Azərbaycanda sahibkarlıq: davamlı inkişaf və nikbin proqnozlar MƏQALƏ
Müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı istiqamətində qəbul edilmiş dövlət proqramları, bu sahənin tənzimlənməsinə və dəstəklənməsinə yönəldilmiş tədbirlər bugünkü innovativ, təşəbbüskar sahibkarlar sinfinin formalaşmasında mühüm rol oynayıb. Sahibkarların ölkə iqtisadiyyatında artan rolu, məşğulluğun təmin olunmasında müstəsna əhəmiyyət daşıdığı nəzərə alınaraq, dövlət başçısının sərəncamı ilə 2016-cı ildən etibarən 25 aprel tarixi Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir.
Ölkədə sahibkarlığın stimullaşdırılması məqsədilə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri daha da inkişaf etdirilir, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan çoxsaylı proqramlar icra olunur. Azərbaycanda investisiya cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması və s. istiqamətlər üzrə reallaşdırılan tədbirlər özəl sektorun daha da güclənməsinə imkan verir. Bunun nəticəsində hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83, məşğulluqdakı payı isə 78 faizə yüksəlib.
2016-cı ildən etibarən 25 aprel tarixi Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir
Son 8 ildə sahibkarlara 15.000-dən çox lisenziya verilib
İnnovativ texnologiyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətini daha da stimullaşdırmaq, biznesin işini asanlaşdırmaq üçün ölkədə fiziki və hüquqi şəxslərə xüsusi razılıq (lisenziya), sertifikat və digər sənədlərin verilməsi prosedurları elektronlaşdırılıb ki, bütün bunlar sonda sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23 fəaliyyət növü üzrə lisenziyalar təqdim olunur. 2015-2023-cü illərdə Azərbaycanda sahibkarlara 15.000-dən çox lisenziya verilib ki, bunların da 4500-dən çoxu elektron lisenziya olub. Lisenziyalar iş adamlarına “Lisenziyalar və icazələr” portalı ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tabeliyində olan KOB evləri, “ASAN xidmət” mərkəzləri vasitəsilə təqdim edilir. Azad sahibkarlığın inkişafını təmin etmək məqsədilə ölkədə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 36-ya endirilib. Bununla yanaşı, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib, dövlət rüsumunun məbləği 2 dəfə, icazələrin sayı isə 4 dəfə aşağı salınıb.
Son illər ərzində Azərbaycanda sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin aradan qaldırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri də əsassız yoxlamaların qadağan edilməsidir. Bu cür müdaxilələrin qarşısının alınması üçün, bir sıra hallar istisna olunmaqla, yoxlamalar 2015-ci ildən 2025-ci il yanvarın 1-nə qədər dayandırılıb.
Ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması üçün görülən son tədbirlərdən biri uzun illərdən sonra Rəqabət Məcəlləsinin qəbul edilməsidir. Biznes sahəsində sağlam rəqabətin təmin olunması üçün hüquqi baza rolunu oynayan bu sənədin tətbiqi azad sahibkarlığın inkişafını təşviq edəcək, inhisarçı mövqedə olan şirkətlərin bazar payını tənzimləyəcək, sahibkarlıq subyektləri arasında münasibətləri daha şəffaf şəkildə formalaşdıracaq, kiçik və orta biznes subyektlərinin bazara girişinin və bazarda inkişafının qarşısını alan maneələri aradan qaldıracaq.
Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 23 fəaliyyət
növü üzrə lisenziyalar təqdim olunur. 2015-2023-cü illərdə
Azərbaycanda sahibkarlara 15.000-dən çox lisenziya
verilib ki, bunların da 4500-dən çoxu elektron lisenziya olub
İnvestisiya təşviqi sənədi sayəsində istehsala 5,6 milyard manatdan çox vəsait yatırılıb
Sahibkarların istehsal və ixrac imkanlarının artırılması, sərmayə qoyuluşlarının stimullaşdırılması, biznes mühitinin yaxşılaşdırılması məqsədilə bu sahədə effektiv mexanizmlər tətbiq edilir ki, onlardan biri də investisiya fəaliyyətinin investisiya təşviqi sənədi vasitəsilə genişləndirilməsidir. Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunda müəyyən olunmuş güzəştləri əldə etməyə əsas verən investisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faizindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün ödənilən ƏDV-dən və gömrük rüsumundan azad edilirlər. Bu sənəd investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişləndirilməsinə imkan verir. Azərbaycan Prezidentinin 1 fevral 2024-cü il tarixli fərmanına əsasən, sahibkarların 13 istiqamət üzrə strateji investisiya layihələrinə də investisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulur.
Sahibkarlar investisiya təşviqi sənədini almaq üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində (Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşir) fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər. İnvestisiya təşviqi mexanizmi çərçivəsində 2016-2023-cü illərdə 487 sahibkara 585 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 5,6 milyard manatdan çox investisiyanın yatırılması, 40 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması üçün görülən
son tədbirlərdən biri uzun illərdən sonra Rəqabət Məcəlləsinin qəbul edilməsidir
İnnovativ təşəbbüslərə əsaslanan 139 sahibkar vergidən azad edilib
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməklə özəl sektoru qeyri-neft iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevirməyi hədəfləyən Azərbaycan üçün kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə innovasiya yönümlülüyün gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bu baxımdan, biznesə başlamaq və fəaliyyətini genişləndirmək istəyən KOB subyektlərinə KOBİA tərəfindən göstərilən dəstək tədbirləri xüsusi qeyd edilməlidir.
Azərbaycanda gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsal etmək istəyən mikro və ya kiçik sahibkarlıq subyektlərinə “Startap” şəhadətnamələri təqdim edilir. “Startap” şəhadətnaməsinə malik olan mikro və kiçik sahibkarlıq subyektləri, Vergi Məcəlləsinə uyğun olaraq, həmin sənədi aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar. İndiyədək KOBİA tərəfindən 139 innovativ sahibkara “Startap” şəhadətnaməsi verib ki, bunun da nəticəsində ölkə istisadiyyatı üçün mühüm olan yeniliklər tətbiq edilir.
Göstərilən digər dəstək və xidmətlərə gəldikdə, 2018-2023-cü illərdə KOBİA tərəfindən sahibkarlar üçün 3 KOB evi yaradılıb, burada 518.000-ə yaxın xidmət göstərilib, 47 KOB dostu ofisi açılıb. 58 layihəyə 1 milyon manatdan çox qrant ayrılıb, 57 sərgi və yarmarkada 1400-ə yaxın KOB-un iştirakı dəstəklənib. Bununla yanaşı, 55 KOB-un ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib, 69 daxili bazar araşdırması aparılıb, 3500-ə yaxın təlim keçirilib, 61.000 saatlıq məsləhət xidməti verilib, 1500-ə yaxın biznes planı hazırlanıb.
Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərini təkmilləşdirmək üçün Sahibkarlığın İnkişafı Fondu yeni biznes qurmaq və ya inkişaf etdirmək istəyənlərə güzəştli şərtlərlə kreditlər verir. 2004-2023-cü illərdə sahibkarlığa güzəştli kredit dəstəyi sayəsində maliyyələşdirilən layihələrin dəyəri 6,3 milyard manat olub. Bu müddətdə verilmiş kreditlərin məbləği 3,01 milyard manat, layihələrin sayı 45.669, güzəştlərdən yararlanan sahibkarların sayı 28.308, yeni iş yerlərinin sayı isə 176.213 olub.
