10 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Distant iş modeli: qənaət, komfort və risklər MƏQALƏ

Əmək Məcəlləsində növbəti dəyişikliklər təklif olunur. Layihəyə əsasən, işçinin məzuniyyət dövründə əməkhaqqının azaldılmasına son qoyulur, həmçinin müasir əmək bazarına uyğun olaraq, “məsafədən (distant) iş” anlayışı qanuna daxil edilir. Yeniliklərdən biri də “ailə vəzifələri olan işçi” statusunun müəyyənləşdirilməsidir ki, ekspertlərin fikrincə, bu, sosial həssas qrupların hüquqlarının qorunması baxımından mühüm addımdır.

vergiler.az” təklif olunan dəyişikliklərin praktiki təsirlərini və iş mühitinə gətirəcəyi yenilikləri bu sahənin mütəxəssisləri ilə birgə təhlil edib.

Tıxaclar azala, məhsuldarlıq arta bilər, bəs nəzarət necə olacaq?

Koronavirus pandemiyası iş dünyasında yeni reallıqları üzə çıxardı və bu kontekstdə məsafədən (distant) işləmək modeli qlobal trendə çevrildi. İqtisadçı-ekspert Elman Sadıqov deyir ki, bu əmək forması artıq bir sıra şirkətlər tərəfindən tətbiq olunur. İşçi hər gün işə gedib-gəlmədiyi üçün əlavə yorğunluq yaşamır, nəqliyyat və evdən kənar nahar xərcləri azalır ki, bu da həm sosial komfort, həm də maliyyə baxımından üstünlükdür. Ekspertin sözlərinə əsasən, distant iş modelinin digər müsbət tərəfi şəhər yükünün azalmasıdır. Yəni işə gedib-gələnlərin sayı azaldıqca, tıxaclar da qismən azalır ki, bu da ümumi iqtisadi effektivliyə müsbət təsir edir. Eyni zamanda, şirkətlər də ofis, kommunal və digər xərclərə qənaət etmiş olur.

E.Sadıqovun fikrincə, distant işin mənfi tərəfləri də gözardı edilməməlidir. Əsas risk nəzarət mexanizmləri ilə bağlıdır. “İşçi həqiqətən işləyirmi, yoxsa sadəcə, kompüteri açıq saxlayaraq görüntü yaradır?” - sualının cavabı üçün şəffaf monitorinq mexanizmləri qurulmalıdır, əks halda, sui-istifadə halları yarana bilər. Ekspert hesab edir ki, distant işin tam şəkildə deyil, həftədə 1–2 gün tətbiqi daha real nəticə verə bilər. Vurğulayır ki, dünyanın qabaqcıl ölkələrində də şirkətlər mümkün riskləri nəzərə alaraq tam distant rejimə keçməyə tələsmir. Bütün hallarda hibrid sistem həm işin keyfiyyətini artırır, həm də nəzarəti təmin etməyə imkan verir. E.Sadıqov iş saatlarına da toxunaraq əlavə edir ki, müasir texnoloji dövrdə 8 saatlıq rejim çox vaxt real məhsuldarlıq yaratmır. Təcrübə göstərir ki, 6–7 saatlıq, hətta 4 günlük iş rejimi müəyyən hallarda daha effektivdir.

Məsafədən işləyənlərin sığorta hüquqları necə qorunmalıdır?

Bu gün texnoloji inkişaf o həddə çatıb ki, artıq dəzgahları, avadanlıqları, texnikanı, hətta nəqliyyat vasitələrini belə, məsafədən idarə etmək mümkündür. İntellektual xidmətlər, tədqiqat işləri, analitik araşdırmalar, jurnalist yazıları və digər oxşar fəaliyyətlər distant formada yerinə yetirilə bilir.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov əmək funksiyalarının məsafədən icrasına imkan verən texnoloji mühit mövcud olduğu halda, işəgötürənlərin həmin işçi ilə məsafədən əmək münasibətləri qurmasını müsbət hal kimi qiymətləndirir. Bununla belə, ekspert məsafədən iş qaydalarının hüquqi və praktiki yönlərinin hələ də açıq qaldığını vurğulayır. Onun fikrincə, ən ciddi sual məsafədən işləyənlərin əməyinin mühafizəsinin necə təmin olunacağı ilə bağlıdır. S.Məmmədov bildirir ki, işəgötürən işçinin sağlamlığına dəyən hər bir zərərə görə həm maddi, həm də hüquqi məsuliyyət daşıyır. İş yeri təhlükəsiz olmalı, texniki təhlükəsizlik qaydalarına riayət edilməli, ədalətli və əlverişli əmək şəraiti yaradılmalıdır. Amma ekspert bu tələblərin məsafədən iş şəraitində real şəkildə təmin olunub-olunmayacağı ilə bağlı sualların açıq qaldığını bildirir və məsələni sığorta aspektindən misallarla izah edir.

Qanunvericiliyə görə, məsafədən işləyən işçi də istehsalatda baş verə biləcək bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığortalanmalıdır. Bu tələb yerinə yetirilmədikdə, işəgötürənə 5 min manatadək cərimə tətbiq edilə bilər. Lakin əsas sual elə burada ortaya çıxır. Məsafədən fəaliyyət göstərən işçi iş saatlarında hər hansı bədbəxt hadisə ilə qarşılaşarsa, bu qəza sığorta hadisəsi kimi qəbul ediləcəkmi? S.Məmmədov o fikirdədir ki, işçi şəxsi avtomobilində hərəkətdə olduğu zaman kompüter vasitəsilə iş funksiyasını yerinə yetirdiyi halda qəza törədərsə, bu hadisə sığorta predmeti hesab oluna bilməz. Eyni vəziyyət evdən işləyən işçiyə də aiddir, evdə baş verən qəza da sığorta hadisəsi tərkibinə daxil edilmir.

Nəticə etibarilə distant iş modelinin tətbiqi həm üstünlüklər, həm də müəyyən risklər gətirir. Amma mütəxəssislər o fikirdədirlər ki, bu model düzgün yanaşma, sığorta mexanizmləri və nəzarət metodları ilə tətbiq olunarsa, iqtisadi yükü azaldan, iş mühitini optimallaşdıran və məhsuldarlığı artıran mexanizm kimi sosial və biznes mühitinə müsbət təsir göstərə bilər.

Ailə qayğısı olan işçi hər iş rejiminə cəlb edilməyəcək

Qanunda edilmiş daha bir dəyişikliyə əsasən, işçinin evdə qayğıya ehtiyacı olan xəstə və ya yardım tələb edən ailə üzvü varsa, işəgötürən bunu nəzərə almalı olacaq, onu hər iş rejiminə cəlb etməyə qanunla icazə verilməyəcək. “Ailə vəzifələri olan işçi” dedikdə, tibbi rəy əsasında qulluğa və köməyə ehtiyac duyan ailə üzvü olan şəxslər nəzərdə tutulur. Ailə üzvü kimi ər, arvad, valideynlər, övladlığa götürülənlər və qəyyumluğa verilən şəxslər qəbul edilir. S.Məmmədov hesab edir ki, əgər işçinin tibbi rəy ilə təsdiq olunmuş belə ailə üzvünə qayğı göstərməsi tələb olunursa, bu, artıq əmək münasibətlərində nəzərə alınmalı bir faktor olacaq. Əmək Məcəlləsinin 98-ci maddəsində də qeyd olunur ki, bu kateqoriyaya aid işçilərin gecə növbəsinə cəlb edilməsi zamanı onların vəziyyəti xüsusi olaraq nəzərə alınmalıdır. Yəni, dəyişikliyə əsasən, hər bir halda işəgötürən ailə vəzifələri olan işçinin vəziyyətini qiymətləndirməli və əmək şəraitində bunu mütləq nəzərə almalıdır.

