Yüksək vergi mədəniyyəti iqtisadi inkişafın təməlidir
Vergi mədəniyyəti vergilərlə bağlı savadlılığı, davranışları və ümumilikdə vergi qanunvericiliyinə riayət etmənin bütün hüquqi və etik normalarının məcmusunu ifadə edir. Vergi ödəməyin özü elə mədəniyyətdir, çünki onun əsasında sosial məsuliyyət və insanların rifahı üçün təşəbbüslərin gerçəkləşməsi dayanır. Vergi mədəniyyəti həm vergi inzibatçılığının təkmilləşdirilməsi, həm də vergilərin könüllü ödənilməsi və bəyan edilməsi ilə təcəssüm olunur.
Vergi mədəniyyəti necə formalaşır...
Vergi mədəniyyətinin formalaşması və səviyyəsinin yüksəldilməsi vergi sistemləri üçün prioritet vəzifədir. Qlobal anlamda müasir vergi siyasətinin əsas istiqamətlərindən biri məcburi vergi yığımlarından könüllü vergi ödəmələrinə keçidi təmin etməkdir. Bu məqsədlə vergi orqanları vergi ödəyiciləri arasında vergi mədəniyyətini yüksəltmək və “vergi” məfhumunu hər bir evə, hər bir ailəyə gətirməyi qarşısına məqsəd qoyub və vergi sahəsində təbliğat, məlumatlandırma, maarifləndirmə işlərini gücləndirir. Məqsəd vergi ödəyicilərinin vergi ödənişlərinin təyinatı üzrə xərclənməsi barədə məlumatlandırılmasını genişləndirməkdir.
Vergi mədəniyyətinə təsir edən amillərdən ən başlıcası hesabatlılığın artırılması, şəffaflığın təmin edilməsi və büdcə xərcləri barədə məlumatların əlçatanlığına nail olmaqdır. Lakin vergi mədəniyyətinin formalaşması üçün düzgün alətlərdən istifadə etmək mühüm məsələdir. Lazımi alətlər vergi mədəniyyətinin daha sürətli və geniş yayılmasına müsbət təsir edir. Bu sahədə məqsədə çatmaq üçün ölkələr arasında vergi üzrə ən yaxşı ekspertləri cəlb etməklə beynəlxalq platformalar, təcrübə mübadilələri və forumlar təşkil edilir. Əhalinin vergi mədəniyyətinin yüksəldilməsi, vergiödəmə vərdişlərinin cəmiyyətin normasına çevrilməsinə nail olmaq üçün ölkəmizdə də mövcud resurslardan və yeni imkanlardan istifadə edilir.
Vergi mədəniyyətinin formalaşması və səviyyəsinin yüksəldilməsi
vergi sistemləri üçün prioritet vəzifədir. Qlobal anlamda müasir
vergi siyasətinin əsas istiqamətlərindən biri məcburi vergi
yığımlarından könüllü vergi ödəmələrinə keçidi təmin etməkdir.
Yüksək vergi mədəniyyətinə doğru...
Dövlət başçısı tərəfindən ölkəmiz üçün müəyyən edilmiş yeni iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafı, əlverişli biznes mühitinin yaradılması, sahibkarlığa geniş dövlət dəstəyinin göstərilməsidir. İqtisadiyyatın tərkib hissəsi olan vergi siyasəti də sahibkarlığın inkişafının dəstəklənməsinə, biznesin və vergi ödəyicilərinin fəaliyyətinin stimullaşdırılmasına, bütövlükdə ölkədə vergi mədəniyyətinin formalaşmasına istiqamətlənib.
Vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı inam və tərəfdaşlıq əsasında qurulması vergi mədəniyyətinin yüksəldilməsinin vacib şərtidir. Belə münasibətlər üzərində qurulan vergi sisteminin əsas xüsusiyyəti və bu fəaliyyətin nəticələrindən biri məhz vergi öhdəliklərinə könüllü əməletmədir. Yəni yüksək vergi mədəniyyəti şəraitində vergi ödəyicisi öz öhdəliklərini könüllü olaraq vergi orqanına bəyan edir. Bu mədəniyyət növü vergi ödəyicilərinin vergi öhdəlikləri ilə bağlı davranışlarını müəyyən edən əsas institut kimi qəbul olunur. Könüllü əməletmə səviyyəsinin artırılması, ilk növbədə, vergi ödəyicilərinə geniş spektrli xidmətlərin formalaşdırılması, vergilərin hesablanması və ödənilməsi sisteminin sadələşdirilməsi, vergi ödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi ilə bilavasitə bağlıdır.