İnvestisiya təşviqi mexanizmi çərçivəsində 2016-2023-cü illərdə
487 sahibkara 585 investisiya təşviqi sənədi verilib ki,
bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala
5,6 milyard manatdan çox investisiyanın yatırılması,
40 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub
Sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb
Azərbaycanda dövlətin dəstəyi ilə yaradılmış sənaye zonaları sahibkarlığın sənaye sektoru üzrə dinamik inkişafını, rəqabətqabiliyyətli məhsul istehsalını təmin etməyə imkan verir. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) 74 istehsal müəssisəsi fəaliyyət göstərir ki, onlar da sənaye zonalarına indiyədək 6,6 milyard manat investisiya yatırıb və 10.500-dən çox daimi iş yeri yaradıblar.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanı sürətləndirməyi qarşısına məqsəd qoyan dövlətimizin burada sahibkarlıq mühitinin yaxşılaşdırılması, investisiya cəlbediciliyinin artırılması üçün yaratdığı sənaye parklarına sahibkarların marağı olduqca böyükdür. 2021-ci ildə fəaliyyətə başlamasına baxmayaraq, Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkənin ikinci sənaye zonasıdır. Bu sənaye parkında ümumi investisiyalarının həcmi 195 milyon manatdan çox olan 21 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Burada ümumilikdə 1800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq parka 70 milyon manatdan çox investisiya yatırılacaq, 700-dən çox iş yeri yaradılacaq.
Sahibkarlar üçün əlverişli investisiya mühitinin formalaşdırıldığı sənaye parklarının rezidentləri 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisi, eləcə də istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün isə əlavə güzəştlər də tətbiq olunur. Belə ki, həmin ərazilərin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezidentləri isə siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə ƏDV-dən azad ediliblər. Bu ərazilərdə vergi uçotuna alınan və fəaliyyət göstərən vergi ödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslər topdansatış ticarət, tikinti və xidmət sahələri (əhaliyə göstərilən xidmətlər istisna olunmaqla) üzrə vergidən azaddırlar. Vergi azadolması həm də turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə bu bölgədə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil edilir.
Güzəştlərə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olunmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada isə 5 faizi geri qaytarılır. Bütün bunlarla yanaşı, sahibkarlara əməkhaqqının birgə maliyyələşdirilməsində yardım göstərilir, onlar üçün sosial güzəştlər tətbiq edilir, məcburi dövlət sosial sığorta haqqının müəyyən hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Muzdlu işçisi olan sığortaedən tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək 100 faizi, 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək 80 faizi, 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək 60 faizi, 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək 40 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur. Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqları 100 faiz subsidiyalaşdırılacaq. Həmçinin, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak olunan kommunal xidmətlərin (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) tariflərinə uyğun olaraq ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı ediləcək.
İşğaldan azad edilmiş ərazilərdə iş qurmaq istəyən, qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün bu il fevralın 1-dən zəmanət və subsidiya mexanizmi tətbiq edilir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən icra olunan bu mexanizm azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və investisiya qoyuluşlarının sürətlənməsinə dəstək verəcək. Bu mexanizmə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Mexanizm çərçivəsində həmin ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanətinin verilməsi təmin olunur. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir.
İndiyədək KOBİA tərəfindən 139 innovativ sahibkara
“Startap” şəhadətnaməsi verib ki, bunun da nəticəsində
ölkə istisadiyyatı üçün mühüm olan yeniliklər tətbiq edilir
İxraca dövlət dəstəyi
Sahibkarlara dəstək çərçivəsində onların istehsal etdikləri məhsulların xarici ölkələrə ixracına da dövlət səviyyəsində dəstək göstərilir. Hazırda Azərbaycanın məhsul ixrac etdiyi ölkələrin sayı 100-dən çoxdur və bu coğrafiya getdikcə genişlənir. “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizm – dəstək tədbirləri həyata keçirilir. Bununla bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir. Qeyd olunanlarla yanaşı, yerli sahibkarların məhsulları müxtəlif beynəlxalq sərgilərdə vahid ölkə stendində nümayiş olunur.
Qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, yerli məhsulların digər dövlətlərdə tanıdılması üçün görülən tədbirlərdən biri də Azərbaycanın xaricdə ticarət nümayəndəliklərinin yaradılmasıdır. İndiyədək 10 belə ticarət evinin açılmasına nail olunub, bu il daha iki ticarət evinin Çinin Çendu və Nankin şəhərlərində fəaliyyətə başlaması gözlənilir.
