19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bu xidmətlərə görə təqdim olunan elektron qaimə-fakturanın vaxtı necə müəyyən ediləcək? - DƏYİŞİKLİK

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də müntəzəm və daimi əsaslarda göstərilən xidmətlərə görə təqdim olunan elektron qaimə-fakturanın vaxtı ilə bağlıdır. Bəs müntəzəm və daimi əsaslarda göstərilən xidmətlərə hansı sahələr aiddir? Qanunvericilikdə bu anlayışlar barədə hər hansı müddəa göstərilibmi? Xidmətlərin dövriliyi 1 təqvim ayı deyil, 2-3 aydan bir və ya illik olarsa, mütləq qaydada aylıq hesablamaya görə elektron qaimə-faktura (EQF) tərtib edilməlidirmi?

vergiler.az”ın bu və digər suallarına Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü, auditor Mehdi Babayev aydınlıq gətirir.

İlkin sənədlərin tərtib edilməsi ilə bağlı hazırkı qanunvericiliyin tələbinə görə, bütün iş və xidmət sahələri üzrə xidmət göstərənin (iş görənin) xidmətləri (işləri) qəbul edən tərəfə göstərdiyi iş və xidmətlərə görə işlərin görüldüyü və xidmətlərin göstərildiyi, yəni təhvil-qəbul edildiyi tarixdən 5 gün müddətində elektron qaimə-faktura təqdim etməlidir. Lakin bəzi xidmət sahələrində icraçılar tərəfindən EQF-lərin göndərilməsində sui-istifadə hallarına rast gəlinirdi. Məsələn, təcrübə göstərdi ki, göstərilən xidmətlərə görə EQF təqdim etmək üçün verilən 5 gün müddətlə vergiödəmə dövrünün haqsız dəyişdirilməsinə və beləliklə də xidmətlərin faktiki göstərildiyi vergi dövrü ilə bəyannamədə əks olunan vergi dövrü arasında uyğunsuzluğa şərait yaranır.

Bu cür halların qarşısını almaq məqsədilə gələn ildən bəzi xidmət sahələri üzrə göstərilən xidmətlərə görə EQF təqdim edilməsi müddətləri dəyişdirilə bilər. Bununla bağlı Vergi Məcəlləsinə 01 yanvar 2026-cı il tarixdən təklif olunan dəyişikliklərdə ayrıca müddəalar nəzərdə tutulub. EQF təqdim edilməsi müddətlərinin dəyişdirilməsi gözlənilən xidmətlər aşağıdakılardır:

1. Beynəlxalq daşıma xidmətləri;

2. Müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər.

Digər bütün xidmət (iş) sahələri üzrə görülən işlərə və göstərilən xidmətlərə görə EQF-nin təqdim edilməsi müddətləri dəyişdirilmədən, hazırkı versiyada olduğu kimi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində nəzərdə tutulur. EQF təqdim edilməsi müddətləri ilə bağlı nəzərdə tutulan dəyişiklikliyin biri belə verilib: Maddə 71-1.1.3-2. Müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə - hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt.

Müntəzəm xidmətlər birdəfəlik deyil, müəyyən vaxt intervalında (gündəlik, həftəlik, aylıq və s.), planlı və davamlı şəkildə göstərilən, adətən təkrarlanan ehtiyacları ödəyən xidmət növləridir. Qısaca desək, müntəzəm - əvvəlcədən müəyyən olunmuş qrafik üzrə icra olunur, daimi - uzun müddət fasiləsiz davam edir, birdəfəlik deyil - ehtiyac olduqda yox, davamlı ehtiyac əsasında göstərilir.

Məsələn:

- abunə əsaslı xidmətlər (internet, mobil rabitə, TV və s.);
- icarə xidmətləri;
- təhlükəsizlik və mühafizə xidmətləri;
- planlı texniki servis xidmətləri;
- vergi hesabatlarının müntəzəm hazırlanması;
- autsorsinq mühasibat xidmətləri;
- maliyyə hesabatlarının daimi aparılması;
- hüquqi məsləhət və hüquqi müşayiət xidmətləri;
- HR, insan resurslarının idarə edilməsi;
- kommunal - tullantıların daşınması xidmətləri;
- video-müşahidə sistemlərinin daimi nəzarəti;
- Sosial media hesablarının idarə olunması;
- PR və ictimaiyyətlə əlaqələr xidmətləri;
- daxili nəzarət və uyğunluq xidmətləri;
- müntəzəm olaraq korporativ daxili təlimlərin təşkili;
- digər müntəzəm formada göstərilən xidmətlər.

Beləliklə, əsas məsələ müntəzəmlik anlayışı barədə tam təsəvvürün olmasındadır. Yəni xidmətlər əvvəlcədən müəyyən edilmiş qrafik üzrə icra olunan (müntəzəm), uzun müddət fasiləsiz davam edən (daimi) və ehtiyac olduqda yox, davamlı ehtiyac əsasında göstərilən olmalıdır (birdəfəlik deyil). Əks halda, xidmət birdəfəlik hesab edilir.

Dəyişikliyin məzmununda göstərilən “hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt” EQF göndərilməsi tələbi o deməkdir ki, vergi məqsədləri üçün müntəzəm xidmətlərin dövriliyi dolayısilə 1 təqvim ayıdır. Təqvim ayı - təqvimdə qəbul olunmuş ay deməkdir və ayın ilk günündən son gününə qədər olan tam dövrü əhatə edir. Məsələn, aprel təqvim ayı 1 aprel - 30 aprel tarixlərini əhatə edir. Bağlanılan müqavilədə, məsələn, 3 aydan bir hesablaşma nəzərdə tutulsa da hər aya düşən müntəzəm xidmət haqqına görə EQF təqdim edilməlidir. Deməli, məsələn, icarə üzrə təqdim olunan EQF-də 2 və daha artıq təqvim ayını əhatə edən (3 aylıq, 6 aylıq, illik və s.) icarə haqqı barədə məlumatlar göstərilməsi düzgün hesab olunmayacaq (və ya hesab edilməyə bilər).

Müntəzəm xidmətlər üzrə EQF-lərin tərtib olunması və göndərilməsi təqvim ayının ilk günündə (və ayın ilk iş günündə) hər hansı səbəblərdən fiziki olaraq mümkün deyildirsə, EQF hər təqvim ayının daxilində, məsələn, ayın 1-dən başlayaraq sonuna qədər olan müddətdə, lakin növbəti aya keçməmək şərtilə təqdim olunarsa, bu, ciddi qayda pozuntusu hesab edilməyə bilər. Əsas odur ki, mümkün qədər təqvim ayının ilk günlərində EQF-lər təqdim olunsun.

Müntəzəm xidmətlər üzrə təqvim ayının ortasında, məsələn, ayın 12-də bağlanılan müqaviləyə əsasən xidmətlər təqvim ayının 12-dən başlayaraq göstərilməyə başlayırsa, EQF həmin təqvim ayının 12-də təqdim olunmalıdır. Bu halda, ilk təqvim ayında xidmətin göstərilməyə başlanıldığı tarixdən həmin təqvim ayının sonuna qədər olan dövrü (gün sayını, məsələn, 30-12=18 gün) əhatə edən xidmət haqqı müəyyən edilməlidir və həmin müddət üzrə ilk xidmət haqqı ilk təqdim olunan EQF-də tam ayı əhatə etməyən xidmət haqqı kimi əks olunacaq. Bəzən elə müntəzəm xidmət göstərilməsi halı ola bilər ki, xarakterindən asılı olaraq, xidmətə hər ayın konkret 20-dən 30-dək olan müddətdə başlanılır, ayın əvvəlki 20 günündə isə faktiki xidmət həyata keçirilmir. Məsələn, avadanlıqlara müntəzəm texniki baxış xidmətləri zamanı belə hal yarana bilər. Bu zaman xidmət göstərən tərəfdən EQF ayın əvvəlində deyil, 20-də təqdim oluna bilər. Çünki təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt ayın 20-sidir.

