12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisi ləğv olunduqda sahibliyində qalan mallar ƏDV-yə cəlb olunurmu?

Vergi Məcəlləsinin 159.6 və 166.3-cü maddələrində vergi ödəyicisi ləğv edildikdə sahibliyində qalan malların ƏDV-yə cəlb olunması qaydaları müəyyən edilir.

“Business Service Center” şirkətinin maliyyə və mühasibat işləri üzrə baş mütəxəssisi Təbriz Məmmədli qanunvericiliyin bununla bağlı öhdəliklərini “vergiler.az”a şərh edib:

Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim olunan mallar kimi qiymətləndirilir. Bu maddədən belə anlaşılır ki, vergi ödəyicisi əgər ləğv olunmamışdan əvvəl ƏDV-yə cəlb edilən mal alıb və ƏDV-ni əvəzləşdiribsə, ləğvolunma zamanı həmin malların dəyəri vergitutma obyekti sayılır. Yəni bu maddə vergi tutulan dəyəri deyil, vergi tutulan obyekti müəyyənləşdirir. Vergi tutulan obyekt müəyyənləşəndən sonra isə vergi tutulan dəyər formalaşır. Buradan sual yarana bilər ki, bütün hallarda əldə qalan mallara görə büdcəyə ƏDV hesablanıb ödənilməlidirmi?

Cavab olaraq Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsaslana bilərik. Malları ƏDV-yə cəlb olunan əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun qaydada ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməyibsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Başqa sözlə, mallar alınarkən ƏDV məbləği ödənilməsinə baxmayaraq ödənən ƏDV-ni vergi ödəyicisinin əvəzləşdirmə hüququ yoxdursa, Vergi Məcəlləsinin 159.6-cı maddəsi tətbiq olunmur.

Misal 1: Vergi ödəyicisi ləğvedilmə prosesindən əvvəl 20.000 manat dəyərində (ƏDV məbləği – 3.600 manat) mal alıb və aldığı malların ödənişini tam şəkildə edərək 3.600 manat ƏDV-ni əvəzləşdirib. Belə olan halda, əgər vergi ödəyicisi ləğv edilirsə və həmin alınan mallardan heç biri satılmayıbsa, 20.000 manatlıq dəyərində mal vergitutma obyekti sayılaraq 3.600 manat ƏDV hesablanaraq büdcəyə ödənilməlidir:

20.000 x 18% = 3.600 manat.

Əgər 20.000 manatlıq mallardan 10.000 manatlıq hissə satılmış olarsa, həmin halda yerdə qalan 10.000 manatlıq dəyərində mal vergitutma obyekti sayılaraq 1.800 manat ƏDV hesablanaraq büdcəyə ödənilməlidir:

10.000 x 18% = 1.800 manat.

Vergi Məcəlləsinin 166.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki gün vergi tutulan əməliyyatın vaxtı (o cümlədən malların (işlərin,xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə) sayılır.Yəni vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim olunan mallar kimi qiymətləndirilir və ləğvetmənin qüvvəyə mindiyi tarixdən bir gün əvvəl vergi tutulan əməliyyatın vaxtı sayılır.

Misal 2: Vergi ödəyicisinin qeydiyyatı may ayının 20-də ləğv edilib. Qeydiyyat ləğv olunarkən onun sahibliyində 5.000 manat dəyərində mal qalıb. Bu halda may ayının 19-u vergi tutulan əməliyyatın aparıldığı vaxt hesab edilir və 900 manat ƏDV məbləği may ayının ƏDV hesabatında büdcəyə hesablanmalıdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?