Əməkhaqqından tutulmaların təyinatı
Əməkhaqqından tutulmalar son nəticədə bütövlükdə cəmiyyətin və hər bir vətəndaşın həyatı və rifahı üçün müstəsna əhəmiyyət daşıyır. İctimaiyyətin diqqət mərkəzində olan mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir.
Qanunvericiliyə əsasən, Azərbaycanda işçinin əməkhaqqından bu tutulmalar həyata keçirilir:
- gəlir vergisi;
- məcburi dövlət sosial sığorta haqqı;
- işsizlikdən sığorta haqqı;
- icbari tibbi tibbi sığorta haqqı;
- bəzi müəssisələrdə həmkarlar ittifaqına üzvlük haqqı.
Bəs bu tutulmaların təyinatı və vətəndaşları üçün faydaları nədir?
Gəlir vergisi ümumilikdə dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatıdır. Dövlət büdcəsi də sırf bu cür təminatlar hesabına formalaşır. Hər bir şəxsin əməkhaqqından tutulan gəlir vergisi həm Konstitusiya ilə müəyyən edilmiş vəzifə, həm də vətəndaşlıq borcudur.
Məcburi dövlət sosial sığorta haqqı həm işçidən, həm də işəgötürəndən tutulur və fiziki şəxslərin itirilmiş əməkhaqqının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itkilərinin qarşısının alınmasına yönəldilir. Sosial sığorta haqları, bir qayda olaraq, işçinin əmək qabiliyyətini itirdiyi dövrdə (xəstəlik, əlillik, hamiləlik, pensiya və s) itkilərinin kompensasiya olunmasını təmin edir. Onu da qeyd edək ki, sosial sığorta haqqı əmək pensiyası yaşına çatan və ya pensiya hüququ qazanan işçinin alacağı pensiyanın formalaşmasını təmin edir.
Bundan əlavə, sosial sığorta haqqı müavinətlərin ödənilməsinə də yönəldilir.
İşsizlikdən sığorta haqqı təyinatı üzrə işçi ixtisar olunduqda, müəssisə ləğv edildikdə və ya müqavilənin müddətinin bitməsi ilə əlaqədar işdən azad edildikdə onun maliyyə itkilərinin müəyyən hissəsinin kompensasiya edilməsi məqsədilə tətbiq edilir.
İcbari tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsini təmin edir və sağlamlığa dəymiş zərərin tibbi xidmətlər zərfində göstərilmiş həcmə uyğun olaraq aradan qaldırılması məqsədilə tətbiq edilir.
Həmkarlar ittifaqına tutulmaların əsas təyinatı işçilərin təminatlarının yaxşılaşdırılması, işçi hüquqlarının müdafiəsidir. Kollektiv müqavilələr bağlanarkən işçiləri həmkarlar ittifaqı təmsil edir.
Fərqanə ALLAHVERDİQIZI