12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Andrey Boiç: “COP29 iqlim dəyişikliyinin həlli üçün çərçivə yaradacaq” MÜSAHİBƏ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin “yaşıl iqtisadiyyat”a keçid strategiyasının məntiqi davamı hesab oluna bilər. Azərbaycanın üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə və COP29-u ən yüksək səviyyədə keçirəcəyinə heç kim şübhə etmir. Bu beynəlxalq tədbir iqlim dəyişikliyinə yeni yanaşmalar yaradacaq və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığı təşviq edəcək.  

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Bürosunun üzvü Andrey Boiç (Andrej Bojic) “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının suallarını cavablandırıb: 

- Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından nə gözləyirsiniz?

- Əgər keçmişə qayıtsaq, görərik ki, iqlim dəyişikliyi ilə bağlı ən mühüm addım əslində 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının qəbul edilməsi ilə atılıb. Bu təşəbbüs qlobal iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində diplomatik səylərin əsas sütununa çevrilib. Əsas fəaliyyət Tərəflər Konfransı zamanı dövlətlər arasında qlobal və yerli səviyyədə iqlim dəyişikliyinin həlli yollarına dair aparılan danışıqlardır. Nəticə etibarilə konfrans zamanı qəbul edilmiş razılaşmalar və qərarlar həm yüksək, həm də yerli səviyyələrdə bu məsələləri tənzimləyən siyasətlərin gələcək inkişafı üçün vacibdir.

COVID-19 bütün dünyada iqlim siyasətinin sürətini bir anlıq yavaşlatdı. Lakin Dubayda keçirilən COP28 iqlim dəyişikliyinə uyğunlaşmaya töhfə verən tədbirlərin və fəaliyyətlərin gələcək inkişafı üçün lazımi dəstəyi yeniləməyi bacardı. Azərbaycanın bu prosesi davam etdirmək və sürətləndirmək üçün gözəl imkanı var. Əminəm ki, Bakıda keçiriləcək COP29 qlobal və milli maliyyə ilə iqlim dəyişikliyinin həlli üçün çərçivə yaradacaq.

Bakıda keçiriləcək COP29 qlobal və milli maliyyə ilə
iqlim dəyişikliyinin həlli üçün çərçivə yaradacaq

- Təmiz hidrogenin qəbulunu sürətləndirmək, biokütlədən və bərpa olunan enerjidən davamlı istifadəni sürətləndirmək üçün daha hansı addımlar atılmalıdır?

- Bu gün dünya iqtisadiyyatı qalıq yanacaqlara əsaslanır və gələcək onilliklərdə də belə olacaq. Əsrin ortalarında hansısa möcüzənin baş verəcəyini və hamımızın müstəsna olaraq bərpa olunan enerji mənbələrindən və ya hidrogendən istifadə etməyə başlayacağımızı gözləmək qeyri-realdır. Lakin bu istiqamətdə bütün mümkün addımları atmaq lazımdır.

İlk növbədə, biz bərpa olunan enerji potensialının artırılmasına sərmayə qoymalıyıq. Bundan əlavə, alternativ enerji mənbələrindən istifadəni asanlaşdırmaq üçün yerli səviyyədə yeni enerji infrastrukturu qurulmalıdır. Nəhayət, qanunvericilik bazası təkmilləşdirilməli, şirkətlər, vətəndaşlar daha çox bərpa olunan enerji istehsal və istifadə etməyə təşviq edilməlidir. Məsələn, hökumət biokütlə qazanlarının alınmasına subsidiya verə bilər, yaxud şirkət öz enerji qarışığında bərpa olunan enerjinin daha yüksək payına malik olarsa, bu, başqa stimullara səbəb olar. Hidrogen açıq şəkildə gələcəyin enerji mənbəyidir və iqlim məqsədlərinə nail olmaq üçün onun böyük təsirləri var. İnanıram ki, hidrogen yaxşı qaz infrastrukturuna malik ölkələrdə, xüsusən Azərbaycan kimi hasilatı böyük potensiala malik olan ölkələrdə daha sürətli və daha asan istifadə edilməyə başlanacaq.