2004-2023-cü illərdə sahibkarlığa güzəştli kredit dəstəyi
sayəsində maliyyələşdirilən layihələrin dəyəri 6,3 milyard manat olub
Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri formalaşdırılıb
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadənin sözlərinə görə, ölkədə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, qanunvericilik bazası yaxşılaşdırılıb, inzibati prosedurlar sadələşdirilib, müasir çağırışlara uyğun olaraq, sahibkarlara göstərilən elektron xidmətlərin sayı artırılıb. Bütün bunlar Azərbaycanın biznes mühitinin səviyyə göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib.
Z.Səmədzadə yerli istehsalın inkişaf imkanlarından daha səmərəli istifadə olunması, daxili bazarın qorunması, idxalın xüsusi çəkisinin azalması istiqamətində daha çox iş görülməsinin vacibliyinə də toxunub. Millət vəkili qeyd edib ki, bu baxımdan, Prezident İlham Əliyevin iqtisadi inkişafımız üçün son dərəcədə əhəmiyyət kəsb edən fikirləri müstəsna rola sahibdir: “Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, bununla bərabər, inhisarçılığa yol verməməliyik. Bu da çox ciddi məsələdir. Çünki mən istəyirəm ki, Azərbaycan məhsulları daha çox istehsal olunsun, biz idxaldan asılılığı daha da azaldaq, iş yerləri yaradılsın, ixrac qabiliyyətli məhsullar istehsal edək”.
Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə apellyasiya şuralarının da yaradıldığını xatırladan Z.Səmədzadə qeyd edib ki, ölkədə ixracın və investisiyaların təşviqi mexanizmləri formalaşdırılıb, dövlət satınalmalarında yerli mallar üçün güzəştlər müəyyən edilib, gömrük prosedurları sadələşdirilib, tələb olunan sənədlərin sayı azaldılıb və konkretləşdirilib, idxal-ixrac əməliyyatları sahəsində mütərəqqi mexanizmlər (yaşıl dəhliz, elektron bəyanetmə və s.) tətbiq edilib, kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı üçün subsidiyalar ayrılıb.
Son illərdə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydalar dövrün tələblərinə uyğun yenilənib, sahibkarlığa dövlət maliyyə yardımı sistemi təkmilləşdirilib, sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri formalaşdırılıb, dövlət-sahibkar münasibətləri inkişaf etdirilib, sahibkarlıq fəaliyyəti üçün biznes mühiti və tənzimləyici baza yaxşılaşdırılıb, biznesə yeni dəstək formaları yaradılıb: “Məmnunluq hissi ilə qeyd edilməlidir ki, İqtisadiyyat Nazirliyinin qeyri-neft sektorunun sürətli inkişafı, texnoparkların, sənaye müəssisələrinin imkanlarından daha səmərəli istifadə olunması, “kölgə iqtisadiyyatı” ilə mübarizə istiqamətində atdığı addımlar təqdirəlayiqdir. Bütün bunlar da öz səmərəsini verib, beynəlxalq aləmdə Azərbaycanın əlverişli biznes mühiti olan bir ölkə kimi tanınması üçün güclü əsaslar yaradıb”.
Akademik bildirib ki, sahibkarların fəaliyyət sahələri genişləndikcə sahibkarlığın strukturu da dəyişir. Əgər ilk illərdə başlıca qüvvələr ticarətə, ictimai iaşəyə yönəlmişdisə, indi özəl sektorun fərqli sahələrə – informasiya texnologiyalarına, telekommunikasiyalara və intellektual mülkiyyət tələb edən digər sahələrə marağı artır. Sahibkarlığın yaxın onilliklərdə respublika iqtisadiyyatının güclü inkişaf amilinə çevrilməsi üçün nikbin proqnozlar verməyə kifayət qədər əsas var.
İlhamə İSABALAYEVA