2018-ci ildən ölkəmizin vergi orqanlarının işinə yeni yanaşmalar tətbiq olunmağa başladı. İslahatların əsas xəttini uçot sisteminin qaydaya salınması və şəffaflığın təminat olunması təşkil edirdi. Vergi sistemində idarəetmə prinsiplərinin yenidən təşkili və "kölgə iqtisadiyyatı" ilə mübarizə istiqamətində bir sıra geniş tədbirlər planı həyata keçirildi. Dövlət-biznes münasibətlərinin vergitutma ilə bağlı seqmentində yeni bir mərhələyə qədəm qoyuldu. Bu mərhələ vergi sistemində başlanılan yeni islahatlar, vergi ödəyiciləri ilə aydın və şəffaf münasibətlərin qurulması ilə xarakterizə olunur. Bütün bunlar müsbət nəticələrin əldə olunmasına gətirib çıxardı. Artıq qabaqcıl ölkələrdə olduğu kimi, Azərbaycanda da real mühasibat uçotu məlumatları və hesabatları əsasında biznes qərarlarının verilməsi ənənəsi müşahidə edilir. Vergi bəyannamələrinin könüllü təqdim edilməsi göstəriciləri hər il daha da yaxşılaşır.
Bu mədəniyyət növü vergi ödəyicilərinin vergi öhdəlikləri ilə
bağlı davranışlarını müəyyən edən əsas institut kimi qəbul olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun sosial şəbəkə hesabında verdiyi məlumata görə, 2018-2021-ci illərdə Azərbaycanda səyyar vergi yoxlamalarının sayı 4,5 dəfə azalsa da, bir yoxlamaya düşən verginin məbləği 4 dəfə artıb. Qeyri-neft sektoru üzrə vergi daxilolmalarında könüllü vergi ödənişlərinin xüsusi çəkisi 90%-ə yaxınlaşıb. Vergi inzibatçılığının təkmilləşdirilməsi və bununla bağlı keyfiyyət göstəricilərində müsbət tendensiya vergi mədəniyyətinin də əhatəsinin genişləndiyindən xəbər verir. Digər tərəfdən, vergi yoxlamalarının (kameral və səyyar vergi yoxlamaları) ümumi vergi hesablamalarında payı 2020-ci ildəki 8,67 faizdən 2021-ci ildə 6,62 faizə düşüb, yəni 2,05 faiz azalıb. Bu isə könüllü bəyanetmə dərəcəsinin artmasının göstəricisidir.
Vergi ödəyicilərinə xidmət sisteminin təkmilləşdirilməsi vergi mədəniyyətinin yüksəldilməsi ilə bilavasitə bağlıdır. Son illər vergi orqanları tərəfindən həyata keçirilən tədbirlər bu sahədə mühüm irəliləyişlərin müşahidə olunduğunu deməyə əsas verir. İnformasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, elektron xidmətlərin keyfiyyətcə yeni prinsiplər əsasında qurulması və onlayn nəzarət funskiyalarının işə düşməsi vergi orqanlarının bu sahədə tutduğu mövqeyi gücləndirməyə imkan verib. Hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 60-dan çoxdur, vergi orqanlarına göndərilən bəyannamələrin 90 faizindən çoxu elektron formada təqdim olunur. Vergi öhdəliklərinin icrası üçün vergi orqanları tərəfindən sadə, sürətli və əlçatan alətlərin tətbiqi vergi ödəyicilərinin intizamına müsbət təsir edir.
Vergi ödəyicilərinə xidmət sisteminin təkmilləşdirilməsi vergi mədəniyyətinin
yüksəldilməsi ilə bilavasitə bağlıdır. Son illər vergi orqanları tərəfindən həyata keçirilən
tədbirlər bu sahədə mühüm irəliləyişlərin müşahidə olunduğunu deməyə əsas verir.
Vergi mədəniyyətinin yüksəlməsinə mühüm təsir edən amillərdən biri də maarifləndirmə və məlumatlandırma işinin təşkilidir. Vergi orqanları tərəfindən təqdim edilən xidmətlər, onlardan yararlanmaq imkanları və vergi ödəyiciləri üçün nəzərdə tutulmuş tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaq cəmiyyətdə vergi öhdəliklərinə əməl edilməsi barədə dolğun təsəvvürlər yaradır. Strukturlaşdırılmış maarifləndirmə dövlət-biznes münasibətlərində də şəffaflığa dəstək verir.
Vergi mədəniyyəti hər kəsin xeyrinədir
Vergi mədəniyyətinin cəmiyyətin sosial inkişafı üçün nəzərdə tutulan tədbirlərin səmərəliliyinin təmin edilməsində mühüm rolu var. Başqa sözlə desək, vergi mədəniyyəti həm sosial, həm də iqtisadi baxımdan faydalı nəticələr verir. Vergi orqanları tərəfindən təşviq əsaslı mexanizmlərin tətbiqi, rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru yönələn islahatlar və şəffaflığın əhatə dairəsinin genişləndirilməsinin əsasında da məhz sosial rifahlı cəmiyyətin qurulması və iqtisadi hədəflərə nail olmaq dayanır. Vergilər - qüdrətli dövlətin əsasıdır. Vergi öhdəliklərinə əməl etmək intizam və mədəniyyətdir, intizamlı və mədəni olmaq isə hamı tərəfindən qəbul edilir...
Gülay NƏBİYEVA