Bu gün böyük qalıq yanacaq ehtiyatlarına malik ölkələrin bərpa olunan
enerjiyə əhəmiyyətli investisiyalar qoymaqla “yaşıl” keçidə doğru
irəlilədiyinə dair gözəl nümunələr görürük

- Azərbaycan qlobal “yaşıl” gündəliyin həyata keçirilməsinə hansı töhfəni verə bilər?

- Azərbaycanın əsas məqsədlərindən biri qarşıdan gələn konfransda iqlim dəyişikliyi və maliyyə məsələlərini davamlı şəkildə əlaqələndirməkdir. Tarixi Rio Sammitindən (1992) otuz ildən çox vaxt keçib, bu müddət ərzində iqlim danışıqlarında müəyyən eniş-yoxuşlar olub. Ancaq bu gün biz iqlim dəyişikliyinin əhəmiyyəti ilə bağlı elmi və siyasi razılığa gəlmişik. Digər tərəfdən, hələ də iqlim dəyişikliyi ilə necə mübarizə aparmaq, yəni ona necə uyğunlaşmaq və onun mənfi təsirini azaltmaqla bağlı fikir ayrılıqları mövcuddur. İndiyədək əldə etdiyimiz təcrübə onu göstərdi ki, uyğunlaşma və təsirlərin yumşaldılması tədbirlərinin, fəaliyyətlərin maliyyələşdirilməsi üçün davamlı çərçivə hazırlanmadıqca və onları milli və yerli səviyyədə həyata keçirmədikcə, bu, qeyri-mümkün olacaq. Bu olmadan iqlim məqsədlərinə dair bütün qlobal razılaşmalar, sadəcə, “boş məktub” kimi qala bilər.

Avropada qlobal iqlim məqsədlərinin yerli səviyyədə həyata keçirilməsi üçün mükəmməl çərçivə yaradılıb. İndiyədək Avropanın 11.000-dən çox şəhəri bu müqaviləyə qoşulub. Bununla da yerli icmalar davamlı enerji və iqlim fəaliyyət planları hazırlamağı, bütün lazımi tədbirləri həyata keçirməyi öhdələrinə götürürlər. Qeyd olunan siyasətin mərkəzi hissəsi isə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planıdır. Bu, xüsusilə günəş enerjisinin inkişafı üçün böyük potensiala malik olan Azərbaycan kimi ölkələrin şəhərləri üçün faydalı ola bilər, çünki yerli şirkətlər və sıravi vətəndaşlar buradan öz ərazilərində günəş elektrik stansiyalarının tikintisi ilə bağlı düzgün təlimat ala bilərlər.

- Alternativ enerji resurslarının inkişafı Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

- Heç bir cəmiyyətin və ölkənin inkişafını enerjisiz təsəvvür etmək olmaz. Şübhə yoxdur ki, cəmiyyətin yaşaması və tərəqqisi enerjinin necə asanlıqla əldə oluna bilməsindən asılıdır. Təbii ki, ölkələrin iqtisadi inkişafını enerjidən ayırmaq mümkün deyil. Azərbaycan enerji mənbələri ilə zəngin olan bir məkandır. Bu kontekstdə, hansısa enerji mənbəyi ilə zəngin olub-olmamasından asılı olmayaraq, hər bir ölkə mümkün qədər daha çox alternativ enerji mənbələrini inkişaf etdirməyə çalışmalıdır. Bu, dövlətin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, həm də iqtisadiyyat və vətəndaşlar üçün çoxsaylı yeni üstünlüklər yaradır. Nəticədə ölkə beynəlxalq bazarda artıq enerjinin satışından əlavə gəlir əldə edə, həmçinin iqlimlə bağlı məqsədlərinə nail olmağa mühüm töhfə verə bilər.

