23 Sentyabr 2019

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergilər Nazirliyinin Tədris Mərkəzi kadrların peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rol oynayır

"2017-2019-cu illərdə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında insan resurslarının İnkişafı Strategiyası"na əsasən, insan resurslarının inkişafının təmin edilməsi, əməkdaşların peşəkarlığının və motivasiyasının artırılması, onların vəzifədə irəliləməsi və yerdəyişməsində fərdi göstəricilərinin nəzərə alınması, habelə könüllü olaraq təlimlərdə iştirakının stimullaşdırılması prioritet istiqamətlər kimi müəyyən edilib. Bu baxımdan, kadr potensialının gücləndirilməsi, onların bilik və bacarıqlarının, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə vergi orqanı əməkdaşlarının nazirliyin Tədris Mərkəzində müxtəlif təlimlərdə mütəmadi olaraq iştirakının təmin edilməsi üçün tədbirlər görülür.

Hesabat dövründə Tədris Mərkəzində Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin əməkdaşları və idxal-ixrac əməliyyatlarına nəzarət sahəsində fəaliyyət göstərmək məqsədilə işə yeni qəbul edilmiş əməkdaşlar təlimlərdə iştirak ediblər. Təlimlərə təlimçi qismində vergi orqanı əməkdaşları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin professor və müəllim heyəti, eləcə də Dövlət Gömrük Komitəsinin əməkdaşları da cəlb edilib.

Müsabiqə yolu ilə vergi orqanlarına işə qəbul edilən əməkdaşlar üçün əsas istiqamətlər üzrə peşə hazırlığı təlimi keçirilib. Təlimlərə 42 nəfər əməkdaş cəlb edilib. İlkin peşə hazırlığı kurslarında dinləyicilərin biliklərinin ilkin qiymətləndirilməsinin nəticəsi 62,3 faiz təşkil edib. Kursun sonunda dinləyicilərin bilik səviyəsində 30 faizlik artım müşahidə edilib və yekun qiymətləndirmənin nəticəsi 92 faiz olub.

Dövlət vergi orqanlarının 90 nəfər əməkdaşı üçün peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması məqsədilə ixtisasartırma kursları keçirilib. Kursları bəyannamələrin kameral yoxlanılması, iqtisadi təhlil, operativ nəzarət, audit və s. sahələr əhatə edib. Kurs müddətində keçirilmiş sınaq imtahanları həm dinləyicilərə, həm də Tədris Mərkəzinə mövcud olan çatışmazlıqları aşkara çıxarmağa və həmin istiqamətdə daha intensiv işləməyə imkan yaradıb.

Vergilər Nazirliyində təlim tələbatlarının müəyyən edilməsi məqsədilə keçirilmiş görüşlərdə ən çox maraq doğuran 28 mövzu illik təlim qrafikinə daxil edilib. Hesabat dövründə bu mövzulardan 11-i üzrə 17 təlim keçirilib, həmin təlimlərdə 340 vergi orqanı əməkdaşı könüllü şəkildə iştirak edib. "Vergilər, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınması" mövzusunda vergi borcları sahəsində fəaliyyət göstərməyən, lakin həmin sahə ilə sıx işləyən şöbə və bölmələrin 58 nəfər rəhbər vəzifəli şəxsi üçün qısamüddətli təlimlər təşkil olunub.

Mərkəzin dinləyicilərinin tədris portretinin hazırlanması zamanı onların psixoloji portretinin də hazırlanmasına dəstəyin göstərilməsi üçün respublikamızda fəaliyyət göstərən psixologiya mərkəzlərindən birinin nümayəndələri ilə görüş keçirilib və müvafiq razılıq əldə edilib. Belə ki, 2019-cu ilin 2-ci yarısından başlayaraq mərkəzdə keçiriləcək ilkin hazırlıq kurslarında iştirak edən hər bir dinləyicinin tədris portretinin hazırlanması nəzərdə tutulur. Kursu bitirən dinləyicilərin tədris portreti gələcəkdə müvafiq qaydada istifadə üçün Vergilər Nazirliyinin İnsan resursları departamentinə göndəriləcəkdir.

Hazırda Tədris Mərkəzində təşkil olunan kurs, təlim və digər tədbirlərin keyfiyyətinə daha təkmil qaydada nəzarət edilməsi məqsədilə mövcud olan keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür.