11 Aprel 2021

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əməliyyatın düzgün sənədləşdirilməməsinə görə maliyyə sanksiyası

Vergi ödəyicilərində sual doğuran məqamlardan biri də Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyalarıdır. Bu sanksiyalar hansı hallarda tətbiq edilir? Vergi ödəyicisi sanksiyalara məruz qalmamaq üçün nə etməlidir? Suallara sərbəst auditor Altay Cəfərov şərh edir.

Vergi Məcəlləsinin 58.13-cü maddəsində qeyd edilib ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Buradan aydın görünür ki, maliyyə sanksiyasının obyekti malların təqdim edilməsi əməliyyatıdır. Malların təqdim edilməsi üçün düzgün sənədləşdirilmə aparılmalıdır. Sənədləşdirmənin əsas baza sənədi isə elektron qaimə-fakturadır.

Maliyyə sanksiyası əməliyyatın düzgün sənədləşdirilməməsinə, eləcə də düzgün sənədləşdirilməmiş malların təqdim edilməsinə görə tətbiq edilir.

58.13-cü maddə üzrə maliyyə sanksiyası ancaq malları satan şəxsə aiddir. Malları alan şəxsə isə maliyyə sanksiyası digər maddələr üzrə tətbiq edilə bilər.

Misal 1: Malların təqdim edilməsi ilə məşğul olan vergi ödəyicisi “AA” MMC 8 fevral 2021-ci ildə 10.000 manatlıq malı “VV” MMC-yə satıb və alıcı malları “AA” MMC-nin anbarından qəbul edib. Bu zaman satıcı şirkət 8 fevral 2021-ci ildə elektron qaimə-faktura təqdim etməlidir. Əgər qaimə-faktura sonrakı tarixlərdə göndərilsə və aralıq tarixdə operativ vergi nəzarəti tədbirləri ilə vergi orqanları bu halı müəyyənləşdirsə, onda əvvəlcə 10 faiz, eyni hal təkrar olunduqda isə daha yüksək faizlə maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Misal 2: “AA” MMC başqa bir alıcıya 8 fevral 2021-ci ildə müqavilə ilə 5.000 manatlıq mal satmaq istəyir və tərəflər malların alıcının anbarına təhvil verilməsi şərti ilə razılaşmışlar. Bu zaman rəsmiləşdirmə necə aparılmalıdır və maliyyə sanksiyası hansı halda tətbiq edilir?

Birinci misalda olduğu kimi ikinci misalda da “AA” MMC tərtib etdiyi elektron qaimə-fakturanı çap edib, malları yükləyərək alıcıya onun anbarında təhvil verib. Bu zaman o, elektron qaimə-fakturanı alıcıya təhvil verərkən imzalatmaqla rəsmiləşdirə bilər.

Burada diqqət yetirilməli məqam odur ki, əvvəlcədən razılaşma olduğuna baxmayaraq, alıcı uzaqda yerləşdiyi üçün malların təhvil verilməsi prosesi bir neçə gün çəkir. Bu zaman rəsmiləşdirmə aparmaq üçün tələb olunan şərtlərə əsasən, mallar təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası ilə yüklənməli, təhvil-təslim aktı ilə alıcıya təhvil veriləndən sonra isə elektron qaimə-faktura göndərilməlidir.

Birinci misalda alğı-satqı üçün əvvəlcədən razılaşma olduğu və əməliyyat operativ yerinə yetiriliyi üçün vergi orqanları tərəfindən maliyyə sanksiyası tətbiq edilmir.

İkinci halda isə əvvəlcədən razılaşma olmasına baxmayaraq, əməliyyatın başa çatması üçün müəyyən bir müddət lazım gəlir. Malların yolda olduğu müddət üçün əlavə sənədləşmə aparılmalıdır.

“Əvvəlcədən sifariş edilməyən mallar” dedikdə nə başa düşülür və bu necə rəsmiləşdirilir?

Bu sualın cavabı üçün Vergi Məcəlləsinin 71-1.ci maddəsinə baxmalıyıq.

71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim etməlidir:

71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8-ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt;

71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində...

Deməli, əvvəlcəfən sifariş verilməyən malları satan zaman ilkin olaraq mallar alıcıya təhvil-təslim aktı ilə verilməlidir və ən geci 5 gün müdətinə elektron qaimə-faktura göndərilməlidir. Bu müddət ərzində vergi orqanları nə satıcıya, nə də alıcıya maliyyə sanksiyası tətbiq etmir.

Amma burada başqa bir incə məqam vardır. Satıcı malları bu formada satanda malları anbardan maşına yükləyən zaman əlavə olaraq malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib etməlidir.

Əvvəlcədən sifariş verilmədən malların satışı dedikdə, adətən, praktikada malların səyyar formada satışı başa düşülür.

Məsələn, satıcı malları müxtəlif çeşidlərdə maşınına yükləyir və müəyyən bir ərazidə satmağı planlaşdırır, sadəcə onun konkret müştərilərinin hansı maldan nə qədər sifariş verəcəyini əvvəlcədən bilmir. Ona görə də dəqiq satış əməliyyatı sırf mallar alıcıya onun əraizisndə təhvil veriləndə bilinir.

Misal 3: Malları səyyar formada satan “AA” MMC 50.000 manatlıq malı maşına yükləyib, sürücüyə və cavabdeh şəxsə malların təhvil-təslim aktlarını verir ki, malları alıcılara satan zaman onları yazsınlar. Təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasını isə vermir.

Vergi orqanları operativ vergi nəzarəti tədbirləri zamanı bunu müəyyənləşdirərsə, onda 10 faiz maliyyə sanksiyası tətbiq edəcəkdir. Anbardan maşına təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası olmadığına görə faktiki olaraq malların kimə aid olduğu bilinmir. Burada iki təsərrüfat obyekti var: “AA” MMC-nin anbarı və nəqliyyat vasitəsi.

Onu da yadda saxlamaq lazımdır ki, nə malların təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası, nə də malların təhvil-təslim aktı ciddi hesabat blankı deyildir və onları sadə kompüter fayllarında hazırlayıb çap etmək mümkündür.

Ona görə də vergi ödəyiciləri maliyyə sanksiyaları ilə üzləşməmək üçün səyyar formada alğı-satqı zamanı rəsmiləşdirmələrə diqqət yetirməlidirlər.

Fəxriyyə İKRAMQIZI