Alternativ enerji mənbələrinə sərmayə qoyuluşu həm də innovasiyaya sərmayələrin artmasına gətirib çıxarır ki, bu da daha sonra iqtisadiyyata müsbət təsir göstərə bilər. Ehtiyaclarını ödəmək üçün kifayət qədər enerjiyə malik olan ölkələr iqtisadiyyatın bu hissəsindən əldə olunan gəlirləri daha böyük uğur perspektivləri olan alternativ enerji mənbələrinin inkişafına yönəltmək üçün xüsusi imkana malikdirlər. Bu, ölkəni regionda texnoloji və inkişaf etməkdə olan gücə çevirərək, alternativ enerji mənbələri ilə bağlı çoxsaylı yeni texnologiyaların inkişaf etdirilməsini nəzərdə tutur. Bu gün böyük qalıq yanacaq ehtiyatlarına malik ölkələrin bərpa olunan enerjiyə əhəmiyyətli investisiyalar qoymaqla “yaşıl” keçidə doğru irəlilədiyinə dair gözəl nümunələr görürük.

KOB-lar bərpa olunan elektrik stansiyalarının layihələndirilməsi və tikintisində
asanlıqla iştirak edə bilərlər, çünki onlar böyük biznes sistemlərinə ehtiyac duymurlar

- Sizcə, kiçik və orta sahibkarlar alternativ enerji mənbələrindən necə faydalana bilərlər?

- Bütün dünyanın Ətraf Mühit, Sosial və İdarəetmə (ESG) konsepsiyasının biznes sistemlərində tətbiqi üçün çalışdığı bir vaxtda KOB-lar daha çevik və uyğunlaşma qabiliyyətinə malik olduqları üçün bu sahədə bir çox yeniliklərin qabaqcılları ola bilərlər. Çox qısa müddətdə həmin şirkətlər 100% “yaşıl” ola və bununla da ictimaiyyət qarşısında, tərəfdaşlar və ya banklar arasında öz imicini yaxşılaşdıra bilərlər. Bərpa olunan enerjidən istifadə etməklə, KOB-lar məhsullarına əhəmiyyətli dərəcədə dəyər əlavə edə və iqlim dəyişikliyi məqsədlərinə sadiqliklərindən böyük fayda qazanarlar. Hər şeydən əvvəl, ona görə ki, onlar üçün əvvəldən bizneslərini ESG konsepsiyasına (Ekoloji, Sosial və İdarəetmə - red.) uyğunlaşdırmaq daha asandır. Bundan başqa, daha az karbon izi ilə istehsal olunan məhsulların daha yüksək bazar qiyməti ola bilər və bu, KOB-lar üçün böyük kütləvi istehsal sistemləri ilə müqayisədə üstünlük sayılar.

KOB-lar bərpa olunan elektrik stansiyalarının layihələndirilməsi və tikintisində asanlıqla iştirak edə bilərlər, çünki onlar böyük biznes sistemlərinə ehtiyac duymurlar. Bərpa olunan enerji layihələri ilə daha aşağı xərc çəkmək və yüksək səmərəlilik əldə etmək hər bir sahibkarın arzusudur. Bu sahədə inkişaf etmək istəyən KOB-lara hökumətin və böyük biznes sistemlərinin dəstəyi lazımdır. Bu, bərpa olunan enerji iqtisadiyyatında güclü sinerji yarada bilər. Bu məqsədə nail olmaq üçün dövlət subsidiyalar sistemini inkişaf etdirə və ya “yaşıl” keçid üçün nəzərdə tutulmuş beynəlxalq maliyyə mənbələrindən istifadəyə kömək edə bilər. Bunun üçün isə sahibkarların bərpa olunan enerji mənbələrindən istifadənin faydaları və ümumilikdə ESG konsepsiyası ilə bağlı maarifləndirilməsi əsas amillərdəndir.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?