Riskli vergi ödəyicilərini hamı tanıyacaq

2019.12.30 14:14 (UTC+04:00)

Vergi Məcəlləsinə edilən bu dəyişikliyə aydınlıq gətirən maliyyə mütəxəssisi, ekspert Vüqar Mirheydərov gələn ildən həmin kateqoriyadan olan iş adamları üçün yeniliklər olacağını qeyd edib: "13.2.82-ci bənddə qeyd olunan meyarlar Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənməli, vergi ödəyicisinin bu meyyarlara uyğun gəlməsini təsdiq edən qərarı isə Vergilər Nazirliyi verməlidir. Riskli vergi ödəyiciləri siyahısına düşən şəxsləri 2020-ci ildən müxtəlif xoşagəlməz sürprizlər gözləyir. Əvvələn, riskli vergi ödəyiciləri barədə məlumat kommersiya sirri kateqoriyasına aid edilməyəcək. Onların siyahıları Vergilər Nazirliyinin internet saytında açıqlanacaq və hər bir vergi ödəyicisi başqa bir vergi ödəyicisi ilə müqavilə bağlayarkən onun bu siyahılarda mövcud olub-olmaması ilə bağlı araşdırma aparacaq. Bu təcrübə tez bir zamanda riskli vergi ödəyiciləri ilə hansısa iş görmək və ya onlardan mal almaq arzusunda olan şəxslərin sayını minimuma endirəcək".

Riskli vergi ödəyiciləri ilə bağlı növbədənkənar səyyar vergi yoxlamaları keçiriləcək. Operativ vergi nəzarəti orqanları isə vaxtaşırı onların fəaliyyətini yoxlayacaq: "Vergi orqanları riskli vergi ödəyicilərindən vergi öhdəliklərinin qanunvericilikdə nəzərdə tutulan vaxtdan tez ödənilməsini tələb edə bilər və həmin şəxslərə Vergi Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan vergi öhdəliklərinin yerinə yetirilməsinin müddətinin daha gec müddətə dəyişdirilməsi tədbiq oluna bilməz. Nəhayət, riskli vergi ödəyicilərindən alınan elektron qaimə-fakturalar xərcləri təsdiq edən sənəd hesab edilməyəcək.

2019-cu ilin əvvəlində alışı ilə bağlı sənədləri qaydasında olmayan malların uçota daxil edilməsi üçün vaxt verilmişdi. Ümumiyyətlə, 2019-cu il tam olaraq "AĞART" şüarı altında keçdiyini, vergi orqanlarının biznesini ağartmağa çalışan vergi ödəyicilərinə qarşı yumşaq münasibətini də qeyd etmək istərdim".

V.Mirheydərov bunlarla yanaşı, cəza tədbirlərinin qaçılmaz olduğunu da vurğulayıb: "Nə vergi orqanlarının verdiyi vədlər, nə öyüd-nəsihətlər, nə təhdidlər onları bu çürük fəlsəfədən, vergidən yayınmaqdan yayındıra bilmir. Bu vəziyyətdə vergi orqanlarının bu cür şəxslərə qarşı cəza tədbirlərinin tətbiqindən başqa bir yolu qalmır. Uzun sözün qısası, riskli vergi ödəyiciləri onlara qarşı belə sərt tədbirlərin səbəbkarını görmək istəyirlərsə, güzgüyə baxmaqları kifayətdir".

Fərqanə ALLAHVERDİQIZI