Vergi ödəyiciləri hansı yeni elektron qaimə-fakturanı təqdim etməlidirlər?
Bu ildən Vergi Məcəlləsinin 70 və 71-ci maddələrinə yeni əlavələr edilib. İqtisadçı ekspert Anar Bayramov həmin yenilikləri “vergiler.az”a şərh edir.
Vergi Məcəlləsinin 70.2-4-cü maddəsinə əsasən, vergi ödəyicilərinin müraciətlərinə vergi orqanının cavabları elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Vergi ödəyicisinin müraciəti əsasında həmin cavabların kağız daşıyıcıda olan surəti ona verilir.
Maddənin tələblərindən göründüyü kimi, vergi ödəyicisi yanlız müraciət etdiyi halda vergi orqanı cavabların kağız daşıyıcıda olan surətini ona təqdim etməyə borcludur. Dəyişiklikdə digər məqsəd ondan ibarətdir ki, kağız daşıyıcıda olan surətin verilməsi hallarının azaldılması yolu vergi orqanı ilə vergi ödəyicisinin elektron sənəd dövriyyəsinə keçməsini təmin etməkdir. Sənəd dövriyyəsinin elektronlaşdırılması, operativliklə yanaşı, kağız sərfiyyatına qənaət, vaxt itkisi və maliyyə xərcinin azalmasına xidmət edəcək.
Bəs hansı halda vergi ödəyiciləri yeni elektron qaimə-faktura təqdim etməlidirlər?
Təcrübədə rast gəlinən problemlərdən biri də avans ödənişləri zamanı elektron qaimə-fakturanın tələb edilməsidir. Vergi ödəyicisi qarşı tərəfdən ona avans ödənilməsini tələb etdikdə, qarşı tərəf həmin bəndin müqavilədə olmasını mütləq tələb kimi qoyurdu. Bəzi vergi ödəyiciləri qarşı tərəfə bütün növ, o cümlədən avans ödənişlərinin yalnız elektron qaimə-faktura üzrə həyata keçirə biləcəklərini bildirirdi.
Vergi orqanı tərəflər arasında avans ödənişi zamanı bu cür problemlərin yaranmaması, həmçinin avans ödənişlərinə nəzarət baxımdan 1 yanvar 2024-cü il tarixdən yeni elektron qaimə-fakturanın tətbiq edilməsinə qərar verib.
Vergi Məcəlləsinə əlavə edilən 71-1.5.12-ci maddəyə əsasən, yeni elektron qaimə-faktura “Alınmış avans ödənişləri barədə” adlanır. Avans ödənişləri zamanı göndərilən elektron qaimə-faktura ilə bağlı bəzi vacib məqamları qeyd etmək istərdik.
Birinci məqam. Avans ödənişləri üzrə elektron qaimə-fakturanın göndərilmə vaxtı avansın alındığı gündür.
Misal 1: Vergi ödəyicisi qarşı tərəfdən 20 aprel 2024-cü il tarixdə avans ödəmək tələb edirsə, o zaman həmin tarixdə “Alınmış avans ödənişləri barədə” adlı elektron qaimə-fakturanı göndərməlidir.
İkinci məqam: “Alınmış avans ödənişləri barədə” elektron qaimə-fakturanın gec təqdim edilməsinə görə Vergi Məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmayıb.
Misal 2: Vergi ödəyicisi qarşı tərəfə avans ödənişləri üzrə elektron qaimə-fakturanı 10 yanvar 2024-cü il üzrə təqdim etsə də bu ödəniş 9 yanvar 2024-cü il tarixdə qəbul olunub. Bu zaman vergi orqanı tərəfindən avans ödənişləri üzrə elektron qaimə-fakturanın gec təqdim edilməsi üzrə hər hansı maliyyə sanksiyası tətbiq edilməyəcək.
Üçüncü məqam: Avans üzrə qaimə-fakturanın yalnız ƏDV ödəyiciləri tərəfindən təqdim olunması nəzərdə tutulmur. Bəzi həmkarlar hesab edirlər ki, avans ödənişləri üzrə ƏDV öhdəliyi yarandığı üçün yalnız ƏDV ödəyiciləri həmin sənəddən istifadə etməlidir. Amma istənilən mükəlləfiyyətə malik olanlar, o cümlədən sadələşdirilmiş və ya ƏDV ödəyicisi olmayan mənfəət (gəlir) vergisi ödəyiciləri də avans ödənişləri üzrə elektron qaimə-fakturadan istifadə etməlidir.
Dördüncü məqam: Avans ödənişləri üzrə elektron qaimə-faktura təqdim edilməsi malların təqdim olunması anlamına gəlmir.
Misal 3: Vergi ödəyicisi 2024-cü ilin aprel ayında təqdim edəcəyi 30.000 manatlıq mallar üzrə həmin ilin mart ayında 40 faizi həcmində, yəni 12.000 manat məbləğində elektron qaimə-faktura təqdim edib. Bu zaman vergi ödəyicisi aprel ayında malları təqdim edəndə 18.000 manat (30.000 manat (təqdim ediləcək malların dəyəri) – 12.000 manat (avans məbləği)) yox, təqdim edilən malların dəyəri – 30.000 manat məbləğində "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə" elektron qaimə-faktura təqdim edəcək.