13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bir neçə fəaliyyətlə məşğul olan fiziki şəxslərin icarədən gəlirləri hansı qaydada vergiyə cəlb olunur?

Vergi ödəyicilərinin fəaliyyətləri çoxşaxəli ola bilər. Məsələn, fiziki şəxs sahibkar həm icarə fəaliyyəti, həm də digər fəaliyyətlərlə məşğul ola bilər. Son zamanlar bu kimi kombinə edilmiş əməliyyatlar çoxalıb. Bəs, fiziki şəxslərin icarə fəaliyyətindən əldə etdiyi gəlirlər 200.000 manatı ötərsə, ƏDV ödəyicisi olurmu? Digər fəaliyyətlərdən əldə edilmiş gəlirlər 200.000 manatın hesablanması üçün necə nəzərə alınır? “vergiler.az”ın bu və digər suallarına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir. 

Məsələlərə tam aydınlıq gətirmək üçün müxtəlif hallara misallar üzərindən nəzər yetirək.

Misal 1: Fiziki şəxs sahibkarın daşınmaz əmlakı vardır və hər ay icarə haqqı kimi icarəyə götürənlərdən 18.000 manat vəsait əldə edir.

Misal 2: Fiziki şəxs sahibkarın daşınmaz əmlakı vardır və hər ay icarə haqqı kimi icarəyə götürənlərdən 18.000 manat vəsait əldə edir. Həmçinin, əhaliyə göstərdiyi xidmətlərdən də aylıq 5.000 manat xidmət haqqı əldə edir.

Misal 3: Fiziki şəxs sahibkarın daşınmaz əmlakı vardır və hər ay icarə haqqı kimi icarəyə götürənlərdən 18.000 manat vəsait əldə edir. Əhaliyə göstərdiyi xidmətlərdən isə aylıq standart olaraq 30.000 manat vəsait əldə edir.

Misal 4: Fiziki şəxs sahibkarın daşınmaz əmlakı vardır və hər ay icarə haqqı kimi icarəyə götürənlərdən 18.000 manat vəsait əldə edir. Sahibkar topdansatış fəaliyyəti ilə məşğuldur və bu fəaliyyətdən ortalama aylıq gəliri 10.000 manatdır.

Hansı hallarda fiziki şəxs sahibkar ƏDV ödəyicisi kimi qeydiyyata alınır?

Birinci misalda fiziki şəxs sahibkar hər ay 18.000 icarə haqqı aldığına görə 12-ci ayda artıq onun son 12 aylıq dövriyyəsi 200.000 manatı ötmüş olur. Bildiyiniz kimi, ƏDV məqsədləri üçün qeydiyyata alınmanın əsas tələblərindən biri son 12 aylıq dövriyyənin 200.000 manatı ötməsidir.

Ancaq birinci misalda fiziki şəxs sahibkar ƏDV ödəyicisi kimi uçota alınmayacaq. Belə ki, Vergi Məcəlləsinin 218.1.-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:

- bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

Məcəllənin 218.5-ci maddəsində göstərilib ki, aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:

- əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər.

Yuxarıdakı maddələrdən aydın olur ki, əmlakını icarəyə verən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Odur ki, əmlakını icarəyə verən fiziki şəxs gəlir vergisi ödəyicisi olacaq və ondan Vergi Məcəlləsinin 124.2.-ci maddəsinə əsasən, ödəmə mənbəyində 14% vergi tutulacaq.

Bəs dövriyyəsi 200.000 manatı ötdüyünə görə ƏDV ödəyicisi olmayacaqmı?

Bunun üçün Məcəllənin 155-ci maddəsinə nəzər yetirməliyik:

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Məcəllənin 155.1-ci maddəsinə görə ancaq sahibkarlıq fəaliyyəti göstərən ardıcıl 12 ayın dövriyyəsi 200.000 manatdan çox olduqda ƏDV ödəyicisi kimi uçota alınmaq öhdəliyi yaranır. Bəs fiziki şəxlər üçün əmlakın icarəyə verilməsi sahibkarlıq fəaliyyəti sayılırmı?

Vergi Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.

Məcəllənin 99.3.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər sayılır. Buna görə Məcəllənin 155.1.-ci maddəsinin tələblərinə uyğun gəlmir. Odur ki, fiziki şəxslərin əmlakın icarəsindən əldə etdiyi dövriyyələri ancaq 14% gəlir vergisinə cəlb edilir və ƏDV məqsədləri üçün nəzərə alınmır.

İkinci misalda göstərilən halda da fiziki şəxs ƏDV ödəyicisi olmayacaq. Qeyd etdiyim kimi, ƏDV məqsədləri üçün əmlakın icarəsidən əldə edilən gəlir nəzərə alınmır. Digər sahibkarlıq fəaliyyətindən aylıq gəliri 5.000 manat olduğundan ardıcıl 12 aylıq gəliri 60.000 manat təşkil edəcək:

5000 x 12 = 60000 manat.

Bu məbləğ də 200.000 manatdan aşağıdır.

Üçüncü misalda isə artıq fiziki şəxs ƏDV məqsədləri üçün qeydiyyata alınacaq. Çünki aylıq gəliri 30.000 manat olduqda 7 aydan sonra gəlir 200.000 manatdan çox olacaq. Bu halda ƏDV məqsədləri üçün qeydiyyata alınacaq. Belə olduqda fiziki şəxs olan sahibkar əmlak icarəsinə görə ödəmə mənbəyində 14% vergi, digər fəaliyyətinə görə isə 20% gəlir vergisi ödəyəcək. Əlbəttə ki, gəlir vergisinə görə müvafiq güzəştləri olsa istifadə edəcək.

Dördüncü misalda da fiziki şəxs ardıcıl 12 aylıq dövriyyəni gözləyəcəkdir ki, 200.000 manatlıq dövriyyəni ötdükdə ƏDV məqsədləri üçün qeydiyyata alınsın. Belə ki, Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə görə, topdansatış fəaliyyəti ilə məşğul olan istənilən şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Ona görə də dördüncü misaldakı kimi dövriyyəsi olan fiziki şəxs sahibkar sadələşdirilmiş yox, gəlir vergisi ödəyicisi olur. Aylıq dövriyyəsi 10.000 olduğuna görə 12 aylıq gəliri 120.000 olacaq:

10000 x 12 = 120000 manat.

Bu halda ƏDV məqsədləri üçün uçota alınmaq öhdəliyi olmayacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?