29 İyun 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Agentliyi: “Günəş enerjisi istehsalında yüksək artım gözləyirik” MƏQALƏ

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpaolunan enerji mənbələrindən istifadə Azərbaycan üçün hər zaman prioritet məsələlərdəndir. Ölkənin enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri bərpaolunan enerji mənbələrindən istifadənin daha da gücləndirilməsi, bu mənbələr hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialdan istifadə imkanlarının artırılmasıdır.

“Biz 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”, - deyən Prezident İlham Əliyev ölkəmizin bu mühüm yolu qət etməyə başladığını və qarşıya qoyulan hədəfə çatmağa iddialı olduğunu açıqlayıb.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Strateji təhlil və proqnozlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Cavid Babayevvergiler.az”a bildirib ki, Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə 27 QVt həcmində olan iqtisadi potensialı bu sahədə iri layihələrin icrasına imkan yaradır. Naxçıvan Muxtar Respublikası, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonlarının ərazisi günəş enerjisi üzrə yüksək potensiala malikdir. Araşdırmalara əsasən, Xızı, Abşeron, Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialının olduğu müəyyən edilib. İlkin qiymətləndirmələrə görə, işğaldan azad edilmiş ərazilərin günəş və külək enerjisi, o cümlədən hidroenerji üzrə zəngin potensialı var.

C.Babayevin sözlərinə görə, 2023-cü ilin sonunda, su elektrik stansiyaları da daxil olmaqla, bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt olub ki, bu da ümumi istehsal gücünün təxminən 20,3%-ni təşkil edib. Bərpaolunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi, bu potensialdan istifadə məqsədilə atılacaq addımlar və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər aparılır, xarici investorlar cəlb edilir. “Masdar”, “ACWA Power”, “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “Baltech” şirkətləri ilə Azərbaycanda bərpaolunan enerji layihələrinə dair müqavilələr imzalanıb və müvafiq tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonlarının
ərazisi günəş enerjisi üzrə yüksək potensiala malikdir. Araşdırmalara əsasən,
Xızı, Abşeron, Laçın və Kəlbəcərin dağlıq hissələrində
əlverişli külək potensialının olduğu müəyyən edilib

Agentlik rəsmisi xatırladıb ki, 2023-cü ilin 26 oktyabr tarixində BƏƏ-nin “Masdar” şirkəti ilə əməkdaşlıq çərçivəsində Xəzər regionunun və MDB məkanının ən böyük günəş elektrik stansiyası olan 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası istifadəyə verilib. 262 milyon ABŞ dolları dəyərində tikilən bu stansiya ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kVt/saat elektrik enerjisi istehsal olunmaqla 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. “Qaradağ” Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə günəş enerjisi istehsalında əhəmiyyətli artım qeydə alınıb. Energetika Nazirliyinin məlumatlarına əsasən, təkcə bu ilin birinci rübündə respublika üzrə günəş enerjisi istehsalı 89,5 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6,7 dəfə artım deməkdir: “Bu, onu deməyə əsas verir ki, növbəti aylarda günəş enerjisi istehsalında yüksək artımın şahidi olacağıq. Əlavə olaraq qeyd etmək yerinə düşər ki, 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və Cəbrayıl rayonunda tikiləcək 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası xarici investisiya cəlb edilməklə icra olunan layihələrdəndir. “Qaradağ” Günəş Elektrik Stansiyasının açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan hökuməti və BƏƏ-nin “Masdar” şirkəti arasında ümumi gücü 1000 MVt olan yaşıl enerji layihələri üzrə üç investisiya müqaviləsi imzalanıb. İnvestisiya müqavilələrinə əsasən, Biləsuvar rayonunda 445 MVt, Neftçala rayonunun Bankə qəsəbəsində 315 MVt gücündə günəş elektrik stansiyaları və Abşeron-Qaradağ rayonunda 240 MVt gücündə külək elektrik stansiyası layihələrinin icrası nəzərdə tutulur. Bu məqsədlə Nazirlər Kabinetinin 16 aprel tarixli müvafiq qərarları ilə Abşeron və Qaradağ rayonlarında 34,5 hektar, Neftçala rayonunda 973 hektar, Biləsuvar rayonunda 1454 hektar torpaq sahələri bərpaolunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilib”.