Məzuniyyət haqqı aylıq maaşdan aşağı olmayacaq

Mövcud qaydaya görə, məzuniyyət haqqının hesablanması işçinin son 12 ayda aldığı əməkhaqqına əsaslanır. Bu məbləğ cəmlənir, 12-yə bölünür, daha sonra əldə edilən nəticə 30,4-ə bölünərək alınan rəqəm işçinin məzuniyyət günlərinin sayına vurulur. Əmək münasibətləri ilə bağlı məsələləri şərh edən ekspert Nüsrət Xəlilov deyir ki, bəzi hallarda bu hesablama metodu ilə əldə edilən orta əməkhaqqı işçinin faktiki maaşından aşağı olur. Təklif edilən dəyişikliyə əsasən, işçinin məzuniyyət haqqı maaşından aşağı olmayacaq. Məsələn, əməkhaqqı 1000 manat olan bir işçinin hesablama nəticəsində orta əməkhaqqı 950 manat təşkil edirsə, mövcud qanunvericiliyə görə, ona məzuniyyət haqqı 950 manat olaraq ödənilirdi. Yeni dəyişiklik bu uyğunsuzluğu aradan qaldırmağa hesablanıb. Layihəyə əsasən, əgər 1000 manat maaş alan işçinin orta əməkhaqqı hesablananda nəticə 1050 manat olarsa, o, bu məbləği alacaq. Əgər hesablama nəticəsində orta əməkhaqqı 950 manat çıxarsa, bu halda işəgötürən ona 1000 manatdan aşağı olmamaq şərtilə ödəniş həyata keçirməlidir. N.Xəlilov hesab edir ki, dəyişiklik qəbul ediləcəyi halda, işçilər artıq məzuniyyət vaxtlarını daha rahat planlaşdıra biləcəklər.

Təcrübəçilər artıq rəsmi əmək müqaviləsi ilə işləyəcəklər

Əmək Məcəlləsinin 47-ci maddəsinə edilmiş əlavə tələbələrin istehsalat təlimi və ya təcrübə keçdikləri dövrdə onlarla müddətli əmək müqaviləsi bağlanmasını nəzərdə tutur. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən, tələbələr praktika müddətində rəsmi olaraq işləmək, əməkhaqqı almaq və bütün icbari ödənişlərdən yararlanmaq hüququ əldə edirlər. Ekspert S.Məmmədov bildirir ki, bu əlavənin praktiki tətbiqi zamanı müəyyən texniki uyğunsuzluqlar meydana çıxa bilər. Hazırda müəssisələrin ştat cədvəlləri ƏMAS sisteminə uyğun təsdiqləndiyindən, əmək müqaviləsi bağlamaq üçün müvafiq yer olmalıdır. Mütəxəssis düşünür ki, özəl sektorda bu məsələnin həlli üçün ştat cədvəlində müvəqqəti düzəlişlərin edilməsi nisbətən daha çevik şəkildə mümkün olsa da, büdcədən maliyyələşən qurumlarda müqavilələrin rəsmiləşdirilməsi əlavə mexanizm tələb edir. Qeyd edir ki, təcrübə mexanizminin geniş tətbiqi üçün texniki-hüquqi incəliklər üzərində işlənməsi faydalı ola bilər.

Yeni yanaşmanın tələbələr üçün mühüm üstünlüyü odur ki, işə qəbul zamanı onlara tez-tez verilən “təcrübən varmı?” sualına rəsmi sənədlərlə cavab vermək imkanı yaranır. Bəzən praktika dövründə tələbə işləsə belə, əmək müqaviləsi olmadığı üçün bu, rəsmi qeyd olunmurdu. Ancaq müqaviləli praktika iş stajının formalaşmasına, gələcək karyera imkanlarının genişlənməsinə töhfə verə bilər. Digər tərəfdən, tələbələr üçün əməkhaqqı ilə təcrübə keçmək əlçatan olur ki, bu da onları motivasiya edən əsas amildir.

Məcəlləyə əlavə olunan dəyişikliklərdən biri də əcnəbilərlə əmək müqavilələrinin bağlanmasıdır. Ekspert E.Sadıqov bildirir ki, Azərbaycanda yüksək ixtisaslı əcnəbi mütəxəssislərin əmək bazarına cəlb edilməsi bəzən çətinliklə müşayiət olunur ki, bu da daha çox qarşılıqlı etimadın formalaşmaması ilə bağlıdır. Bir sıra hallarda işəgötürənlər əcnəbi mütəxəssisin potensialına tam əmin olmadıqları üçün tərəddüd edirlər. Ancaq reallıq budur ki, bəzi sahələrdə peşəkar əcnəbi kadrlara real ehtiyac duyulur. Mütəxəssis qeyd edir ki, bu proses düzgün şəkildə tənzimlənərsə, ümumi əmək bazarına müsbət təsir göstərə, həm də kadr çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər.

Faiq KƏRİMOĞLU

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?