13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Proqram təminatlarına texniki dəstək əldə edən vergi ödəyicilərinin öhdəlikləri

Son dövrlərdə vergi ödəyiciləri tərəfindən proqram təminatlarının əldə edilməsi və onlara texniki dəstək kimi xidmətlərin göstərilməsi əməliyyatları çoxalıb. Təbii ki, bu, müasir inkişaf üçün vacib bir haldır. Ancaq təcrübədə bu cür əməliyyatlarda ödəmə mənbəyində vergi tutulması ilə bağlı müəyyən mübahisələr yaranır.

Sərbəst auditor Altay Cəfərov “vergiler.az”a bu məqamları misallar üzərində şərh edib.

Misal 1: “AA” MMC Türkiyə Respublikasının rezidenti olan “SS LTD”-dən 10.000 dollar dəyərində proqram təminatı alıb. Bu zaman şirkətin hansı vergi öhdəlikləri yaranır?

Misal 2: “AA” MMC Türkiyə Respublikasının rezidenti olan “SS LTD” ilə proqram təminatının istifadə edilməsi ilə bağlı 5 illik lisenziya müqaviləsi bağlayıb. Müqavilə şərtlərinə görə, LTD-yə illik 5.000 dollar ödəniləcək. Bundan əlavə, tərəflər arasında imzalanmış digər müqaviləyə əsasən, “SS LTD” proqram təminatına texniki dəstək verəcək və bununla bağlı aylıq təqdim ediləcək invoysa əsasən ödəniş həyata keçiriləcək. Nəzərə alaq ki, 2024-cü ilin iyul ayında göstərilən texniki dəstəyin məbləği 500 dollar olub. Bu halda şirkətin hansı vergi öhdəlikləri yaranır?

Birinci misalda məsələ daha sadədir. Belə ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su anlamına gəlir. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Məcəllənin 13.2.9-cu maddəsində isə göstərilib ki, qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardır.

Maddədən də görünür ki, qeyri-maddi aktivlər xidmətlər kimi qiymətləndirilir. Həmçinin, alınmış proqram təminatı da qeyri-maddi aktiv olduğuna görə ödəmə mənbəyində 10% vergi tutulacaq və 18% ƏDV hesablanacaq:

10.000 x 18% = 1.800 dollar;
1.800 x 1,7 (kurs) = 3.060 manat.

Deməli, şirkətə 3.060 manat qeyri-rezidentin ƏDV-si hesablanacaq. MMC bu məbləği qeyri-rezidentin ƏDV-si adı ilə büdcəyə ödəsə, ona uyğun qaydada əvəzləşmə də aparacaq. Bundan əlavə, 1.700 manat məbləğində ödəmə mənbəyində vergi tutulacaq və hesabatda göstərilməklə büdcəyə ödəniləcək:

10.000 x 10% = 1.000 dollar;
1.000 x 1,7 (kurs) = 1.700 manat.

İkinci misaldakı məsələyə isə mütəxəssislər müxtəlif formada yanaşırlar. Belə ki, burada proqram təminatı alınmayıb, ancaq 5 il müddətinə istifadə hüququ (lisenziya) əldə edilib. Ona görə də bu, artıq royalti əməliyyatı sayılır və ödəmə mənbəyində 14% vergi ödənilməsi məsələsi ortaya çıxır. Yəni “AA” MMC qeyri-rezidentə hər il üçün ödəyəcəyi 5.000 dollardan royalti ödəmələri kimi 14% ödəmə mənbəyində vergi tutacaq:

5.000 x 14% = 700 dollar;
700 x 1,7 (kurs) = 1.190 manat.

Bu halda, eyni zamanda, 18% ƏDV də hesablanıb ödənilməlidir. Ancaq bəzi mütəxəssislər texniki dəstəyə görə ödənilməli məbləğdən ödəmə mənbəyində 14%, bəzi mütəxəssislər isə 10% verginin tutulmasını bildirirlər. Odur ki, məsələni dəqiqləşdirmək üçün ona daha dərindən yanaşmalıyıq.

Bunun üçün ilk olaraq əməliyyatların mahiyyəti, göstərilən xidmətlərin naturasına baxmalıyıq. Bildiyimiz kimi, 14% ödəmə mənbəyində vergi royaltilərdən tutulur. Royaltinin açılışı Vergi Məcəlləsinin 13.2.23.-cü maddəsində belə göstərilib: Royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Maddədən də görünür ki, royaltinin mahiyyəti və naturası konkret hüquqların verilməsi və hüquqların əldə edilməsidir. Texniki dəstək isə istənilən texnikanın, avadanlığın, maddi aktivlərin, həmçinin qeyri-maddi aktivlərin işləməsi üçün göstərilən bir xidmət növüdür. Məsələn, bizim misallarımızda olduğu kimi, rezident proqram təminatını ala və ya royalti kimi istifadə edə bilər. Ancaq texniki dəstəyi özü və ya hər hansı bir digər rezident müəssisəyə həvalə edə bilər. Odur ki, texniki dəstək həm mahiyyətinə, həm də naturasına görə royaltiyə uyğun gəlmir. Ona görə də belə bir xidmətə görə qeyri-rezidentə ödənilən məbləğdən ödəmə mənbəyində 14% deyil, 10% vergi tutulmalıdır.

Bəs texniki dəstəyə görə ödənilən məbləğdən ödəmə mənbəyində 14% vergi tutulmasını bəzi mütəxəssislər necə açıqlayırlar?

Bir sıra ekspertlər bu suala cavab olaraq, texniki dəstəyi əldə edilmiş royaltinin düzgün işləməsi üçün göstərilmiş xidmət kimi dəyərləndirməklə, royaltinin bir hissəsi olduğunu qeyd edirlər. Ancaq belə bir yanaşma, ümumiyyətlə, səhvdir. Royalti xidmətinin mahiyyəti və naturasının ölçüsü yuxarıdakı tərifdəki çərçivədə məhduddur. Odur ki, texniki dəstək heç bir halda royalti anlayışına uyğun gəlmir.

Nəticə olaraq, “AA” MMC-nin qeyri-rezidentə ödəyəcəyi 500 dollar texniki dəstək xidmətindən 85 manat vergi tutacaq:

500 x 10% = 50 dollar;
50 x 1,7 (kurs) = 85 manat.

Bu halda 18% ƏDV də hesablanacaq.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?