13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Elbrus Əhmədov: “Çətinliyə düşdüyümüz anda dövlətdən istənilən dəstəyi ala bilirik”

Son illər Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azaldılması məqsədilə qeyri-neft-qaz sektorunun inkişafına göstərilən dövlət dəstəyi bu sahənin iqtisadiyyatdakı rolunu xeyli artırıb. Ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə şaxələnib, ənənəvi olmayan yeni istehsal sahələri yaranıb.

Sürətli və rəqabətədavamlı iqtisadi inkişaf şəraitində yerli istehsalın genişləndirilməsində, bir çox məhsullar üzrə idxaldan asılılığın azaldılmasında, idxaldan ixraca yönəlmə strategiyasının həyata keçirilməsində, ixracyönümlü məhsul istehsalına yeni investorların cəlbində dövlətin qurduğu səmərəli dəstək mexanizmləri mühüm rol oynayır. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaiti hesabına güzəştli kreditlərin verilməsi zamanı qeyri-neft sənaye sahələri üzrə istehsal və emal yönümlü layihələrin dəstəklənməsi dövlətin qeyri-neft sektoruna böyük qayğı göstərdiyini, önəm verdiyini bir daha təsdiqləyir. Bu gün sahibkarlar SİF-in xətti ilə dövlətdən illik faiz dərəcəsi 5 faizədək olmaqla 10 il müddətinə 5 min manatdan 10 milyon manatadək güzəştli kredit ala bilirlər. 200 min manatadək kreditlərin alınması üçün investisiya layihəsinə dair məlumatın, 200 min manatdan artıq kreditlər üçünsə sadəcə biznes planın təqdim edilməsi sahibkarların bu resursları daha asan, qısa müddətdə əldə etməsinə imkan yaradır.

Dövlətin dəstək mexanizmlərindən faydalanan sahibkarlıq subyektlərindən biri də lavanda yağının istehsalı ilə məşğul olan "The Best Choice" MMC-dir. SİF bu müəssisəyə 130 min manat məbləğində güzəştli kredit ayırıb.

2018-ci ildən Qəbələ rayonunun Çuxur Qəbələ kəndində 30 hektar ərazidə lavanda yetişdirən şirkət ilk şitilləri Bolqarıstandan gətirib, daha sonra özü Azərbaycanda lavanda şitilləri yetişdirərərək əkin sahəsini genişləndirib. Hazırda "The Best Choice" Azərbaycanda lavanda yağının istehsalı və satışı ilə məşğul olan ən böyük şirkətdir. Şirkət istehsal etdiyi lavanda yağını daxili bazarda satmaqla yanaşı, xaricə də ixrac edir.

"The Best Choice" MMC-nin təsisçisi və direktoru Elbrus Əhmədovun sözlərinə görə, artıq iki ilə yaxındır ki, dünya bazarında Azərbaycanın lavanda yağı satılır. Azərbaycan yağının əsas alıcısı isə bu yağdan ətriyyat, kosmetika, təmizləyici vasitələrin istehsalında geniş istifadə edən ABŞ-dir: “İnsanların lavanda bitkisinə böyük marağının olduğunu nəzərə alaraq ekoturizmlə də məşğuluq. Əvvəllər lavanda sahələrini görmək üçün insanlar Fransaya üz tuturdularsa, indi ölkəmizdə də lavanda sahəsinə səfər etmək mümkündür. Təkcə Azərbaycan vətəndaşları deyil, xarici turistlər də lavanda sahəsinə böyük maraqla gəlirlər. Lavandanın əsas mövsümü bir ay - mayın sonundan iyunun sonuna qədər davam edir. Həmin dövrdə həftənin şənbə-bazar günlərində bizim sahələrə gün ərzində 1.500-dən çox turist səyahət edir. Lavandanın qoxusu bronx və digər tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlər üçün çox xeyirlidir”.

E.Əhmədov qeyd edir ki, onlar daxili bazarda lavanda balı da satırlar: “Lavanda balı digər ballardan daha faydalı hesab edilir. Bu balın dərman kimi təsiri var”.

İlk mərhələdə lavanda şitilləri xaricdən gətirilsə də, artıq bəzi xarici ölkələr Azərbaycanda yetişdirilən şitillər ilə maraqlanırlar: “Özbəkistanın lavanda sahəsini böyütməyə çalışan bir şirkəti bizdən məsləhətlər alır. Dekabrın sonu, yanvarda Özbəkistana lavanda şitilləri ixrac edəcəyik”.

E.Əhmədov vurğulayır ki, Azərbaycanda lavanda şitilini yetişdirə bilmək bir sahibkar kimi onun ən böyük uğurudur: “Azərbaycanda lavanda əkərək onun yağının satışı ilə məşğul olmaq əvvəllər bəlkə də bir xəyal hesab edilərdi. Ancaq işlərini qanunvericilik əsasında düzgün qurursansa biznesini yaratmaq və inkişaf etdirmək üçün hər cür imkan var. KOBİA ilk gündən bizim fəaliyyətimizə dəstək verir. SİF-dən isə maliyyə dəstəyi almışıq. Bir müddət əvvəl kiçik zavod tikməsəydik, xərclərimiz daha çox olacaqdı. İstehsalı davam etdirmək üçün kifayət qədər vəsaitimiz yox idi. Dövlət bizə yüksək məbləğdə kredit ayırmaqla fəaliyyətimizə böyük dəstək göstərdi. Biz kredit hesabına işimizi çox rahat qura bildik. İndi yağı özümüz istehsal edirik ki, bununla da əlavə xərclərimizin qarşısı alınır. Təcrübəmə əsasən əminliklə deyirəm ki, biz sahibkarlar çətinliyə düşdüyümüz anda dövlətdən istənilən dəstəyi ala bilirik”.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?