Eyni sahə (ad oxşarlığı olan) xidmət həm müntəzəm formada, həm də birdəfəlik qaydada göstərildiyi halda, müntəzəm göstərilən xidmətlərə görə ayrı EQF, birdəfəlik göstərilən xidmətlərə görə də ayrı EQF tərtib edilməlidirmi? Eyni sahə xidməti həm müntəzəm formada, həm də birdəfəlik qaydada göstərdiyi hallar da mövcuddur. Bəs bu zaman EQF necə tərtib edilməlidir? Bu hallarda müntəzəm göstərilən xidmətlərə görə ayrı EQF, birdəfəlik göstərilən xidmətlərə görə də ayrı EQF tərtib edilməsi tövsiyə olunur. Məsələn, hər ikisi hüquq sahəsində fəaliyyət hesab edilən, lakin müntəzəm xidmət kimi - müəssisənin fəaliyyətinin daimi hüquqi müşayiəti, müqavilələrin mütəmadi hazırlanması və hüquqi məsləhətlərin verilməsi, birdəfəlik xidmət kimi - konkret bir məhkəmə işinin aparılması və ya tək bir müqavilənin hazırlanması xidmətlərini göstərmək olar. Hər ikisi də mühasibat xidmətlərinə aid olan, lakin müntəzəm xidmət kimi - aylıq mühasibat uçotunun aparılması, vergi və maliyyə hesabatlarının davamlı hazırlanması, birdəfəlik xidmət kimi - bir illik maliyyə hesabatının tərtib edilməsi və ya vergi yoxlamasına hazırlıq xidmətlərini göstərmək olar. Bu cür eyni adlı xidmətlərə görə ayrı-ayrı EQF-lərin tərtib edilməsi və göndərilməsi vacibdir.

Bəzən göstərilən müntəzəm xidmətlərə digər xidmətlər və ya satışlar da əlavə edilir. Məsələn, aylıq icarə haqqına icarəyə götürənin istifadə etdiyi elektrik enerjisi, qaz və su haqqını əlavə edirlər. Belə əlavələr müntəzəm xidmətlərlə birlikdə bir EQF-də yazıla bilərmi? Belə hallarda əlavələrə görə təqvim ayının sonunda və ya müvafiq kommunal təsərrüfatlar tərəfindən sayğac məlumatları alınan gündən başlayaraq təqvim ayının istənilən günündə ayrıca EQF-də tərtib edilməsi və göndərilməsi tövsiyə olunur. Çünki kommunal haqların məbləği faktiki sərfiyyatdan sonra bilinir və əvvəlcədən müəyyən edilə bilməz. Hər əvvəlki təqvim ayının elektrik enerjisi, qaz və su srfiyyatı üzrə haqlar icarəyə götürənə növbəti ayın əvvəlində təqdim olunan EQF-də əks etdirilə bilər. Lakin bu da əməliyyatın baş verdiyi vaxtın pozulması kimi qiymətləndirilə bilər. Ona görə də icarəyə götürəndən elektrik enerjisi, qaz və su haqqı barədə tələblərə görə ayrıca EQF göndərilməsi daha məqsədəmüvafiqdir.

Təqvim ayının əvvəlində təqdim olunan EQF üzrə ay sona çatmamış müntəzəm xidmət göstərilməsi müqaviləsinə xitam verilərsə, icraçı tərəf təqdim etdiyi EQF-ni qaydaların vaxt baxımından verdiyi imkanlar daxilində düzəlişə, ləğvə göndərə və yenisi ilə əvəz edə bilər.

Qeyd edək ki, vergi ödəyiciləri EQF tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının tələblərinə əməl etməlidirlər. Qaydaların 1.3-cü maddəsində göstərilir ki, bu Qaydalara uyğun tərtib edilməyən və ya Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim olunmasının (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir. Həmçinin, Qaydaların 2.18-ci maddəsinin tələbləri onu göstərir ki, elektron qaimə-faktura tərtib edilən zaman o cümlədən təqdim olunmuş xidmətlərin adlarının dəqiq qeyd olunmamasına, ümumiləşdirilmiş adlardan (məsələn, müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir.

...Bir sözlə, müntəzəm xidmət göstərən sahibkarlıq subyektləri tərəfindən təqdim edilən EQF-lərdə xidmətlərin adı əks olunarkən xidmətin müntəzəmliyini bildirən və xidmətin tərkibinin aydın başadüşülən olmasını təmin edən geniş məzmunların yazılması tövsiyə olunur.

VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu?