Aksiz vergisinin hesablanması necə tənzimlənir?
“Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Zahir Adıgözəlov müəssisələrin aksiz vergisi öhdəliklərini “vergiler.az”a şərh edir.
Aksiz vergi öhdəliyi Vergi Məcəlləsinin 190-cı maddəsi ilə müəyyən edilir. Məcəllənin 190.3-cü maddəsində göstərilib ki, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
- içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə - 4,8 manat;
- araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları - hər litrinə 4,8 manat;
- konyak və konyak materialları - hər litrinə 4,8 manat;
- şampan şərabı - hər litrinə 0,2 manat;
- şərablar və şərab materialları - hər litrinə 0,2 manat;
- pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli - digər içkilər hər litrinə 0,4 manat;
- siqarilla (nazik siqarlar) - 1000 ədədinə 45,5 manat;
- tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri - 1000 ədədinə 45,5 manat;
- energetik içkilər – hər litrinə 3,1 manat;
- siqarlar, o cümlədən ucları kəsilən siqarlar – hər bir ədədinə 1,0 manat;
- elektron siqaretlər üçün maye – hər litrinə 100,0 manat;
- bu maddədə nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) – hər litrinə 0,4 manat ;
- qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 22,0 manat;
- alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar - 1000 ədədinə 16 manat;
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri –hər bir ədədinə 2 manat.
Misal 1: Müəssisə 4.000 litr araq istehsal edərək istehsal binalarının hüdudlarından kənara çıxarıb. Şirkətin hesabat dövrü üzrə aksiz vergi öhdəliyini müəyyən edək:
Spirtin 1 litri üçün aksiz vergisinin 4,80 manat olduğunu nəzərə alsaq:
4.000 x 4.8 = 19.200 (aksiz vergi öhdəliyi).
Aksizin məbləğinin əvəzləşdirilməsi isə Vergi Məcəlləsinin 189.1-ci maddəsi ilə müəyyən edilir. Maddənin tələbinə əsasən, aksizli malları (xammal və materialları) alan və bu malları vergi tutulan digər aksizli malların istehsalı üçün istifadə edən şəxs xammal və materialları alarkən ödənilmiş aksizin məbləğini əvəzləşdirmək və ya geri almaq hüququna malikdir.
Məcəllənin 189.2-ci maddəsində göstərilib ki, bu maddəyə uyğun olaraq aksizin məbləği yalnız xammal və materialların istehsalçısı tərəfindən aksizin ödənildiyini təsdiq edən elektron qaimə-faktura, xammal və materiallar idxal edildikdə isə - müvafiq sənədlər vergi orqanına verildiyi zaman əvəzləşdirilir və ya geri qaytarılır. Sənədlər vergi orqanına verildikdən sonra 45 gün ərzində tutulmuş aksiz məbləği vergi ödəyicisinə qaytarılır.
İstehsalçı aksizli malı alıb, olduğu qaydada təqdim etdiyi halda aksizi əvəzləşdirmək hüququ yaranmır. Əvəzləşmə hüququnun yaranması üçün alınmış mallardan digər aksizli malların istehsalı məqsədi üçün istifadə edilməli, dəyəri nağdsız qaydada ödənilməli və elektron qaimə-faktura təqdim edilməlidir.
Misal 2: “AA” MMC araq istehsal etmək üçün elektron qaimə-faktura əsasında 2.000 litr içməli spirt alıb və bunun üçün (ƏDV və aksiz daxil ) 23.128 manat nağdsız ödəniş edib. Müəssisənin hesabat dövründə əvəzləşdirilməli olan və büdcəyə ödəməli olduğu aksiz vergisini müəyyən edək.
Spirtin 1 litri üçün aksiz vergisinin 4,80 manat olduğunu nəzərə alsaq:
23.128 : 1.18 = 19.600 manat (aksiz daxil );
19.600 x 18% = 3.528 manat (ƏDV);
2.000 x 4.8 = 9.600 (aksiz vergisi əvəzləşən);
23.128 – 3.528 – 9.600 =10.000 (əsas məbləğ).
Əgər şirkət malı alarkən dəyərini nağd qaydada ödəsə, o zaman aksizi əvəzləşdirmək hüququnu itirmiş olur.
Digər bir hal isə aksizli malların istehsalçıları, eyni zamanda, məcburi ƏDV ödəyiciləri hesab edilirlər (Vergi Məcəlləsi, maddə 154 ). Bu nöqteyi-nəzərdən, istehsalçı nağdsız ödəniş etməklə nəinki aksizi, həmçinin ƏDV məbləğini də əvəzləşdirmək hüququna malik olacaq.
- Müəssisə 4000 litr araq istehsal edib istehsal binasından kənara çıxardığı üçün 19.200 manat aksiz vergi öhdəliyi yaranır.
4.000 x 4.8 = 19.200 manat.
- Müəssisə 2.000 litr spirti elektron qaimə-faktura ilə alıb nağdsız ödəniş etdiyi üçün 9.600 manat əvəzləşdirilən aksiz vergisi yaranır.
2.000 x 4.8 = 9.600 manat.
- Yekun olaraq, hesabat dövründə büdcəyə ödənilməli aksiz vergisini müəyyən edək:
19.200 – 9.600 = 9.600 manat.
Onu da qeyd edək ki, aksiz bəyannaməsi hər ay üçün növbəti ayın 20-nə qədər təqdim edilməlidir. Hesablanmış vergi məbləği də həmin tarixədək büdcəyə ödənilməlidir.