8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Rəşad Rəşidov: “Kredit bizə ixrac bazarımızı böyütməyə yardım etdi” MƏQALƏ

Azərbaycanda arıçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin sayının, bal istehsalının və ixracının həcminin artmasına imkan verir. Arıçılığa dövlət dəstəyi sayəsində 2017-ci illə müqayisədə 2021-ci ildə ölkəmizdə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı həcmi 2,2 dəfə artıb. “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalında 4,8 dəfə artım olub. Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 8,16 min dollar dəyərində 0,35 ton təbii bal ixrac edilib. Bu, ixracın həcminin illik ifadədə müvafiq olaraq 3,8 və 3,5 dəfə çoxalması deməkdir.

Azərbaycanın böyük arıçılıq təsərrüfatlarından olan və dövlət dəstəyi ilə istehsalını genişləndirən “Apiaz” MMC məhsullarını bazara “Ballı” markası ilə təqdim edir.

“Apiaz” MMC-nin direktoru, Azərbaycan Arıçılar Assosiasiyasının üzvü Rəşad Rəşidov deyir ki, məhsulları 2016-cı ildən qablaşdırmağa başlasalar da, arıçılıqda 70 ildən çox təcrübələri var: “Artıq üçüncü nəsildir ki, arıçılıq ilə məşğuluq. Mənim babam, daha sonra atam, əmilərim arıçı olub. Hazırda Azərbaycanın ən böyük arıçılıq təsərrüfatlarından birinə sahibik”.

R.Rəşidovun sözlərinə görə, öz məhsullarını xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş etdiriblər. 2020-ci ildə Qətərdə 50-yə yaxın ölkədən təxminən 150 şirkətin iştirak etdiyi sərgidə “Ballı” balı 1-ci yerə layiq görülüb, şirkətin məhsulları keyfiyyət kateqoriyasına görə 2-ci yeri tutub.

Şirkətin ixrac üzrə əsas hədəf bazarı Asiya və ərəb ölkələridir. “Ballı” balları kiçik partiyalarla, əsasən, Körfəz ölkələrinə ixrac edilir. Gələcəkdə ixracın həcminin artırılması nəzərdə tutulur. “Apiaz” Yaponiyaya, Malayziyaya, Cənubi Koreyaya da Azərbaycan balını ixrac etməyi planlaşdırır. Hazırda şirkət arıçılıq məhsullarından kosmeteloji məhsulların, bioloji qida əlavələrinin hazırlanması üzərində işləyir.

Sahibkar deyir ki, bazarda mövqe qazanmaq üçün məhsullarının beynəlxalq standartlara uyğun qablaşdırılaraq satılmasına və bu məqsədlə bal məhsullarının qablaşdırılması müəssisəsinin qurulmasına ehtiyac yarandı: “Kredit almaq məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fonduna müraciət etdik. 2019-cu ildə əldə etdiyimiz 120 min manat kredit və şəxsi vəsaitimiz hesabına tam avtomatlaşdırılmış bal məhsullarının qablaşdırılması müəssisəsini yaratdıq. Bu gün bal məhsullarını beynəlxalq qida standartlarına uyğun qablaşdıra bilirik. Kredit bizə ixrac bazarımızı böyütməyə, istehsal həcmini artırmağa yardım etdi. İndi biz 4 və 5 ulduzlu hotellərin sifarişi ilə birdəfəlik istifadə üçün məhsullar qablaşdırırıq”.

Fəaliyyətləri dövründə dövlətin dəstək mexanizmlərindən kifayət qədər faydalandıqlarını söyləyən R.Rəşidov Azərbaycanda iş adamlarına yetərincə qayğı göstərildiyini düşünür: “Biz sahibkarlar dövlətin qayğısını, diqqətini davamlı şəkildə hiss edirik. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi Azərbaycanda qeyri-neft sektorunun inkişafına, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracının artırılmasına böyük kömək edir. Bu dəstək sayəsində daha çox yeni bazar tapır, istehsal həcmini artırır, qanunla tənzimlənə biləcək bir çox problemlərimizin həllinə nail olur, xarici bazarda rəqabət apara bilirik. İnanırıq ki, indiyədək dövlətdən necə dəstək almışıqsa, bundan sonra da alacayıq. Əgər digər sahibkarlar da işlərini doğru-dürüst qurarsa, onlar da bizim istifadə etdiyimiz dəstək mexanizmlərindən faydalana bilərlər”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?