23 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Riskli vergi ödəyicilərini hamı tanıyacaq

Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də riskli vergi ödəyiciləri ilə bağlı 13.2.82-ci bəndin əlavə edilməsidir. Burada göstərilib ki, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

Vergi Məcəlləsinə edilən bu dəyişikliyə aydınlıq gətirən maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov gələn ildən həmin kateqoriyadan olan iş adamları üçün yeniliklər olacağını qeyd edib: "13.2.82-ci bənddə qeyd olunan meyarlar Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənməli, vergi ödəyicisinin bu meyyarlara uyğun gəlməsini təsdiq edən qərarı isə Vergilər Nazirliyi verməlidir. Riskli vergi ödəyiciləri siyahısına düşən şəxsləri 2020-ci ildən müxtəlif xoşagəlməz sürprizlər gözləyir. Əvvələn, riskli vergi ödəyiciləri barədə məlumat kommersiya sirri kateqoriyasına aid edilməyəcək. Onların siyahıları Vergilər Nazirliyinin internet saytında açıqlanacaq və hər bir vergi ödəyicisi başqa bir vergi ödəyicisi ilə müqavilə bağlayarkən onun bu siyahılarda mövcud olub-olmaması ilə bağlı araşdırma aparacaq. Bu təcrübə tez bir zamanda riskli vergi ödəyiciləri ilə hansısa iş görmək və ya onlardan mal almaq arzusunda olan şəxslərin sayını minimuma endirəcək".

Riskli vergi ödəyiciləri ilə bağlı növbədənkənar səyyar vergi yoxlamaları keçiriləcək. Operativ vergi nəzarəti orqanları isə vaxtaşırı onların fəaliyyətini yoxlayacaq: "Vergi orqanları riskli vergi ödəyicilərindən vergi öhdəliklərinin qanunvericilikdə nəzərdə tutulan vaxtdan tez ödənilməsini tələb edə bilər və həmin şəxslərə Vergi Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan vergi öhdəliklərinin yerinə yetirilməsinin müddətinin daha gec müddətə dəyişdirilməsi tədbiq oluna bilməz. Nəhayət, riskli vergi ödəyicilərindən alınan elektron qaimə-fakturalar xərcləri təsdiq edən sənəd hesab edilməyəcək.

2019-cu ilin əvvəlində alışı ilə bağlı sənədləri qaydasında olmayan malların uçota daxil edilməsi üçün vaxt verilmişdi. Ümumiyyətlə, 2019-cu il tam olaraq "AĞART" şüarı altında keçdiyini, vergi orqanlarının biznesini ağartmağa çalışan vergi ödəyicilərinə qarşı yumşaq münasibətini də qeyd etmək istərdim".

V.Mirheydərov bunlarla yanaşı, cəza tədbirlərinin qaçılmaz olduğunu da vurğulayıb: "Nə vergi orqanlarının verdiyi vədlər, nə öyüd-nəsihətlər, nə təhdidlər onları bu çürük fəlsəfədən, vergidən yayınmaqdan yayındıra bilmir. Bu vəziyyətdə vergi orqanlarının bu cür şəxslərə qarşı cəza tədbirlərinin tətbiqindən başqa bir yolu qalmır. Uzun sözün qısası, riskli vergi ödəyiciləri onlara qarşı belə sərt tədbirlərin səbəbkarını görmək istəyirlərsə, güzgüyə baxmaqları kifayətdir".

Fərqanə ALLAHVERDİQIZI

VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur?