12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zamanı amortizasiya xərclərinin hesablanması

Mühasiblərin və sahibkarların diqqət verdiyi mövzulardan biri də əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və bununla bağlı amortizasiya məbləğinin hesablanmasıdır. Mövzu ilə bağlı “vergiler.az”a sərbəst auditor Altay Cəfərov nümunələr əsasında aydınlıq gətirir. 
 

Tutaq ki, “AA” MMC-nin balansında illik dəyəri 20.000 manat olan əsas vəsait vardır. Şirkət mənfəət vergisi ödəyicisidir və illər ərzində əsas vəsaitə 6.000 manat amortizasiya hesablanıb (amortizasiya norması 7%-dir), qalıq dəyəri isə 14.000 manatdır. MMC rəhbərliyi əsas vəsaitin yenidən qiymətləndirilməsi ilə bağlı qərara gəlib və qiymətləndirmədən sonra əsas vəsaitin balans dəyəri 18.000 manat olub. Bu halda “AA” MMC vergi uçotunu necə formalaşdırmalıdır?

İlkin olaraq, Vergi Məcəlləsinin 104-cü maddəsinə nəzər yetirməliyik. Məcəllənin 104.5-ci maddəsində göstərilib ki, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) mənfəət vergisinin vergitutma obyekti deyil. Maddədən aydın olur ki, bizim misalda yenidən qiymətləndirmədən yaranan (18.000 – 14.000) 4.000 manat fərq mənfəət vergisi üçün gəlir sayılmır, ancaq əsas vəsaitin dəyərini artırır.

Bəs qalıq dəyəri olan 14.000 manata amortizasiya hesablanmalıdırmı?

Bir çox hallarda mühasiblər yenidən qiymətləndirmədən sonra əsas vəsaitlərə amortizasiyanı tam məbləğə hesablayırlar və gəlirdən çıxırlar. Yəni, bizim misalımızda olan 18.000 manata amortizasiya hesablayırlar. Məsələyə tam aydınlıq gətirmək üçün Vergi Məcəlləsinin 114-cü maddəsinə nəzər yetirək.

Məcəllənin 114.6-cı maddəsinə əsasən, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

- əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Maddədən tam aydın olur ki, yenidən qiymətləndirmədən yaranan fərq amortizasiya hesablamaq üçün əsas vəsaitlərin qalıq dəyərinə əlavə edilmir. Deməli, balansda əsas vəsaitin dəyəri 18.000 manat olacaq, ancaq amortizasiya məqsədləri üçün qalıq dəyəri isə 14.000 manat kimi qalacaq. Odur ki, növbəti ildə gəlirdən çıxılan amortizasiya məbləği 1.260 manat yox, 980 manat olacaq:

14.000 x 7% = 980 manat.

Bəs yenidən qiymətləndirmədən formalaşmış 4.000 manatın aqibəti necə olacaq və həmin 4.000 manata da amortizasiya hesablana bilərmi?

Yenidən qiymətləndirmədən yaranan 4.000 manat əsas vəsaitlərin dəyərinə əlavə olunur və eyni zamanda kapitalda əks etdirilməlidir. Həmin məbləğə də 7% amortizasiya hesablanıla bilər. Bu halda, 280 manat kapitalın azaldılması kimi əks olunacaq:

4.000 x 7% = 280 manat.

Yəni, amortizasiya ayırmaları kimi əsas vəsaitin kapitalda olan hissəsindən də amortizasiya hesablanıla və kapitaldan azaldıla bilər.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?