6 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Nurlan Nurəliyev: "Daxili bazarla kifayətlənməyib xarici bazarlarda da pay sahibi olmaq istəyirik"

Dünyada baş verən son proseslər də onu göstərir ki, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi, idxaldan asılılığın minimuma endirilməsi və buna nail olmaq üçün yerli istehsalın stimullaşdırılması daha düzgün seçilmiş yoldur. Məhz bu yolu seçən Azərbaycanda da uzun illərdir ki, ərzaq təhlükəsizliyinin təmin olunması və yerli istehsalın dəstəklənməsi üçün müxtəlif tədbirlər həyata keçirilir, müəyyən güzəştlər tətbiq edilir.

Ərzaq təhlükəsizliyinə nail olmaq üçün Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərdən biri sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi yolu ilə qida məhsullarının istehsalı, emalı sektorunun inkişaf etdirilməsidir. Müxtəlif dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsinin nəticəsidir ki, 2021-ci illə müqayisədə ötən il Azərbaycanda qida məhsullarının istehsalında 7,7 faiz artım qeydə alınıb.

Stimullaşdırıcı tədbirlər, ölkədə yaradılan əlverişli biznes mühiti qida sektorunda çalışan sahibkarların sayının da ildən-ilə artmasına imkan verir.

Belə sahibkarlardan biri də Lənkəranda qənnadı məhsullarının istehsalı ilə məşğul olan, “Made in Azerbaijan” brendi altında istehsal etdiyi məhsullarını xarici bazara çıxarmağa nail olan “La RAN” MMC-dir. Qənnadı məhsullarının istehsalı ilə daha əvvəl fiziki şəxs kimi məşğul olan “La RAN” MMC-nin rəhbəri Nurlan Nurəliyev 2019-cu ildə bu fəaliyyətini genişləndirmək üçün fabrik tikməyə başlayıb. 2020-ci ildə isə rebrendinq edilərək “La RAN” MMC adı ilə fəaliyyətini davam etdirib. Hazırda “La RAN”da 100 nəfərdən çox işçi çalışır. Şirkət məhsul istehsalı üçün lazım olan xammalın böyük bir qismini Azərbaycanın yerli tədarükçülərindən əldə edir. Amma bəzi xammallar – xüsusi yağlar, bir sıra qatqılar xaricdən, xüsusən də Rusiya və Türkiyədən idxal edilir.

Artıq yerli məhsullara daha çox üstünlük verilir

N.Nurəliyev deyir ki, bir necə il əvvəl qənnadı sahəsinin idxaldan çox asılı olduğunu düşündükləri üçün fəaliyyətlərini bu istiqamət üzrə təşkil etmək qərarına gəliblər: “Rusiya-Ukrayna müharibəsi bir daha təsdiqlədi ki, yerli bazarın xaricdən gələn məhsullardan asılı olması o qədər də düzgün deyil, çünki bu cür fövqəladə vəziyyətlər yarandıqda yerli bazarda qıtlıq yaranır, mağazalarda rəflər boş qalır. Düzdür, bizim məhsullar strateji məhsul sayılmasa da, xalqımız qənnadı məhsullarından çox istifadə edir və ona tələbat böyükdür. Yerli bazarda idxalın payının azalmasına bizim kimi yerli fabriklər çox kömək edir. Hətta bunu da bildirim ki, şəbəkə müəssisələri də getdikcə yerli məhsullara daha çox üstünlük verməyə başlayıblar. Çünki bu halda onlar çatdırılma və digər sahələrdə daha az problemlə üzləşirlər”.

Sahibkarın sözlərinə görə, şirkət dörd kateqoriya üzrə məhsul istehsal edir ki, bunlar marmelad, orta seqmentə aid olan konfetlər, lokumlar və bahalı seqmentə aid olan brend şokoladlardır. İl ərzində 2400-2500 ton məhsul istehsal edən şirkət onun təqribən 300 tonunu xaricə ixrac edir, qalanı isə daxili bazarın tələbatının ödənilməsi üçün yerli bazara çıxarılır.

N.Nurəliyev bildirir ki, yaxın gələcəyə hədəflənmiş planları istehsal güclərini artırmaq və ixrac imkanlarını genişləndirməkdir: “Daxili bazarda ən çox paya “Ulduz” şokolad fabriki sahibdir. Biz ilk beşlikdəyik, daxili bazar payımız maksimum 15 faizdir. Ancaq biz daxili bazarla kifayətlənməyib xarici bazarlarda da pay sahibi olmaq istəyirik”.

İş adamının sözlərinə görə, şirkətin ixrac ölkələri Rusiya, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Martdan isə “La RAN” məhsullarını Moldovaya ixrac etməyə başlayacaq. Bu ölkəyə orta seqmentə aid olan şokolad və konfetlərin ixrac edilməsi nəzərdə tutulur. Gələcəkdə Gürcüstan və İsrailə də məhsul ixracı planlaşdırılır. Artıq hər iki ölkədən ixracla bağlı təkliflər alınıb və onların hər ikisinə də məhsul nümunələri göndərilib. Hazırda bu yeni istiqamətlər üzrə də ixracın həyata keçirilməsi üçün işlər aparılır.

İndiyə qədər Sahibkarlığın İnkişafı Fondu tərəfindən 300 000 manat kredit aldıqlarını söyləyən sahibkarın dediyinə görə, istehsal həcmlərini artıra bilmələri üçün dövlətdən əlavə dəstək almalarına ehtiyac var. “La RAN” MMC istehsalını genişləndirərək tam yeni şokolad tipli məhsullar istehsal etmək üçün yeni avadanlıqlar almağı nəzərdə tutur. Bunun üçün Sahibkarlığın İnkişafı Fonduna 700 min manat dəyərində əlavə kreditin ayrılması üçün müraciət edilib və kreditin ayrılmasına ilkin razılıq verilib. Şirkət onlara müəyyən güzəştlər verəcək investisiya təşviqi sənədinin əldə edilməsi üçün də İqtisadiyyat Nazirliyinə müraciət etməyi nəzərdə tutur.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?