14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İKT şirkətləri və startaplar üçün məlumat sessiyası keçirilib

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar və Vergilər nazirliklərinin, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə fevralın 14-də Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə həsr olunan tədbir keçirilib.

Tədbiri İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov açıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək innovativ iqtisadiyyatın genişləndirilməsi və daha da sürətləndirilməsi üçün ölkədə həyata keçirilən tədbirlər sırasında startaplara göstərilən qayğını xüsusi vurğulayıb: "Startaplara və biznes subyektlərinə vergi güzəştlərinin edilməsi mütərəqqi və vaxtında atılmış addımdır. Bizim bu məsələ ilə bağlı Vergilər Nazirliyində görüşlərimiz olub, müzakirələr aparmışıq. Vergi Məcəlləsində əksini tapmış dəyişikliklərdən bəziləri həmin görüşlərdə qaldırılmış məsələlərdir. Məlumat mübadiləsi fəaliyyətimizə, ölkə iqtisadiyyatının innovativ inkişafına kömək edir. Yeni ideyalara, yeni yaranan biznes sahələrinə, startaplara dövlət dəstəyinin olması alqışalayiqdir".

Vergilər Nazirliyinin aparat rəhbəri Nazim Səmədov vergi sistemində köklü islahatların aparılması və bu islahatlar sayəsində iqtisadiyyatın daha da şəffaflaşması, eləcə də 2018-ci ilin yekunları barədə məlumat verərək bildirib ki, 2018-ci ildə vergi daxilolmaları üzrə proqnoz göstəricilər artıqlaması ilə yerinə yetirilib, dövlət büdcəsinə 7 milyard 415,5 milyon manat vəsaitin daxil olması təmin edilib. Daxilolmaların həcmi 2017-ci ilə nisbətən 442 milyon manat və ya 6,3 faiz çox olub. Qeyri-neft-qaz sektoru üzrə 2018-ci il ərzində dövlət büdcəsinə 4 milyard 974 milyon manat vəsait daxil olub ki, bu da ümumi daxilolmanın 67,1 faizini təşkil edir: "Vergi islahatları sahibkarlıq fəaliyyəti üçün əlverişli mühit yaradılmasını, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsini, qeyri-neft sektorunun və sahibkarlığın inkişafının stimullaşdırılmasını, ölkədə aparılan sosial-iqtisadi siyasətin daha effektiv üsullarla dəstəklənməsini, vergi inzibatçılığının səmərəliliyinin artırılmasını nəzərdə tutur".

2019-cu ildən tətbiq edilən ən mühüm güzəştlərdən biri də
mikro və ya kiçik sahibkarlıq subyektlərinə təqdim olunmuş startap layihələrinin
3 il müddətinə mənfəət və gəlir vergilərindən azad edilməsidir

N.Səmədov diqqəti Vergi Məcəlləsində bir sıra sosial və iqtisadi xarakterli vergi güzəşti və azadolmalarına yönəldərək qeyd edib ki, vergi sahəsində güzəşt və azadolmaların verilməsi üçün təşəbbüslər irəli sürülən zaman həmin təkliflərin əsas hədəflərinin, gözlənilən iqtisadi səmərəsinə dair əsaslandırılmış proqnozların müəyyən edilməsi və sonradan ölçülə bilən olması dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir: "Kiçik və orta biznes subyektlərinin fəaliyyətini stimullaşdırmaq və istehsal proseslərində rolunu artırmaq məqsədilə KOB klaster şirkətləri reyestri təsis edilib və bu reyestrə daxil olan KOB klaster subyektləri qeydiyyat tarixindən 7 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir, eyni zamanda KOB klaster subyektləri tərəfindən mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – həmin şirkətin reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə ƏDV-dən azad olunur. KOB klasterlər yuxarıda qeyd olunmuş fəaliyyət üzrə istifadə edilən əmlak və torpağa görə 7 il müddətinə müvafiq olaraq əmlak və torpaq vergisindən azad edilirlər. 2019-cu ildən tətbiq edilən ən mühüm güzəştlərdən biri də mikro və ya kiçik sahibkarlıq subyektlərinə təqdim olunmuş startap layihələrinin 3 il müddətinə mənfəət və gəlir vergilərindən azad edilməsidir. Startap layihələrinə vergi güzəştlərinin tətbiqi ölkədə rəqəmsal texnologiyalara, elektron biznesə, proqram təminatı kimi innovativ sahələrə əsaslanan startap layihələrinə marağı artırmaqla yanaşı, bu cür layihələrin uğurla nəticələnməsi üçün əvəzsiz stimul olacaqdır".

Qeyd olunub ki, ölkədə innovasiya fəaliyyətini stimullaşdırmaq və yeni texnologiyaların tətbiqini təşviq etmək məqsədilə sənaye texnologiya parklarında fəaliyyət göstərən hüquqi şəxslərin buradakı fəaliyyətdən əldə etdikləri gəlir - sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq, 7 il müddətinə mənfəət vergisindən azad edilir. Bildirilib ki, vergitutma sahəsində şəffaflığın təmin edilməsi, yüksək vergi mədəniyyətinin formalaşdırılması və real vergi potensialının müəyyən edilməsi sahəsində qarşıya çıxan problemlərin həlli məqsədilə aidiyyəti dövlət orqanları ilə sıx və faydalı əməkdaşlıq davam etdiriləcək.

Tədbirin sonunda Vergilər Nazirliyinin əməkdaşları iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?