Anbarı və istehsal sahəsi olmayan vergi ödəyicilərinin riskləri
Nazirlər Kabinetinin təsdiq etdiyi "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nda iki anlayış – riskli vergi ödəyicisi və riskli əməliyyat anlayışları konkretləşdirilib.
İqtisadçı ekspert Anar Bayramov bildirib ki, vergi orqanının təhlillər əsasında riskli əməliyyatları aşkarlamaq imkanı olsa da, bəzi riskli vergi ödəyicilərinin meyarlara uyğunluğunu müəyyən etmək üçün vergi nəzarəti (operativ vergi və səyyar vergi yoxlamaları) tədbirlərini həyata keçirməlidir.
Misal 1: Tutaq ki, vergi ödəyicisi dövrü olaraq topdansatış fəaliyyəti həyata keçirsə də, səyyar vergi yoxlamaları zamanı müəyyən olunur ki, onun obyektinin sahəsi satışın miqyaslarından kiçikdir. Göründüyü kimi, vergi ödəyicisi malların təqdim edilməsi zamanı birbaşa riskli əməliyyat həyata keçirməyib, amma obyektin həcmi ilə satış dövriyyəsi arasında uyğunsuzluq onun riskli vergi ödəyicisi olmaq ehtimalını yaradır.
Misal 2: Vergi ödəyicisi satış üçün ancaq geyim malları əldə edir. Buna baxmayaq digər vergi ödəyicilərinə təqdim etdiyi elektron qaimə-fakturalarda onun tikinti materialları satdığı müəyyən edilir.
Qaydaların 2.1.2-ci maddəsində qeyd edilir ki, aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyat dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur.
Misal 3: Tutaq ki, vergi ödəyicisi 40.000 manatlıq mebel avandanlığı satıb. Yoxlama zamanı isə məlum olub ki, sahibkar həmin mebel avandanlığının alışını həyata keçirməyib. Bundan əlavə o, mebel avandanlığı düzəltmək üçün istehsalat sahəsinə də malik deyil.
Misal 4: Vergi ödəyicisi 20.000 manatlıq montaj işinin görülməsi ilə bağlı qarşı tərəflə müqavilə imzalayıb. Vergi nəzarəti tədbirləri zamanı məlum olub ki, vergi ödəyicisinin montaj işi üçün hər hansı fəaliyyəti olmayıb və bu əməliyyat sadəcə sənədləşmə üçün həyata keçirilib.
Bəzi həmkarlarımız riskli vergi ödəyicisi anlayışının yalnız mallara tətbiq olunduğu fikrindədirlər. Ancaq nəzərə almaq lazımdır ki, əmtəəsiz əməliyyatlar anlayışında xidmətlər də nəzərdə tutulduğundan riskli vergi ödəyicisi meyarları xidmət sektoruna da şamil olunur.
Qaydaların 2.1.3-ci maddəsində qeyd edilib ki, idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur.
Bu maddə sırf vergi ödəyicisinin obyekti ilə bağlı risk meyarlarını müəyyən edir.
Misal 5: Tutaq ki, vergi ödəyicisi 300.000 manatlıq məbləğində mal idxal edib. Buna baxmayaraq, vergi orqanı onun hər hansı obyektə malik olmadığını müəyyən edir. Bu zaman vergi ödəyicisinin obyektinin olmaması riskli vergi ödəyicisi meyarlarına aid edilməsinə əsas verir.
Misal 6: İstehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 200.000 manat dəyərində, litrlik meyvə şirələri təqdim edib. Vergi nəzarəti tədbirləri nəticəsində isə məlum olub ki, vergi ödəyicisinin anbar kimi təqdim etdiyi obyektin sahəsi cəmi 50 kvadratmetrdir. Bu zaman vergi ödəyicisinin riskli vergi ödəyicilərinə şamil olunması ehtimalı var.
Misal 7: Tutaq ki, obyekti olmayan və ya obyektinin sahəsi kiçik olan vergi ödəyicisi idxal etdiyi 180.000 manatlıq malı sifarişçi olan vergi ödəyicisi ilə bağladığı müqaviləyə əsasən digər sahibkara təqdim edir. Bu halda malları idxal edən riskli vergi ödəyicisi hesab olunmur. Çünki, qaydalarda şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna edilir.
Fərqanə ALLAHVERDİQIZI