Vergiqoyma və vergitutmanın mahiyyəti, əsas prinsipləri I HİSSƏ
Mövzunu “vergiler.az” üçün Kapital Bankın Maliyyə hesabatlığı və mühasibatlıq departamentinin meneceri Fariz Yadigarov şərh edir.
Vergilər müasir dövlətin mövcudluğunu və davamlı fəaliyyətini təmin edən əsas maliyyə alətlərindən biridir. Dövlətin iqtisadi, sosial və institusional funksiyalarının həyata keçirilməsi, büdcə xərclərinin maliyyələşdirilməsi, sosial rifahın təmin olunması və iqtisadi inkişafın stimullaşdırılması bilavasitə vergi sistemi ilə bağlıdır. Lakin vergi sisteminin effektivliyi təkcə yığılan vergi məbləği ilə ölçülmür. Bir demokratik dövlətin əsas iqtisadi-analitik indikatorlarından biri də həmin dövlətdə vergilərin hansı prinsiplər əsasında müəyyən edilməsi və necə tutulmasıdır.
Elmi ədəbiyyatda və praktikada çox zaman vergiqoymanın prinsipləri ilə vergitutmanın prinsipləri eyniləşdirilir və ya bir-biri ilə qarışdırılır. Halbuki bu anlayışlar mahiyyət etibarilə fərqlidir. Vergiqoyma prinsipləri daha çox normativ-konseptual xarakter daşıyır və dövlətin vergi siyasətini formalaşdırarkən rəhbər tutmalı olduğu əsasları ifadə edir. Vergitutma prinsipləri isə texniki-inzibati xarakterə malik olub konkret vergilərin hesablanması, yığılması və nəzarət mexanizmlərini tənzimləyir. Bu anlayışlar arasındakı fərqin nəzərə alınmaması bir çox hallarda qanunvericiliyin şərhi zamanı metodoloji səhvlərə, vergi normalarının yanlış tətbiqinə və nəticə etibarilə vergi mübahisələrinin artmasına səbəb olur.
Xüsusilə qeyd edilməlidir ki, vergiqoyma və vergitutma sahəsində mövcud olan əsas prinsiplər (qanunilik, ədalətlilik, hüquqi müəyyənlik, subyekt əsaslılıq, hüquqi faktların təkrarlanmasının yolverilməzliyi və s.) çox zaman normativ aktların tətbiqi zamanı lazımi şəkildə nəzərə alınmır.
Bu yazının məqsədi vergiqoyma və vergitutma prinsiplərini sistemli şəkildə izah etmək, onların hər birini ətraflı təhlil etmək, bu prinsiplər arasındakı fərqləri aydın şəkildə ortaya qoymaqdır.
Vergiqoymanın mahiyyəti
Vergiqoyma dövlətin maliyyə fəaliyyətinin əsas və ayrılmaz tərkib hissəsidir. O, dövlətin öz funksiyalarını həyata keçirmək məqsədilə fiziki və hüquqi şəxslər üçün qanunvericilik yolu ilə məcburi vergi öhdəlikləri müəyyən etməsi prosesi kimi xarakterizə olunur. Vergiqoyma nəticəsində dövlət hansı gəlirlərin, əmlakın və ya iqtisadi əməliyyatların vergiyə cəlb olunacağını, vergi ödəyicilərinin dairəsini, vergi dərəcələrini və güzəştləri müəyyən edir. Elmi baxımdan vergiqoyma yalnız fiskal gəlir toplamaq mexanizmi deyil, eyni zamanda iqtisadi və sosial siyasətin mühüm alətidir. Vergiqoyma dövlətin əsas funksiyalarından olan fiskal, iqtisadi və sosial tənzimləmə funksiyalarının həyata keçirilməsində həlledici rol oynayır.
Vergiqoymanın fiskal mahiyyəti. Vergiqoymanın əsas və ilkin məqsədi dövlət büdcəsinin gəlir hissəsinin formalaşdırılmasıdır. Vergilər dövlət üçün davamlı və etibarlı maliyyə mənbəyi yaradır. Müdafiə, təhsil, səhiyyə, infrastruktur və sosial təminat xərcləri məhz vergi gəlirləri hesabına maliyyələşdirilir. Bu baxımdan, vergiqoyma dövlətin maliyyə müstəqilliyini təmin edən əsas mexanizmdir.
Vergiqoymanın iqtisadi mahiyyəti. Vergiqoyma iqtisadi proseslərə birbaşa təsir göstərən tənzimləyici vasitədir. Dövlət vergi dərəcələri, vergi bazası və imtiyazlar vasitəsilə istehsal, investisiya, istehlak və məşğulluq səviyyəsinə təsir edə bilər. Məsələn, investisiya yönümlü vergi imtiyazları kapital qoyuluşlarını stimullaşdırır, yüksək aksiz dərəcələri isə müəyyən malların istehlakını məhdudlaşdırır və s.
Bu mənada, vergiqoyma iqtisadi azadlıqları məhdudlaşdıran deyil, düzgün qurulduqda (!) iqtisadi inkişafı təşviq edən alət kimi çıxış edir.
Vergiqoymanın sosial mahiyyəti. Vergiqoymanın mühüm cəhətlərindən biri də onun sosial ədalətin təmin olunmasındakı roludur. Proqressiv vergi dərəcələri və sosial yönümlü vergi siyasəti vasitəsilə cəmiyyətdə gəlirlərin yenidən bölüşdürülməsi həyata keçirilir. Yüksək gəlirli təbəqələrin daha çox vergi ödəməsi sosial bərabərsizliyin yumşaldılmasına xidmət edir. Bu sosial funksiya məhz vergiqoyma mərhələsində formalaşır, çünki dövlət vergi yükünün hansı təbəqələrin üzərinə düşəcəyini bu mərhələdə müəyyən edir.
Vergiqoymanın hüquqi mahiyyəti. Vergiqoyma hüquqi baxımdan dövlətin suveren səlahiyyətlərinin təzahürüdür. Vergilər yalnız qanun əsasında müəyyən edilə bilər və heç bir ödəniş qanuni əsas olmadan vergi kimi tətbiq edilə bilməz. Bu, Azərbaycan Respublikasının vergi qanunvericiliyində də açıq təsbit edilib.
Vergiqoyma normativ xarakter daşıyır və ümumi qaydalar müəyyən edir. Vergiqoymanın mahiyyətini düzgün anlamaq üçün onu vergitutmadan fərqləndirmək vacibdir. Vergiqoyma strateji və normativ mərhələdir – yəni “hansı vergilər və hansı prinsiplərlə tətbiq olunmalıdır?” sualına cavab verir. Vergitutma isə texniki və icraedici mərhələdir – “bu vergilər necə hesablanmalı və yığılmalıdır?” sualını əhatə edir. Məsələn, gəlir vergisinin proqressiv olması vergiqoyma məsələsidir, həmin verginin hansı dövr üzrə hesablanması, bəyanetmə forması və nəzarət mexanizmləri isə vergitutmaya aiddir.
Vergiqoymanın əsas prinsipləri
Vergiqoyma prinsipləri ilk dəfə sistemli şəkildə Adam Smit tərəfindən XVIII əsrdə formalaşdırılıb. Onun irəli sürdüyü prinsiplər bu gün də vergiləndirmə nəzəriyyəsinin fundamental bazasını təşkil edir.
Vergiqoyma prinsipləri aşağıdakı əsas suallara cavab verir:
- Dövlət hansı vergi növlərini tətbiq etməlidir?
- Vergi yükü cəmiyyət üzvləri arasında necə bölüşdürülməlidir?
- Vergilər iqtisadi davranışlara necə təsir edəcək?
