Sahibkar Azər Qurbanov: “Əsas hədəflərimizdən biri ixracın genişləndirilməsidir”
Azərbaycanda aqrar sektora dövlət dəstəyi gücləndikcə bu sahədə məhsul istehsalı və ixracı da getdikcə artır. Keçən il Azərbaycandan ixrac edilən aqrar-sənaye məhsullarının dəyəri 912,4 milyon manat olub ki, bu da 2021-ci ilin göstəricisindən 11,8% çoxdur. 2022-ci ildə ixrac edilən aqrar məhsullar qrupunun 93%-ni meyvə-tərəvəz təşkil edib.
Azərbaycandan xaricə meyvə ixracının artmasında rolu olan şirkətlərdən biri də “Fruitgarden” MMC-dir. 2016-cı ildən fəaliyyət göstərən şirkət ixrac sahəsində əldə etdiyi nailiyyətlərə görə ötən il İqtisadiyyat Nazirliyi tərəfindən “Fəal ixracatçı şirkət” nominasiyası üzrə “Dayaq” mükafatına layiq görülüb. Hazırda Lənkəran və Qusar rayonlarında tumlu, çəyirdəkli meyvələrin becərilməsi, onların ixracı ilə məşğul olan şirkətin mülkiyyətində 32,72 ha alma, 14,2 ha gilas, 17,16 ha nektarin, 1,6 ha armud, 2 ha şaftalı bağ sahəsi var. Şirkət 2022-ci ildə 680.418 manat investisiya qoyub.
Qusarda və Lənkəranda əhalinin məşğulluğunun təminində rol oynayan “Fruitgarden” MMC-nin direktoru Azər Qurbanovun sözlərinə görə, şirkət dövlətdən, xüsusilə İqtisadiyyat Nazirliyindən böyük dəstək alır. “Fruitgarden” 2018-ci ildə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondundan aldığı 500 min manat kredit hesabına fəaliyyətini daha da genişləndirib: “Bu, işimizə böyük dəstək oldu. Həmin il kredit hesabına sitrus meyvələrinin şaxtadan qorunması üçün aldığımız pərvanələr bizə 2019-cu ildə istehsal və ixrac imkanlarımızı artırmağa imkan verdi”.
Aqrar Kredit və İnkişaf Agentliyindən dəstək alan şirkətə dövlət 550 tonluq soyuducunun tikintisinin 40 faizinin, eləcə də suvarma xərclərinin 40 faizinin maliyyələşdirilməsində də kömək edib. Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin təşviq sənədi əsasında plastmas tara emalı sexi tikilib. Bu məhsullar şirkətin ehtiyacını tam ödəyir, daxili tələbatdan artıq qalan müxtəlif çeşidli plastmas taralar isə kənd təsərrüfatı məhsulları istehsalçılarına satılır.
Əsas hədəflərindən birinin ixracın genişləndirilməsi olduğunu deyən A.Qurbanov bildirib ki, 2016-cı ildən başlayaraq Rusiya bazarına məhsul ixrac edirlər. “Fruitgarden” Rusiyaya Qusar rayonundakı 60 hektarlıq bağda yetişdirdiyi məhsullarını ixrac edir. Şirkət Rusiya bazarına çıxartdığı məhsulları artırmaq üçün 2019-cu ildən qonşu ölkənin şəbəkə mağazaları ilə əməkdaşlıq etməyə başlayıb: “Məhsullarımızı yerli bazarımızda da satırıq. Bu il almanı xaricə ixrac etməmişik, öz bazarımızda satmışıq. İxrac həcmimiz mövsümdən asılı olaraq dəyişə bilir”.
A.Qurbanov qeyd edib ki, hazırda yeni ixrac mövsümü üçün hazırlıq işləri aparılır. İyulun 1-dən şaftalı və nektarinin ixracına başlamaq planlaşdırılır. İyun-sentyabr aylarında ixracın həcminin təxminən 30-40 faiz artacağı, mövsüm ərzində Rusiyaya şirkətin öz bağının barı olan 1.500 ton nektarin, 700 ton şaftalı, 300 ton ərik ixrac ediləcəyi gözlənilir.
İlhamə İSABALAYEVA