Sahibkar Etibar Ağalar: “Sənaye Məhəlləsinin rezidenti olmaq bizə çox üstünlüklər verib” MƏQALƏ
Azərbaycanda mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi məqsədilə görülən tədbirlər nəticəsində ölkəyə sənaye məhsullarının idxalı getdikcə azalır. Bir çox sənaye sahələrinin inkişafı yerli istehsalın genişlənməsinə, idxaldan asılılığın azalmasına səbəb olmaqla yanaşı, ölkədən valyutanın kənara çıxmasının da qarşısını alır, sahibkarlığın inkişafını və stimullaşdırılmasını təmin edir. Sənaye zonaları və məhəllələri qeyri-neft sahələri üzrə sənayenin inkişafının sürətləndirilməsində mühüm rol oynayır. Sahibkarlıq fəaliyyəti üçün zəruri infrastruktura malik bu ərazilər ölkə iqtisadiyyatında iqtisadi artım tempinin artmasına, rəqabətqabiliyyətli sənayenin formalaşmasına əhəmiyyətli təsir göstərir.
2021-ci ildən Sabirabad Sənaye Məhəlləsinin rezidenti olan, aqrokimyəvi maddələr və bitki mühafizə vasitələri istehsal edən “Humix” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlətin stimullaşdırıcı tədbirlərindən yararlanan şirkətlərdən biridir.
“Humix” MMC-nin təsisçisi Etibar Ağalar deyir: “Sabirabad Sənaye Məhəlləsinin rezidenti olmaq bizə çox üstünlüklər verib. Sənaye məhəlləsində bizim üçün 1.800 kvadrat metrlik, çox gözəl şəraiti olan istehsalat sahəsi ayrılıb. Biz oraya avadanlıqlarımızı gətirib quraşdırmışıq və fəaliyyətə başlamışıq. Həmin sahəyə görə simvolik məbləğdə, real bazar dəyərindən qat-qat aşağı icarə haqqı ödəyirik. Bundan əlavə, yeddi il müddətində müxtəlif vergilərdən qismən azad edilmişik. İqtisadiyyat Nazirliyinin bizə verdiyi investisiya təşviqi sənədi texnika, texnoloji avadanlıq və qurğuların idxalının 7 il müddətinə gömrük rüsumlarından azad olmasına imkan verir. Yəni biz 1 milyon manat dəyərində avadanlığı Azərbaycana sıfır dərəcə rüsumla idxal edə bilərik”.
E.Ağalar qeyd edir ki, hazırda daxili bazara 18 adda orqanik, mineral, kimyəvi və spesifik gübrələr qrupuna aid olan yeni bitki mühafizə vasitələri təqdim edirlər və bu sayı 40-a çatdırmağı nəzərdə tuturlar.
Sahibkarın fikrincə, Aran zonalarında torpaqlar orqanik baxımından zəif olduğundan orada bu vasitələrə daha çox tələbat var: “Yerli şirkət olduğumuz üçün bazarın tələblərinə çevik reaksiya verməliyik. Hazırda bazarda başlıca tələbat kalium və mikroelement tərkibli gübrələrədir. Ancaq əsas məqsədimiz fermerləri açıq sahələr - buğda, arpa, qarğıdalı, pambıq əkini sahələri üçün lazım olan gübrələrlə təmin etməkdir. Bu il istehsal etdiyimiz sadə gübrələr hesabına bazarda qıtlığın yaranmasının qarşısını qismən də olsa almağa çalışdıq”.
Əsas alıcılarının aqrar sektorun öndə gedən, min hektarlarla əkin sahəsi olan böyük təsərrüfatlar olduğunu bildirən sahibkar deyir ki, onlar istehsala başlayana qədər bu məhsullar Azərbaycana idxal olunurdu və buna milyonlarla manat vəsait xərclənirdi. Şirkət istehsala başlayandan sonra bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalından asılılıq azalıb: “Vaxtilə bizim şirkət də idxalla məşğul idi. Ancaq sonradan belə qərara gəldik ki, nəyə görə bunları özümüz Azərbaycanda istehsal etməyək?! Bizim gübrələrin tərkibindəki xam maddələrin 40-98 faizi yerli məhsuldur. Ona görə də məhsullarımızın maya dəyəri ölkəyə gətirilən gübrələrdən qat-qat aşağı, keyfiyyəti isə onlarla eyni olur. Avropada enerji daşıyıcılarının qiymətləri çox qalxdığı üçün orada istehsalatla məşğul olmaq sərf etmir. Avropa ölkələri bizim məhsullardan nümunələr götürərək öz laboratoriyalarında analiz ediblər və kataloqumuzdakı bütün məhsullara maraq göstərirlər”.
E.Ağalar bildirir ki, şirkətin gələcək fəaliyyət planı iki mərhələdən ibarətdir. Birinci mərhələdə maye, toz, gel gübrələr, ikinci mərhələdə isə dənəvər gübrələr istehsal olunacaq. Hazırda Azərbaycanda “Humix”in istehsal etdiyi bitki mühafizə vasitələrinə tələbat çox olduğundan bu məhsullarla ilk növbədə daxili bazarı təmin etməyi, daha sonra ixraca başlamağı düşünürlər. Hazırda Baltikyanı ölkələr, Serbiya və Özbəkistan şirkətləri ilə distribütorluq fəaliyyəti barədə danışıqlar aparılır.
Sahibkar vurğulayır ki, Sahibkarlığın İnkişafı Fondundan güzəştli şərtlərlə avadanlıq almaq üçün götürdükləri 497 min manat kredit onlara bizneslərini genişləndirməyə çox yardım edib. Kredit çox sərfəli şərtlərlə - 4,5 faizlə verilib.
“Çalışırıq ki, dövlətin dəstəkverici tədbirlərindən maksimum istifadə edək. Bu kreditlər sahibkarlar üçün əlçatan maliyyə alətlərindəndir, – deyən E.Ağalar bildirir ki, fəaliyyətə başladıqları zaman dövlətin sahibkarlar üçün bu qədər dəstək mexanizmlərinin olduğunu ağıllarına gətirməyiblər: "Ölkədə istehsal sahəsində durğunluq hökm sürürdü. Dövlətimizin son zamanlar atdığı addımlar, verdiyi qərarlar istehsalı təşviq edir. Ölkəmizdə sahibkarlar üçün kifayət qədər dəstək mexanizmləri var. Sahibkarlığın İnkişafı Fondunun verdiyi kreditlər, İqtisadiyyat Nazirliyinin investisiya təşviqi sənədi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinin subsidiyaları və s. bu dəstək mexanizmlərinin yalnız bir hissəsini təşkil edir. Biz bunlardan səmərəli şəkildə yararlanırıq. İndi diqqətimizi ixracla bağlı dəstək mexanizmlərinə yönəltmişik. AZPROMO yerli istehsalıçılara xarici ölkələrdə keçirilən sərgilərdə iştirak üçün dəstək olur. AZPROMO-nun dəstəyi ilə öz məhsullarımızı tanıtmaq üçün xarici ölkələrdə keçirilən beynəlxalq sərgilərə qatılmağı düşünürük".
İlhamə İSABALAYEVA