Müasir vergiləndirmə nəzəriyyəsi vergiqoyma prosesində aşağıdakı əsas prinsiplərin nəzərə alınmasına əsaslanır:
Ədalətlilik prinsipi. Ədalətlilik prinsipi vergiqoymanın mərkəzi və ən mübahisəli prinsiplərindən biridir. Bu prinsipə görə, vergi yükü vergi ödəyicilərinin ödəmə qabiliyyətinə uyğun şəkildə bölüşdürülməlidir. Yəni, dövlət vətəndaşları “öz imkanlarına uyğun olaraq” vergiyə cəlb etməlidir.
Ədalətlilik prinsipi iki əsas aspektdə təzahür edir:
Üfüqi ədalətlilik – eyni iqtisadi vəziyyətdə olan şəxslərin eyni həcmdə vergi ödəməsini nəzərdə tutur. Məsələn, eyni gəlir əldə edən iki fərdin fərqli vergi yükü daşıması ədalətlilik prinsipinin pozulması hesab olunur.
Şaquli ədalətlilik – fərqli gəlir və sərvət səviyyəsinə malik şəxslərin fərqli vergi yükü daşımasını tələb edir. Bu yanaşma proqressiv vergi dərəcələrinin tətbiqinin nəzəri əsasını təşkil edir.
Ədalətlilik prinsipi məhz vergiqoymaya aiddir, çünki dövlətin hansı dərəcələri və hansı vergi bazalarını seçməsi strateji qərardır. Vergitutma mərhələsində isə bu prinsipin artıq müəyyən edilmiş çərçivədə icrası təmin olunur.
Müəyyənlik (qətiyyətlilik) prinsipi. Müəyyənlik prinsipinə əsasən, hər bir verginin elementləri (vergitutma obyekti, vergitutma bazası, dərəcəsi, dövrü və s.) əvvəlcədən dəqiq müəyyən edilməlidir. Vergi ödəyicisi hansı şərtlərlə vergi ödədiyini tam bilməlidir. A.Smit bu prinsipi vergi inzibatçılığında sui-istifadələrin qarşısını alan əsas amil kimi qiymətləndirib.
Müəyyənlik prinsipi vergiqoyma mərhələsində formalaşır, çünki bu mərhələdə qanunvericilik verginin bütün hüquqi elementlərini müəyyən edir. Əgər vergi qanunvericiliyi qeyri-müəyyəndirsə, bu, vergitutma zamanı subyektiv yanaşmalara və korrupsiya risklərinə səbəb olur.
Ümumi məcburilik prinsipi. Bu prinsipə görə, qanunla müəyyən edilmiş vergilərdən yayınma yolverilməzdir və bütün vergi ödəyiciləri üçün bərabər məcburilik mövcuddur. Vergilərin könüllü deyil, məcburi xarakter daşıması dövlətin fiskal suverenliyinin ifadəsidir. Ümumi məcburilik prinsipi vergiqoyma ilə bağlıdır, çünki dövlət hansı subyektlərin vergi ödəyicisi olacağını və hansı hallarda imtiyazların tətbiq ediləcəyini bu mərhələdə müəyyən edir.
Səmərəlilik prinsipi vergiqoymanın iqtisadi təsirlərini nəzərə alır. Bu prinsipə əsasən, vergilər iqtisadi fəaliyyətə minimum mənfi təsir göstərməli, bazar mexanizmlərini mümkün qədər az təhrif etməlidir. Eyni zamanda, vergilər dövlət üçün sabit və kifayət qədər gəlir mənbəyi yaratmalıdır. Burada fiskal səmərəliliklə iqtisadi səmərəlilik arasında balansın qorunması vacibdir.
Elastiklik və sabitlik prinsipi. Müasir vergi sistemlərində vergilər iqtisadi dövrlərə, konyuktura uyğunlaşa bilməli (elastiklik), eyni zamanda dövlət büdcəsi üçün davamlı gəlir təmin etməlidir (sabitlik). Məsələn, gəlir vergisi iqtisadi artım dövründə avtomatik olaraq daha çox gəlir formalaşdırır ki, bu da elastikliyin təzahürüdür. Bu prinsip də vergiqoyma xarakterlidir, çünki vergi növlərinin seçimi və strukturu uzunmüddətli strateji qərardır.