C.Babayev qeyd edib ki, bundan əlavə, Energetika Nazirliyi tərəfindən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə ilk bərpa olunan enerji hərracı elan edilib. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı ilə ayrılmış 300,77 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib. Azərbaycanda bərpaolunan enerji üzrə keçirilən ilk hərrac elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən azı 30%-ə çatdırılması ilə bağlı strateji hədəfə nail olunması, ölkəmizin COP29-a ev sahibliyi etməsi, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərdən biridir. Yaşıl enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq keçirilən hərracın məqsədi bu sahəyə özəl sektoru, o cümlədən xarici investisiyaları cəlb etməkdir.

Təkcə bu ilin birinci rübündə respublika üzrə günəş enerjisi istehsalı
89,5 milyon kVt/saat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə
müqayisədə təqribən 6,7 dəfə artım deməkdir

“Yaşıl enerjə keçid üçün 10 milyard dollar investisiya tələb olunur”

Enerji məsələləri üzrə ekspert Cəmil Məlikov hesab edir ki, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq üçün mövcüd elektrik şəbəkəsinin inkişafını və muasirləşdirilməsini təmin etmək, şəbəkənin gücünü qonşu ölkələrin şəbəkəsinə qoşmaqla potensialı artırmaq lazımdır. Onun sözlərinə görə, bu istiqamətdə infrastruktur layihələri həyata keçirilməli, uzunmüddətli investisiyalar cəlb olunmalıdır.

Ekspert bildirib ki, hökumətin strategiyasına görə, yaxın 10 ildə enerjinin 30 faizi yaşıl enerji olmalıdır. Bu məqsədə nail olmaq üçün təqribən 10 mlrd/kVt-saat enerji istehsal edilməli və qoyuluş gücü 5000 MVt olan stansiyalar tikilməlidir. Belə həcmdə stansiyaların inşası, əsasən, dəniz akvatoriyasında mümkündür. Bu iş üçün tələb olunan investisiyaların həcmi təxminən 10 milyard dollar olacaq. Dəniz akvatoriyası nəzərə alınmazsa, Azərbaycanda bərpaolunan enerji mənbələrinin potensialı 30.000 MVt-ə yaxındır ki, bu potensialın da təqribən 4 faizindən istifadə edilir.

Mütəxəssisin fikrincə, işğaldan azad olunmuş ərazilərdə alternativ enerji üçün sahələrin ayrılması yeni stansiyaların tikilməsinə imkan yaradır. Nəticədə qaza qənaət ediləcək və xarici ölkələrə qaz ixracı potensialı yüksələcək. Bununla yanaşı, karbon qazı tullantılarının həcmi azalacaq, yaşıl enerjinin ixracı imkanları, yeni iş yerləri yaradılacaq və ölkənin gəlirləri artacaq.

İlhamə İSABALAYEVA

VergiSəhm satışı ilə bağlı bank xərcləri gəlirdən çıxılırmı? VergiLizinq müqaviləsinə vaxtından əvvəl xitam verildikdə vergitutma məsələləri necə tənzimlənir? VergiVergi orqanı ölkədən kənarda əldə olunan gəlirləri müəyyən edə bilərmi? VergiKənd təsərrüfatı məhsulları istehsalçılarına verilən vergi güzəştləri VergiRegionlarda turizm obyektlərinə görə əmlak vergisinin ödənilməsi Ekspert RəyiXarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması VergiBöyük Vətən müharibəsi iştirakçılarının övladlarına hansı vergi güzəşti verilir? VergiƏDV-dən azadolunma haqqında e-sertifikat kimlərə verilir? VergiSəhiyyə müəssisəsinə ianə edilən vəsaitlərə vergi güzəşti VergiMövsümi turizm fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi öhdəlikləri