəsində qeyd olunmuş reklam xidməti və xidmətlərin ixracına aid edildiyi halda 75 faiz güzəşt hüququndan istifadə oluna bilər.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə şamil edilmir.

Əlavə olaraq bildiririk ki, nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahələri ilə də məşğul olduqda, 102.1.30-1-ci maddədə nəzərdə tutulan güzəşt hüququndan yalnız o halda istifadə edə bilər ki, həmin fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

"Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən çox olmamaq şərtilə, gəlirlərinin (xərclər çıxılmadan) 2 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərinə görə etməli olduğunuz addımlar barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi ” bölməsində yerləşdirilmiş məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri və “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsi.

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?