Vergi ödəyicisi olmayan fiziki şəxslərin öhdəlikləri
Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir.
Mühasibat mütəxəssisi Emin Salamov vergi ödəyicisi olmayan fiziki şəxslərdən alınan malların, iş və xidmətlərin rəsmiləşdirilməsi məsələlərini belə izah edib:
Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən, iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Məcəllənin 71-2.1-ci maddəsində isə göstərilib ki, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.
Vergi ödəyicisi tərəfindən tərtib edilmiş elektron alış aktı çap edilərək vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalandığı halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir. Elektron alış aktında vergi ödəyicisi olmayan qarşı tərəfin şəxsiyyət vəsiqəsində qeyd edilən FİN, adı, soyadı, atasının adı, telefon nömrəsi, alınan malın kodu, adı, miqdarı, məbləği və s. məlumatlar qeyd edilir. Elektron alış aktını e-taxes.gov.az saytına daxil olduqdan sonra e-qaimə bölməsində yeni akt hissəsində online təqdim olunan aktlar və kağız daşıyıcısında təqdim olunan aktlar bölməsində asanlıqla yaratmaq mümkündür.
Həmçinin, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur. Qanunun 3.5.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı mallarının nağd qaydada alınmasına icazə verilir.
Eyni zamanda Vergi Məcəlləsinin 150.1.14-cü maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsinə görə (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar ödəmə mənbəyində vergini tutmağa və tutulmuş vergi üzrə hesabatı təqdim etməyə borcludurlar.
Sual: “BB” MMC satmaq məqsədilə vergi ödəyicisi olmayan fiziki şəxsdən (yəni bazardan) 500 manat dəyərində kənd təsərrüfatı məhsulları alır. Bu halda istər “BB” MMC-nin, istərsə də vergi ödəyicisi olmayan şəxsin hansı öhdəlikləri yaranır?
Yuxarıda qeyd edilənləri əsas tutaraq MMC aldığı mallara uyğun olaraq elektron alış aktı tərtib etməli, tərtib olunmuş elektron alış aktına uyğun olaraq fiziki şəxsə ödənilən vəsaitdən 2 faiz dərəcə ilə vergini tutmalı və tutulmuş məbləğə uyğun olaraq hesabatı təqdim etməlidir.
Vergi ödəyicisi olmayan fiziki şəxsdən isə malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (Vergi Məcəlləsi ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.